İclasda Şamaxı rayonu Şaqiyan kəndinin adı dəyişdirildi
“Yaz sessiyasında işğaldan azad edilən ərzailərimizdə bələdiyyələrin formalaşdırılması ilə bağlı plan hazırlayacağıq”.
Milli Məclisin dekabrın 15-də keçirilən iclasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov belə deyib.
O bildirib ki, illərdir ki, həmin ərazilərdən olan vətəndaşlar seçmək və seçilmək hüququndan məhrum olublar və bu hüquq təmin edilməlidir.
Vətən müharibəsindən sonra yaranan siyasi vəziyyətə toxunan deputat ictimai və yaradıcı şəxsləri aktiv olmağa çağırıb:
“Əsgərlər görünən düşmənlə vuruşub, ancaq indi görürük ki, görünməyən düşmənlərimiz də fəaliyyətə başlayıb. Mən siyasi partiyaları, deputatları, blogerləri onlarla mübarizədə aktiv olmağa çağırıram. Biz erməni vəhşiliyini dünya ictimaiyyətinə təqdim etməli, həmçinin də Azərbaycanın qələbəsini dünyaya çatdırmalıyıq. Pikassonun "Keramika" əsəri var. Yazıçı bir əsərlə Keramika şəhərinin dağıdılmasını bütün dünyaya çatdıra bildi. Bizim yaradıcı şəxslər də bu işdə aktiv rol oynamalıdır”.
İclasda Şamaxı rayonunun Saqiyan kəndinin adının dəyişdirlərək Günəşli kəndi adlandırılması barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Azərbaycan Preziudentinin təşəbbüsü ilə Milli Məclisə daxil olan layihəni təqdim edən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Şamaxı rayonu sərhəd təmas xəttindən kənarda yerləşməsinə baxmayaraq inzibati ərazisindəki Saqiyan kəndinin adı Azərbaycan etnosu, milli-irsi dəyərləri, xalqımızın tarixi, coğrafiyası, yerli əhalinin məişəti ilə heç bir bağlılıq daşımır:
“Toponimiya komissiyası ilə müvafiq məsləhətləşmələr aparıldıqdan sonra, sakinlərin də istəyinə uyğun olaraq coğrafi ərazi baxımından güney ərazidə yerləşən kəndin Günəşli adlandırılmasının məqsədəuyğun hesab edildiyini diqqətə çatdırıb. Günəşli sözü həm də xoşbəxt, sevinc dolu, fərəhli və işıqlı mənalarını özündə əks etdirir”.
Həmçinin “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsi əsasən, Şamaxı rayonu Saqiyan bələdiyyəsinin Günəşli bələdiyyəsi ilə əvəz edilməsi müzakirəyə çıxarılıb.
Hər iki layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.