”Milli Şuranın Şahin Mirzəli adlı üzvü olmayıb”
“Ermənistandan sığınacaq istəyən Şahin Mirzəli Milli Şuranın üzvü olub. O, Azərbaycanda 2013-cü ildə keçirilən prezident seçkilərində Milli Şuranı dəstəkləyib. İndi də Ermənistandan sığınacaq alıb”, – deputat Siyavuş Novruzov “Report”a belə deyib.
O, hazırda kimlərin satqın olduğunun aydın göründüyünü deyib:
“Satqınlar Azərbaycana rəhbərlik etmək eşqinə düşüb. Onların ətrafında olanlar bu gün Ermənistan vətəndaşlığını böyük məmnuniyyətlə qəbul etmək istəyənlərdir. Bu cür vətən xainlərinə qarşı mübarizə aparmalıyıq, qətiyyətli olmalıyıq. Biz bunlara son qoymalıyıq”.
Meydan TV deputatın açıqlamasıyla bağlı Milli Şuranın üzvü, AXCP sədrinin müavini Gözəl Bayramlıya müraciət edib.
G.Bayramlı deputatın söylədiklərinin tamamilə əsassız və yalan iddia olduğunu bildirib. Milli Şuranın və AXCP-nin Şahin Mirzəli adlı üzvünün olmadığını deyib:
“Mən Şahin Mirzəlini sosial şəbəkələrdən tanımışam. Vaxtilə Müsavat Partiyasının fəalı olub. Sonradan partiyadan imtina edib. Əleyhinə ittihamlar irəli sürüb. Sonrakı fəaliyyəti isə hamıya bəllidir. Bu adam separatçı olduğunu gizlətməyib. Belə bir adamın siyasi yönümünə diqqət göstərməkdən çox, onu bu yola vadar edən, məqsədinin nə olduğunu araşdırmaq daha doğru olardı”.
G.Bayramlı hesab edir ki, Şahin Mirzəlinin hərəkətləri vətənə və dövlətə xəyanətdir:
“Elə araşdırma da bu istiqamətdə olmalıdır, nəinki müxalifəti ittiham etmək”.