Hikmət Hacızadə: ”Qərb ölkələrində lobbiçiliyi rüşvətdən ayırmaq üçün böyük qanunvericilik bazası var”
Milli Məclisin cümə günü keçirilən plenar
iclası
nın bir hissəsi Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin sədri Səməd Seyidovun müdafiəsinə həsr edilib.
Deputat Siyavuş Novruzov öz çıxışı ilə S.Seyidovu müdafiə edən deputat həmkarları arasında fərqlənib.
“İslam dinində buyurulur ki, insanlardan malınızı, dövlətinizi əsirgəməyin. Biz də nə edirik ki? Əsirgəmirik. Hesab edirəm ki, bu istiqamətdə də işimizi davam etdirməliyik. Ölkəmizin maraqlarını təmsil etməliyik. Azərbaycan hansısa lobbiçilik fəaliyyəti ilə məşğul olubsa, burada qəbahət olan nədir? ABŞ və digər ölkələrdə hətta, lobbiçiliklə bağlı qanunlar da var” – S.Novruzov belə deyib.
Deputatın fikirlərini Meydan TV-ə şərh edən siyasi icmalçı Hikmət Hacızadə lobbiçilik və rüşvət verməyin fərqli şeylər olduğunu bildirib.
O qeyd edib ki, qərb ölkələrində lobbiçiliyi rüşvətdən ayırmaq üçün böyük qanunvericilik bazası var.
“Qanunvericilik bazalarında lobbiçiliyin rüşvətə çevrilməməsi üçün nə etmək lazım olduğu göstərilir. Yaxud hansı məqsədə görə hansı hədiyyələr və imtiyazlar edilə bilər, onların miqdarı, həcmi nə qədər olacaq, eyni zamanda, bunların müqabilində qarşı tərəf nə istəyəcək. Lobbiçilik çox böyük problem olmaqla bərabər demokratiyanın instrumentidir. Ona görə lobbiçiliyə diqqət böyükdür”.
Hikmət Hacızadə deyir ki, Siyavuş Novruzovun açıqlaması Səməd Seyidovu təkzib edir:
“Baxın, Səməd Seyidov rüşvət vermədiyini, ümumiyyətlə, bu işlərdə əli olmadığını iddia edir. Ancaq Siyavuş Novruzov o cür açıqlaması ilə Seyidova bərabət qazandırır və onu təkzib edir”.
Lobbiçilik qrup və ya şirkətin öz mənafelərinə əsasən, hökumətin qanunvericiliyi prosesinə təsir etmək təşəbbüsüdür. Bu, lobbiçiliyin qərb ölkələrində mövcud olan terminidr. Lobbiçilik ilk dəfə Amerikada yaranıb, 1950-ci ildən lobbiçilik haqda qanunlar olsa da, 1990-cı illərə qədər lobbiçilik neqativ anlamda işlənilən bir termin olub. Həmin ildən daha sistemli və nizamlı qanunlar qəbul edilib.
Mayın 16-da AŞPA Prosedur Qaydaları Komitəsinin Səməd Seyidov da daxil olmaqla dörd deputata qarşı sanksiyaların tətbiqi barədə
məlumat
yayıb.
Həmin deputatlar heç bir mövzu, ölkə üzrə məruzəçi, AŞPA komitəsinin və ya sub-komitənin sədri və sədr müavini ola bilməzlər. Eyni zamanda, AŞPA-nın prezidenti vəzifəsinə namizədliklərini irəli sürə bilməzlər:
Onlar Avropa Şurasını və onun komitələrini heç bir tərəf qarşısında təmsil edə bilməzlər. Bundan əlavə bu deputatların Nazirlər Komitəsinə sual vermək hüquqları əllərindən alınır.
S.Seyidova qarşı sanksiya 2 il müddətinə tətbiq edilib.