Siyavuş Novruzov Mərkəzi Bank rəhbərliyinin partiya üzvü olmasını istəyir

Ələsgər Məmmədli: ”Siyavuş Novruzov partiya deyəndə YAP-ı nəzərdə tutur”

Foto: arxiv
Siyavuş Novruzov
Siyavuş Novruzov


Ələsgər Məmmədli: ”Siyavuş Novruzov partiya deyəndə YAP-ı nəzərdə tutur”

“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməlidir”.

Milli Məclisin mayın 12-də keçirilən növbədənkənar plenar iclasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat müvafiq qanunun 8-ci (Siyasi partiyada üzvlük) maddəsinə bəzi dəyişikliklərin edilməsini təklif edib:

“Həmin maddədə göstərilir ki, maliyyə orqanlarının nümayəndələri siyasi partiyaların üzvü ola bilməzlər. Bu, düzgün deyil. Həmin şəxs partiya üzvü olsa, nə olacaq ki? Başqa bir məsələ də Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinə siyasi partiya üzvü olması ilə bağlı qadağadır. Həmin adamlar partiya üzvü olsalar, təşkilata pul verəcək, kredit ayıracaqlar? Bu maddəyə dəyişiklik edilməlidir”.

Hüquqşünas Ələsgər Məmmədli deputatın təklifini formal sayır və bunun müzakirəsinə ehtiyac da görmür:

“Ümumiyyətlə, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri partiya üzvü olanda, nə dəyişəcək, yaxud, partiyanın qərarı olanda nə edə biləcəklər ki? Partiyalı olmayan deputatlar kimin mənafeyini müdafiə edib? Güman ki, Siyavuş Novruzov partiya üzvü deyəndə, bir partiyanı, YAP-ı nəzərdə tutur”.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Hüquqşünas qeyd edib ki, istənilən şəxs siyasi baxışlarını açmaya bilər.

“Amma dövlət, xüsusilə tərəfsiz qurumlarda çalışanlarla bağlı məhdudiyyətlər qoyula bilər. Azərbaycan elə bir ölkədir ki, fərqli siyasi dünyagörüşü olanlar narahatlıq keçirir və ya basqı altına düşə bilir. Hətta müstəqil deputat olsa belə, yenə də çoxluğun mənafelərini qorumaq məcburiyyətində qalır, yaxud da elə istəyirlər. Ona görə də bunlar formal bir şeydir”.

Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Bank haqqında” qanuna istinad edərək bildirib ki, Mərkəzi Bank müstəqildir. Dünyanın əksər ölkələrində Mərkəzi Bank hökumətdən asılı olmayaraq müstəqil statusa malikdir.

“Aparıcı iqtisadçılar bunu belə əsaslandırırlar ki, xalq tərəfindən seçilən hökumət xalqın səslərindən asılı olduğundan dövriyyədəki pul kütləsinin artırılmasında maraqlıdır, xüsusən də seçkiöncəsi. Hökumət isə pulu Mərkəzi Bankdan götürür, amma bu gedişat inflyasiyaya aparır. Mərkəzi Bankın əsas məqsədi inflyasiya ilə mübarizə aparıb qiymətlərin sabitliyinə nail olmaqdır”.

O deyib ki, əgər Mərkəzi Bank İH-nin üzvləri hakim partiya üzvləri olsalar, faktiki bu təşkilatın populist addımlarını dəstəkləmək üçün təminatsız pul emisiyasını gerçəkləşdirə bilərlər ki, bu da inflyasiyaya aparar. Mərkəzi Bank rəhbərliyi müxalifət partiyasının üzvləri olsalar, əks gedişat olar, zərər vurarlar.

“Ona görə Mərkəzi Bankın işi siyasi mübarizədən asılı olmamalıdır”.

Əkrəm Həsənov
Əkrəm Həsənov

Əkrəm Həsənov xatırladıb ki, müvafiq qanunvericlikdə Mərkəzi Bank rəhbərliyi ictimai birliyin də üzvü olmamalıdır.

“Ancaq Elman Rüstəmov Şahmat Federasiyasının prezidentidir, bu isə qanuna ziddir. Çünki federasiya ictimai birlikdir. Məsələn, bir neçə il əvvəl Federal Ehtiyatlar Sisteminin sədri ABŞ prezidenti və xanımıyla yanaşı oturması kəskin tənqidə məruz qaldı. Çünki Federal Ehtiyatlar Sistemi müstəqil qurumdur. Bu mənada deputatın yanaşması düzgün deyil. Əksər ölkələrdə Mərkəzi Bankın rəhbərliyinin səlahiyyət müddəti parlamentin və hökumətin səlahiyyət müddətindən çox olur. Burda məqsəd onların seçkilərdən, siyasi proseslərdən asılı olmamasıdır”.

Ana səhifəXəbərlərSiyavuş Novruzov Mərkəzi Bank rəhbərliyinin partiya üzvü olmasını istəyir