Siyavuş Novruzov: Bugünkü Müsavatla o biri Müsavat tamamilə başqa-başqa şeylərdir

Source:


Arif Hacılı: ”Bu, mübarizəmizə kölgə salmaq deməkdir”

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin plenar iclasında hazırda fəaliyyət göstərən Müsavat partiyasının Məmməd Əmin Rəsulzadənin yaratdığı Müsavat partiyasının varisi olmasına etirazını bildirib.

“Bu Azərbaycan xalqının tarixidir. Bu Azərbaycana məxsusdur. Kimsə adını götürüb həminki dövrdə olan partiyanın adı ilə adlandırırsa, bu, o partiya deyil. Müsavat Partiyası Azərbaycan Xalq Cümhuriyyətində olan Azərbaycan xalqının tarixinə aid olan partiyadır. Bugünkü Müsavatla o biri Müsavat tamamilə başqa-başqa şeylərdir. O vaxtı bunlara bu partiyanı etibarnamə ilə veriblər ki, onu idarə etsinlər? Xeyr. Bu Azərbaycan xalqının partiyasıdır və ona görə də qarışıqlıq salıb, ümumi işə xələl gətirməyin tərəfdarı deyiləm”, – S.Novruzov deyib.

Nüfuzumuz hakimiyyət nümayəndələrini narahat edir

Deputatın bəyanatına cavab olaraq Müsavat Partiyasının başqanı Arif Hacılı Meydan TV-ə deyib ki, indiki partiyanın cümhuriyyəti bərpa edən Müsavatla əlaqəsinin olmadığını bəyan etmək şanlı mübarizəmizə kölgə salmaq deməkdir.

O qeyd edib ki, bolşeviklərin Azərbaycanı işğalından sonra Müsavat Partiyası fəaliyyətini dayandırmayıb və 1937-ci ilə qədər gizli fəaliyyət göstərib.

“Sonra Avropa ölkələrində fəaliyyət davam edib. Məmməd Əmin Rəsulzadədən sonra da partiyanın strukturlarına rəhbərlər və başqanları seçilib. 1936-cı ildə isə Müsavat Partiyası yeni proqramını qəbul edib”, – A.Hacılı deyib.

Arif Hacılı
Arif Hacılı

Partiya başqanı xatırladıb ki, 1930-cu ilə qədər Azərbaycanda güllələnən 48 min insanın əksəriyyəti müsavatçılar olub.

“Müsavatçılar həbs düşərgələrində mərdlikləri ilə tarixə adlarını yazıblar. Həmin müsavatçıların davamçıları, 1980-ci illərin sonu 90-cı illərin əvvəllərində Türkiyədə olan şəxslər partiyanın bərpası üçün bizə müraciət ediblər. Biz də Azərbaycan fədailərinin iştirakı ilə Müsavat Partiyasını bərpa etmişik. Bu yaxınlarda partiyamızın 106 yaşı tamam oldu. Görünür, Müsavat Partiyasının 100 il əvvəlki tariximizdə oynadığı rol, cümhuriyyətçilik ideyalarını qoruması, təbliğ etməsi, nüfuzumuz hakimiyyət nümayəndələrini narahat edir. Siyavuş Novruzovun da bəyanatının səbəbi budur”, – A.Hacılı bildirib.



Müsavatın tarixi

Müsavat Partiyasının əsası 1911-ci ildə Məmməd Əmin Rəsulzadə tərəfindən qoyulub.

Partiyanın ilk proqramı 9 maddədən ibarət olub.

1915-ci ilin oktyabr ayında M.Ə.Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan “Açıq söz” qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub. Qəzet mətbuat tariximizdə “Türk ədəbi dili ilə” çap olunan ilk mətbu orqandır.

1917-ci il iyunun 17-də müsavatçılar, “Difai” Gəncə Milli Komitəsinin aparıcı şəxsləri Nəsib bəy Yusifbəylinin, Həsən bəy Ağayevin, Şəfi bəy Rüstəmbəylinin, Xasməmmədli və Şeyxzamanlı qardaşlarının yaratdıqları “Türk Ədəmi-mərkəziyyət firqəsi” ilə birləşərək “Türk Ədəmi-mərkəziyyət firqəsi Müsavat”ın əsasını qoyublar.

Partriyanın ilk qurultayı 1917-ci il oktyabrın 26-31-də Bakıda, “İsmailiyyə” binasında keçirilib.

1918-ci il mayın 28-də Tiflisdə Müsavat Partiyası (30 nəfər sayla) bir neçə azsaylı partiya ilə birgə Azərbaycan İstiqlalını elan etdi. Milli Şuranın sədri vəzifəsinə M.Ə. Rəsulzadə seçildi.

1920-ci ilin aprelində Azərbaycan işğal olunduqdan sonra Müsavat Partiyası gizli mübarizəyə başlayır.

1936-cı ilin avqustunda Müsavat Partiyasının konfransında Partiyanın “Yeni Proqram Əsasları” qəbul edilir.

1991-ci ilin iyununda Müsavatın qurultayında Nəsib Nəsibzadə Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilir. 1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilmiş və İsa Qəmbər Partiyanın 5-ci başqanı seçilir.

27 sentyabr 2014-cü ildə Müsavat Partiyasının qurultayında Arif Hacılı partiyanın 6-cı başqanı seçilir.

Ana səhifəXəbərlərSiyavuş Novruzov: Bugünkü Müsavatla o biri Müsavat tamamilə başqa-başqa şeylərdir