Siyavuş Novruzov: Biz insanların evinə gələn çörəkpulunu kəsməyə başlamışıq

Qüvvədə olan qanuna görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Source:


Deputatlar əlilliyin ləğv edilməsini tənqid ediblər

“Əlilliyi ləğv olunan insanlara heç olmasa 2 ay kompensasiya verilməli, iş yeri müəyyən edilməlidir”.

Deputat Siyavuş Novruzov Milli Məclisin iclasında əlilliyin təyini ilə bağlı qanunvericiliyə dəyişiklik layihəsinin müzakirəsində çıxış edərkən belə deyib.

O qeyd edib ki, əlilliyin ləğv edilməsi ilə bağlı addımların qəti əleyhinədir: “Bu gün bir insan təqaüd alır, səhər ləğv edirlər. Bu insanın dolanışığı təqaüdlədir. Dövlətimiz işləməyənlərə 190 manat verdiyi bir vaxtda biz insanların evinə gələn çörəkpulunu kəsməyə başlamışıq. Bu məsələdə ciddi iş aparılmalıdır. Onların böyük hissəsi sosial pensiyaya yönəldilməlidir. İkincisi, əlilliyin dəqiqləşməsində problemlər var, bu proses çox çətin gedir”.

O, Qarabağda döyüşməyən şəxslərin Qarabağ əlillərinin adından istifadə etməsinin cəmiyyətdə çox böyük problemlər yaratdığını da qeyd edib: “Ola bilər onlar avtomobil qəzasında əlil olublar. Onlar da əlildir, amma Qarabağ əlillərinin reyestrinin yaradılmaması bu kimi hallara gətirib çıxarır”.


“Yarım il ərzində 23 min adamın əlilliyi ləğv edilib, buna görə kim məsuliyyət daşıyır?”

Deputat Sahib Alıyev ötən ayın əvvəlində 18 qazinin təkrar əlilliyi yoxlanılarkən 9-nun əlilliyinin ləğv edildiyini diqqətə çatdırıb.

"Bu addımların insanları çətin vəziyyətə salmaq üçün atıldığını deyə bilmərəm, amma eyni zamanda bir sıra halda sadəcə mexaniki hallara da yol verildiyi görünür. Yarım il ərzində 23 min adamın əlilliyi ləğv edilib. Buna görə kim məsuliyyət daşıyır? Bu, niyə səsləndirilmir? İkincisi, Türkiyədə müharibə əlillərinə, qazilərinə adi insanlardan fərqli yanaşma tətbiq edilir. Bu yanaşma bizdə də tətbiq edilə bilər”, – Sahib Alıyev belə deyib.

sahib-seçki-1.jpg
Sahib Alıyev


"Yeni dəyişikliklərlə korrupsiyanın qarşısı maksimum alınacaq"

Deputat Rüfət Quliyev isə deyib ki, burada ən böyük problem insanların işlə təmin edilməməsidir: “Bu insanlara seçim verilməlidir. Xüsusilə 3-cü qrup əlillər özünüməşğulluq proqramı çərçivəsində işlə təmin edilə bilər. Ayda 300-400 manat müavinətin əvəzinə, bu şəxslər özünüməşğulluq proqramı çərçivəsində işləyərək, bəlkə də, iki dəfə artıq pul qazana biləcəklər. Bu insanlarla individual qaydada söhbətlər edilməlidir. İkincisi, adi əlillə müharibədən qayıdan əlil eyni deyil. Xahiş edirəm, bununla əlaqədar fikrimizi formalaşdıraq. Biri hansısa bədbəxt hadisə nəticəsində, digəri könüllü müharibəyə gedərək əlil olur. Yeni dəyişikliklərlə korrupsiyanın qarşısı maksimum alınacaq, amma bütün əlillərin bundan razı qalacağını deyə bilmərəm”.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə deyib ki, qanunda müharibə əlilləri və adi əlillərə heç bir fərq qoyulmamalıdır: "Bu fərqin qoyulması əlillərlə bağlı qoşulduğumuz beynəlxalq konvensiyaya ziddir. Müharibə əlillərinə ayrıca imtiyazlar müəyyən edilməlidir, Azərbaycanda da bu şəxslərə 15-ə qədər imtiyaz müəyyən edilib. Onların aldığı pensiya dəfələrlə çoxdur, Prezident təqaüdü alanlar da var”.

Rüfət Quliyev
Rüfət Quliyev


“Haqsız ləğv olunan əlillik dərəcələri bərpa edilməlidir”

Deputat Əli Məsimli bildirib ki, dəyişikliklər 630 mindən çox insanın taleyini həll edir: "Dəyişikliklərin əlavə problemlər yaradacağı, yoxsa əlilliklə bağlı mövcud problemin aradan qaldırılmasına kömək edəcəyi sual doğurur. Bu dəyişikliklərin əlilliyi olan insanların aldığı müavinətin artmasına təsir göstərib-gəstərməyəcəyi də sual doğurur. Əlilliyin qiymətləndirilməsi ilə bağlı elektron sistem mükəmməl deyil. Bu da əlavə problemlər yaradır. Digər tərəfdən, əlilliyi ləğv edilən, saxta əlillik dərəcəsi alan insanları günahlandırırlar, amma bu rəqəm minlərlə ölçülürsə, bunun günahını aidiyyəti orqanlar daşıyır”.

Qazilərin əlilliyinin müəyyən edilməsi ilə bağlı problemlərin hələ də qaldığını deyən deputat xüsusi səyyar komissiyalar yaradılmasınıda təklif edib: “Əlilliyi haqsız ləğv olunanların əlillik dərəcələri bərpa edilməlidir”.

40219-1542102846.jpg
Əli Məsimli


“Yəni 200 minə yaxın insanın əlilliyi ləğv ediləcək?”

Deputat Qüdrət Həsənquliyev bildirib ki, pianoçu, tarzən bir barmağını itirirsə, bütün əmək qabiliyyətini itirir və buna görə də, o şəxslərə I qrup əlillik dərəcəsi verilməlidir:

“Hansısa professorun bir barmağını itirməsi ilə, rəssamın bir barmağını itirməsi eyniləşdirilməməlidir. Həm də burada bizə məlumat verilməlidir ki, bu dəyişikliklərlə hökumət nə qədər vəsaitə qənaət edəcək. Yəni 200 minə yaxın insanın əlilliyi ləğv ediləcək? Burada məqsəd daha az insana sosial müavinət, daha az insana əlillik dərəcəsi verməkdir. Əslində, məqsəd bu olmamalıdır. Qanunsuz əlilliyi təyin edən şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir. Bu sənədlər çoxdan Baş Prokurorluğa göndərilməliydi”.

Qüdrət Həsənquliyev foto google.az
Qüdrət Həsənquliyev


“Kasıb və aztəminatlı təbəqə haqda verilən ləğv qərarlarını dayandırmaq lazımdır”

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, indiyədək 90 min insanın pensiyası ləğv edilib: "Həmçinin 17 min nəfərin əlillik dərəcəsinin ləğv edildiyi açıqlanıb. O cümlədən, 2016-cı ildə Nazirlər Kabinetinin təkrar müayinə qarşısında olan 250 min şəxsin 2021-ci ilədək müddətinin uzadılması və cari ildə onların yenidən tibbi baxışa qayıtması, həmin şəxslərin də yekunda 60-70 mininin artıq əlillik reyestrindən çıxarılacağının anonsu bizi qayğılandırmaya bilməz. Biz vətəndaşlarımızın sağlamlıq durumuna diaqnoz qoyarkən 2022-ci ildən qüvvəyə minəcək indiki daha humanist və çoxçeşidli qaydalarla deyil, haqsız olaraq tam əksəriyyətinə “saxta” deyib vətəndaşımızı yarğıladığımız, birtərəfli qaydada onu günahkar çıxardığımız, beləliklə, ciddi gərginlik mənbəyinə çevirdiyimiz və insanları sosial qəyyumluq, müftəxorluqda suçlandırmağa səbəb olan hazırkı ləğv qərarları ilə üzə-üzə qoymuşuq”.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda əlilliyi olan şəxslərin əksəriyyəti kasıb və aztəminatlı təbəqədir: "Onlar haqqında verilən ləğv qərarlarını dayandırmaq lazımdır".

Zahid Oruc
Zahid Oruc


"Şikayətlərin əlindən həyətə çıxıb maşınlara otura bilməyəcəyik”

Deputat Razi Nurullayev də dəyişikliklərin ciddi problemlərə yol acacağını deyib: ““Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanuna təklif edilən dəyişikliklərin xeyli hissəsi mütərəqqi olsa da, əlilliyin bu şəkildə faizlə müəyyən edilməsi düzgün deyil. Ola bilsin ki, bu, digər ölkələrdə özünü doğruldub, bizdə isə bu bir korrupsiya və ədalətsizliyə yol açacaq. Əlilliyin faizlə müəyyən edilməsi əyriliklərə və rüşvətxorluğa imkan yaradacaq”.

O qeyd edib ki, xalqı 1%-in əsirinə çevirmək lazım deyil: “Şikayətlərin əlindən, cənab deputatlar, həyətə çıxıb maşınlara otura bilməyəcəyik. Əlilliyin təyinat məsələsini iki hissəyə bölmək lazımdır: Görünən, yəni təsbit olunan əlillik (bura bədən orqanlarını itirmiş şəxslər daxildir) və daxili xəstəliklər ucbatından verilən əliliklər. Ən çox incitmələr gözlə görünə bilməyən xəstəliklər ucbatından olacaq. Belə düşünürəm ki, bədən üzvlərini itirməyən şəxslər üçün əlillik almaq çətinləşdirilir".

55554426_2422951921309737_3766900332517392384_o-1-1024×736.jpg
Razi Nurullayev


Əlilliyin təyin olunması qaydası dəyişir

Dəyişiklik layihəsinə əsasən, ənənəvi 3 əlillik dərəcəsi deyil, orqanizmin funksiyalarının 30%-dən yuxarı itirilməsinə görə qiymətləndiriləcək: “Bu dəyişikliyin əhəmiyyəti ondan ibarətdir ki, mövcud 3 əllilik dərəcəsi əlilliyə münasibətdə diferensiallıq tətbiq etmək üçün kifayət etmir. Yaxın gələcəkdə sosial müavinət və pensiya təminatının faizlər səviyyəsində dəqiq diferensiallaşdıırlmasına imkan yaradılacaq. Bu dəyişikliklər zərfi qəbul edildikdən sonra "Sosial müavinətlər” və "Əmək pensiyaları haqqında" qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur. Yaxın gələcəkdə aparılacaq islahatların növbəti mərhələsində pensiyaların və müavinətlərin orqanizmin funksiyalarının pozulma faizinə uyğun şəkildə artırmaqla, əlilliyi olan şəxslərin sosial müdafiəsini, daha ədalətli və etibarlı şəkildə təmin edə biləcəyik", – komitə sədri Musa Quliyev deyib.

Dəyişikliyə əsasən, “I dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”, “II dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 61-80 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”, “III dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 31-60 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər” anlayışı ilə əvəzlənir.

Əlilliyin müəyyən edilməsi qaydası da dəyişir.

Qüvvədə olan qanuna görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Yeni layihəyə əsasən isə şəxsin orqanizminin funksiyalarının itirilməsi faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) gün müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 gün müddətinə uzadılmaqla keçiriləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Qəbul ediləcəyi təqdirdə, qanunun 2022-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.

Ana səhifəSiyasətSiyavuş Novruzov: Biz insanların evinə gələn çörəkpulunu kəsməyə başlamışıq