Mənbə: google

Siyavuş Novruzov: “Koronavirus yoxdur” deyənlər də cəzalandırılmalıdır

Milli Məclis “karantin və maska cərimələri”ni ikiqat artırdı – 10 min manatadək cərimə tətbiq olunacaq

“Bəziləri informasiyalar yayır ki, siz qanunu pozun, cənab Prezident və Mehribar xanım Əliyeva həmin cərimələri ödəyəcək. Evin üstündə çıxıb domino oynayan şəxsin cəriməsin niyə Prezident və xanımı ödəməlidir?”

Milli Məclisin növbədənkənar sessiyasının iyunun 29-da keçirilən iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov belə deyib.

O bildirib ki, kimlərinsə qanunu pozması nəticəsində insanlar xəstələnirsə, cərimələr daha da sərtləşdirilməlidir.

“Biz vətəndaşlardan xahiş edirik ki, 30 qəpik verib maska alsın və cərimə ödəməsin. Bu, həm də onların sağlamlığının qorunmasıdır. Hər birimiz intizamlı olmalıyıq. Bəzən bunu başqa cür qələmə vermək istəyənlər də var. Bəziləri sosial şəbəkələrdə yazır ki, pandemiya yoxdur. Hesab edirəm ki, koronavirusla əlaqədar şayiə yayanlar barədə də ölçü götürülməlidir” – S.Novruzov bildirib.

Əhliman Əmiraslanov: “Yoluxanların sayı 50 faiz artıb”

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, son 14 gün ərzində Azərbaycanda koronavirusa yoluxanların sayı 50 faiz artıb:

“Bu, çox ciddi bir rəqəmdir. Yoluxmanın sayının artması Azərbaycan səhiyyə sisteminə ciddi təzyiq edir. Səhiyyə sisteminin güclü olması hələ ki, bunu nəzarətdə saxlaya bilir”.

İclasa sədrlik edən Sahibə Qafarova da deyib ki, son vaxtlar koronavirusa yoluxanların sayında artım müşahidə edilir.

“Buna səbəb bəzi vətəndaşlar tərəfindən sanitariya və epidemiya əleyinə rejimin, sanitariya və gigiyena, karantin rejiminə ciddi riayət edilməməsidir. Bu qaydalara bir sıra hallarda etinasızlıq göstərilir. Bununla əlaqədar Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi qanun layihəsi hazırlayıb”.

Karantin rejiminin pozanları 200-10000 manat cərimə gözləyir

Daha sonra inzibati Xətalar Məcəllənin 211-ci maddəsində (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) nəzərdə tutulan cərimələrin iki dəfə artırılması barədə layihə səs qoyularaq təsdiq edilib.

İndiyədək bu əmələ görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbslə cəzalandırılırdı.

Hüquqi şəxslər isə bu əmələ görə 2000 manatdan 5000 manatadək məbləğdə cərimə edilirdi.

Təklif edilən dəyişik layihəsində inzibati həbsin müddəti dəyişməz qalsa da, dəyişiklik qüvvəyə mindikdən sonra sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 3 min manatdan 4 min manatadək, hüquqi şəxslər isə 4 min manatdan 10 min manatadək məbləğdə cərimə ediləcək.

Maska taxmayanların cəriməsi də ikiqat artırıldı

Bundan başqa, tənəffüs yollarını qoruyan maskada istifadə etməməyə görə cərimələrin də məbləği iki dəfə artırılıb.

Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilirdi.

Dəyişikliyə görə, həmin qaydanın pozulmasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

Bu əməlin bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 yüz manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə ediləcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına əsasən, Azərbaycan ərazisində karantin rejiminin müddəti avqustun 1-dək artırılıb.

Yoluxmanın daha yüksək olduğu bildirilən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində isə iyuluin 5-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wa226f

Ən çox baxılan