Siyavuş Novruzovun “dövlət çevrilişi” iddiaları: Azərbaycanda real hadisələrin yoxlanması

Foto-kollaj: Meydan TV

Milli Məclisin son iclasında “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov “dövlət çevrilişinə cəhdlərdən” danışaraq bildirib ki, daxili qoşunlar həmin cəhdlərin qarşısını almaqda “qəhrəmanlıq göstərib”. Deputatın fikrincə, AXC-Müsavat cütlüyü beş dəfə dövlət çevrilişinə cəhd edib, daxili qoşunlar isə bu proseslərdə sabitliyi qoruyub.

Meydan TV bu iddianın hüquqi, tarixi və real əsaslarını yoxlayır.

“Dövlət çevrilişi” nə deməkdir?

Hüquqi və ensiklopedik mənada dövlət çevrilişi (coup d’état) – hakimiyyətin zorla, qanunsuz şəkildə, qısa müddətdə və adətən dövlət aparatının içindən (məsələn, hərbi və ya təhlükəsizlik strukturlarının iştirakı ilə) ələ keçirilməsi cəhdidir.

Azərbaycan qanunvericiliyində bu anlayış “konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlmiş fəaliyyət”, “dövlətə xəyanət” və “terror aktına hazırlıq” kimi maddələrlə ifadə olunur. Bu maddələr yalnız silahlı və ya zorakı məqsəd güdən fəaliyyətlər üçün tətbiq edilə bilər. (AR Cinayət Məcəlləsi, 31-ci fəsil, 278)

Tarixdə real çevriliş cəhdləri

Azərbaycanın müstəqillik dövründə yalnız iki hadisə real çevriliş cəhdi kimi tarixə düşüb:

  • 1993-cü ilin iyun hadisələri – Gəncədə hərbi qiyam nəticəsində hakimiyyət dəyişdi, prezident Əbülfəz Elçibəy istefaya getdi. Bu, klassik çevriliş nümunəsi sayılır.
  • 1995-ci ilin mart hadisələri – Xüsusi Təyinatlı Dəstəsi (OMON)  üzvləri və keçmiş Baş nazir Surət Hüseynov  bu cəhdlə əlaqələndirildi. Hadisə qanlı qarşıdurma ilə nəticələndi, çoxsaylı həbslər baş verdi.

Sonrakı illərdə ölkədə sübuta əsaslanan silahlı çevriliş cəhdi qeydə alınmayıb.

1995-ci il hadisələri: Avropa Məhkəməsinin qərarı

1995-ci il hadisələrinə görə yüzlərlə insan saxlanıldı, bəziləri mühakimə olundu, onlarla şəxsə “dövlət çevrilişi cəhdi” və “xəyanət” ittihamları verildi.

Avropa Şurasının və Avropa İnsan Hüquqları Məhkəməsinin sənədlərində həm Surət Hüseynovun, həm də OMON üzvlərinin həbsləri siyasi motivli hesab olunub.

Avropa Məhkəməsinin 2001-ci il tarixli qərarında qeyd olunur ki:

  • Hüseynovun Rusiyadan Azərbaycana ekstradisiyası qeyri-qanuni olub, çünki Rusiya yalnız iqtisadi cinayətlər üzrə təhvilə razı idi, lakin Bakıya gətirildikdən sonra ona “xəyanət” və “terrorizm” kimi siyasi ittihamlar irəli sürülüb – bu, beynəlxalq hüququn “xüsusilik prinsipi”nə ziddir; [ xüsusilik prinsipi – ekstradisiya olunmuş şəxsin yalnız təqdim olunan ittihamlarla bağlı məsuliyyət daşıyacağını, başqa cinayətlərə görə həbs, məhkəmə və ya üçüncü ölkəyə verilməyəcəyini təmin edir]
  • O və digərləri işgəncə altında ifadə verdiklərini bildiriblər, məhkəmə isə bu iddiaları araşdırmayıb;
  • 30-dan çox şahid ifadələrini geri çəkərək, zorla ifadə verdiklərini açıqlayıb;
  • Bu hallar Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncə qadağası) və 6-cı (ədalətli məhkəmə) maddələrinin pozuntusu kimi qiymətləndirilib.

Eyni dövrdə həbs olunan OMON dəstəsinin üzvləri barədə də Avropa Şurası Parlament Assambleyasının hesabatında onların bir qismi siyasi məhbus kimi tanınıb. Hesabatda qeyd olunur ki, “1995-ci il mart hadisələrinə görə məhkum edilmiş şəxslərin əksəriyyəti siyasi motivli məhkəmə proseslərinin qurbanıdır”.

Nəticədə, həmin iş üzrə məhkum edilmiş şəxslərin bir çoxu sonrakı illərdə azadlığa buraxılıb. Lakin OMON üzvlərinin bir hissəsi uzun illər həbsdə qalıb, bəziləri isə tam azadlığa çıxmadan vəfat edib.

Etiraz və çevriliş fərqi

Deputatın çıxışında AXC-Müsavat dövrünə istinadla beş dəfə çevrilişə cəhd edildiyi iddia olunur. Lakin faktlar göstərir ki, 1992–1993-cü illərdə baş verən Gəncə hadisəsi bir dəfə baş verib və hakimiyyətin dəyişməsi ilə nəticələnib. Hakimiyyətin dəyişməsi nəticəsində Heydər Əliyev hakimiyyətə gəlib.

Seçki saxtakarlığına, korrupsiyaya və ya avtoritarizmə qarşı keçirilən dinc etiraz aksiyaları hüquqi baxımdan dövlət çevrilişi sayılmır. Əgər aksiyada silahlı qrup, hərbi hissə və ya zorakı məqsəd yoxdursa, bu “hakimiyyətin zorla ələ keçirilməsi cəhdi” kimi qiymətləndirilə bilməz.

Yeni qanun layihəsi və “sabitlik” arqumenti

Hazırda müzakirədə olan “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi daxili qoşunlara “şəxsləri saxlamaq” səlahiyyəti verir.

Qanuna əsasən, daxili qoşunlar inzibati xəta və ya cinayət törətməkdə şübhəli bilinən şəxsləri, fövqəladə vəziyyət rejimini pozanları və axtarışda olanları saxlaya biləcək.

Ekspertlər bu dəyişiklikləri “polis səlahiyyətlərinin hərbiləşdirilməsi” kimi qiymətləndirir və xəbərdarlıq edir:

“Bu dəyişiklik dinc etirazlarda daxili qoşunların iştirakı üçün hüquqi əsas yaradır və vətəndaşlara qarşı zorakılıq riskini artırır”.

Nəticə

Dövlət çevrilişi anlayışı ilə dinc etiraz və siyasi müxalifət arasında hüquqi sərhəd çox aydındır.

1990-cı illərin real çevrilişləri hərbi strukturların iştirakı ilə baş verib.
Sonrakı illərdə isə “çevriliş” arqumenti tez-tez dinc etirazları və ya müxalif fəaliyyəti kriminalizə etmək üçün işlədilib.

Yeni “Daxili qoşunlar haqqında” qanun layihəsi bu tarixi təcrübə fonunda ictimai sabitliklə yanaşı mülki azadlıqların sıxışdırılması riskini də artırır.

Ana səhifəXəbərlərSiyavuş Novruzovun “dövlət çevrilişi” iddiaları: Azərbaycanda real hadisələrin yoxlanması