Deputat Siyavuş Novruzov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi ilə bağlı açıqlama yayıb. Bildirib ki, onu toya Ramiz Mehdiyev dəvət edib.
Siyavuş Novruzov "Facebook" sosial şəbəkəsində yaydığı açıqlamasında yazıb ki, o, toya dəvət edildiyi zaman aldadılıb. Ona Prezident İlham Əliyevin toya izin verdiyini söyləyiblər:
"Mən Ramiz Mehdiyevin dəvət zəngi zamanı möhtərəm Prezident İlham Əliyevin adını çəkdiyinə görə toyda iştirak təklifini tərəddüdsüz qəbul etmişəm və sözügedən mərasimdə ailəlikcə iştirak etmişik. Çünki mən hər zaman ümummilli liderimizin layiqli davamçısı olan cənab Prezidentimizə sədaqətlə xidmət etmişəm və onun yolunda hər cür mübarizəyə, hətta ölümə də getməyə hazıram".
Siyavuş Novruzov bildirir ki, sonradan ölkə başçısının toydan xəbərsiz olduğunu bilib:
"Sonradan məlum oldu ki, bizi ailəlikcə toya dəvət edərkən “Cənab Prezidentdən icazəsini almışam” deyən Ramiz Mehdiyev səhv məlumat verib. Hətta məclis zamanı onun “Cənab Prezident bu gün səhər zəng edərək təbriklərini və xoş arzularını çatdırıb” deməyi də həqiqəti əks etdirmir. Yəni cənab Prezident İlham Əliyevin bu toy məclisindən xəbəri olmayıb. Bir sözlə, bizi aldadıblar".
Sonda deputat bildirir ki, Ramiz Mehdiyevin uzun illər ərzində fəaliyyəti zamanı onunla münasibətləri kifayət qədər soyuq olub:
"Mənim bütün fəaliyyətim boyu karyera inkişafım sırf ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı olan möhtərəm cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ramiz Mehdiyevin isə mənim siyasi fəaliyyətimdə və karyeramda hər hansı bir rolu olmamışdır, hətta o, bəzi məsələlərdə qarşımı kəsib".
Siyavuş Novruzov yerli mediaya toyda iştirakı ilə bağlı ilk açıqlamasında dəvət edilən toya getməyin vacib olduğunu bildirmişdi:
“İnsan insandır. Dost dostdur, düşmən düşməndir. Bu ağsaqqal adamdır, akademiyanın prezidentidir, məni dəvət edib toyuna. Mən indi necə getməyim ora? Onda mən şərəfsizlik paltarını geyinməliyəm və camaatın arasına şərəfsiz kimi çıxmalıyam. Mən kişiyəm”.
Karantin qaydalarını pozduğu üçün deputata təmsil olunduğu Yeni Azərbaycan Partiyası tərəfindən töhmət elan edilib. O, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə olunub.
5 gün əvvəl, avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev qızına toy edib. Sosial şəbəkələrdə həmin toyla bağlı videolar yayılıb. İnsanlar həmin videoları sərt tənqid edib və toyda iştirak edənlərin cəzalanmasını tələb ediblər.
Yerli saytların məlumatına görə, adıçəkilən şəxslərdən bəzisi toyda iştirakını inkar etməyib. Eyni zamanda, Abşeron Rayon Məhkəməsinin qərarı ilə Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 15 sutka müddətinə inzibati qaydada həbs olunublar.
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı martdan bəri toylara qadağa qoyulub.