Siyavuş Novruzov: Oturublar xaricdə, Azərbaycan ordusu, əsgəri haqqında yazırlar

Hərbi ekspert: ”Hakimiyyət hərbi sahədə şəffaflığı və hesabatlılığı təmin etməlidir”

Source:


Hərbi ekspert: ”Hakimiyyət hərbi sahədə şəffaflığı və hesabatlılığı təmin etməlidir”

“Sosial şəbəkələrdə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatın tələb edilməsi zəruridir”

Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Report”-un məlumatına görə, deputat bildirib ki, ölkədə internet tam şəkildə azaddır: “İstənilən adam istədiyini təhqir edir, başa düşmür ki, bunu hər kəs oxuyur. Saxta profil açıb istədiyi fikri yazır. Burada məsuliyyət müəyyənləşdirilməlidir. Xaricdə hər hansı bir portal yaradıb Azərbaycanın ordusu, əsgəri ilə bağlı yazılar yazırlar. Sonra ordan götürüb o xəbərləri verənlər var. Görürsən ki, onlar hansısa bir formada ölkədən qaçanlardır. Bu informasiyalar cəmiyyətə təsir edir”.

O, həmçinin əlavə edib ki, bu, ciddi məsələdir:

“Dünyanın idarə olunması informasiya üzərində qurulub. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun qəbul olunması önəmli məsələdir. Yəni, informasiya təhlükəsizliyi vacib məsələdir. Bu qanun layihəsini bir qədər də sərtləşdirməliyik”.

Deputatın fikirlərini Meydan TV-ə şərh edən Almaniyada yaşayan hərbi ekspert,

bloqunun

rəhbəri Cəsur Sümərinli deyib ki, nə qədər Azərbaycanda medianın və QHT-lərin azad fəaliyyətinə şərait olmayacaq, jurnalistlər, blogerlər, müxalif fikirli siyasətçilər və aktivistlər həbsxanada qalacaq, ölkədə gerçək diktatura rejimi və korrupsiya tüğyan edəcək, o zamana qədər də Azərbaycanın problemləri barəsində sosial şəbəkələrdə daha çox yazılacaq:

Cəsur Sümərinli

“Sosial şəbəkələr, bloqlar, ümumilikdə onlayn media bu gün cəmiyyətin müxtəlif nümayəndələrinin cəlb olunduğu yeganə azad platformadır və bunu məhdudlaşdırmaq mümkün deyil. Hansısa məhdudlaşdırıcı addımlar barədə düşünmək Azərbaycan hakimiyyətinin bir daha azad sözün qarşısını zoraki metodlarla almaq niyyətini göstərir və əminəm ki, uğursuz olacaq.

Hərbi sahədə olan problemləri işıqlandıran bloqumda əsas məqsəd Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda təmsil olunan strukturların cəmiyyət qarşısında hesabatlılığına, şəffaflığına nail olmaqdır. Büdcənin ən azı 20 faizi hərbi sahəyə ayrılır və burada söhbət milyardlardan gedir. Bunun necə istifadə olunmasını cəmiyyətdən gizlətmək ən böyük qanun pozuntusudur. Bunun neqativ nəticələri isə özünü əsgər ölümlərində, hərbi rəhbərliyin məsuliyyətsiz addımlarında göstərir. Ona görə də sosial şəbəkələrdə, onlayn mediada hərbi mövzunun aktual olması təbiidir. Bunun qarşısını hansısa məhdudlaşdırıcı addımlarla almaq mümkün olmayacaq. Həll yolu var: hakimiyyət hərbi sahədə şəffaflığı və hesabatlılığı təmin etməlidir. Daha geniş mənada isə ölkədə azad medianin və QHT-lərin fəaliyyətinə imkan yaradılmalıdır, siyasi məhbuslar azad olunmalıdır”.

Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz isə qanunun bu qədər sərtləşdiriləcəyini gözləmədiyini deyir:

“Düzü, bu dərəcədə olacağını gözləmirdik. Cəmiyyətin bütün sahələrinin sosial mediaya inteqrasiya etdiyi bir zamanda, ölkəmizin indiki inkişaf səviyyəsində bu cür yanaşmalar təəssüf doğurur.

Əlbəttə, bütün dünyada olduğu kimi bizdə də təhlükəsizliklə bağlı problemlər var. Və bunun aradan qaldırılması, qarşısının alıması ilə bağlı da yetərincə tədbirlər görülür, qanunvercilk aktları qəbul edilib və elə bu gün də edilməkdədir.

Osman Gündüz

Düşünürəm ki, təhlükəsizliklə əlaqəli qurumların peşəkarlığını artırmaq, maarifçiklik işləri aparmaq, sosial medianın faydalı tərəflərini inkişaf etdirmək, “Facebook”, “Google” və s. bu kimi qlobal resurslarla əməkdaşlıq etmək, onları ölkəmizə dəvət etmək, onlarla informasiya münasibətlərini qaydaya salmaq daha doğru yanaşma olardı.

Təhlükəsizlik məqsədilə özünün milli sosial şəbəkəsinin yaradılmasına üstünlük verən ölkələr, hətta internet resurs hazırlamaqla bağlı polisdə qeydiyyatdan keçməyi tələb edən ölkələr olmuşdu. Amma bu tipdə təşəbbüs eşitməmişdim.

Heç arzulamazdım ki, ölkəmizin indiki inkişaf səviyyəsində bu tip fikirlər səslənsin.

Arzulayıram və ümid edirəm ki, Siyavuş bəyin növbəti çıxışından sonra münasibət bildirmək üçün jurnalistlər mənə “ 5G-yə icazə ilk olaraq kimə veriləcək”, “ Adambaşına düşən internet sürəti nə zaman 1 Gb/san olacaq”, “Dronlardan ölkəmizdə istifadəyə nə zaman icazə veriləcək”, “ÜDM-də İKT-nin xüsusi çəkisi nə zaman 10% olacaq ” , “PayPal niyə Azərbaycana yetərincə diqqət göstərmir” və s. bu kimi suallar da ünvanlayacaqlar”.

Ana səhifəXəbərlərSiyavuş Novruzov: Oturublar xaricdə, Azərbaycan ordusu, əsgəri haqqında yazırlar