“Xalq artisti deyilik ki, “İnstagram”da və digər yerlərdə özümüzü reklam edək”
"Kimlərsə özünə Milli Məclis hesabına xal qazanmaq istəyir. Biz xaricdə oturub Milli Məclisə qarşı qarayaxma kampaniyası aparanlarla mübarizə aparaq, yoxsa öz daxilimizdəkilərə qarşı?"
Milli Məclisin plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov belə deyib.
O bildirib ki, bəzi deputatlar Milli Məclisin əleyhinə çıxış edirlər:
"Həmkarım Fazil Mustafa mətbuata açıqlamasında deyib ki, islahatlar Milli Məclisdən başlamalıdır. Səbəb kimi də göstərir ki, sosial şəbəkədə fəaliyyət göstərməsinə Milli Məclis tərəfindən əngəlllər törədilir. Hansı deputatın sosial şəbəkədə olmasına qarşı çıxılıb? Jurnalistlərdən soruşuram, kimə hansı yazının dərc olunub-olunmaması ilə bağlı tapşırıq verilib? Kim hansı yazını istəyir, özü də yazır”.
Komitə sədri həmkarlarını bu kimi məsələlərdə fikir səsləndirən zaman məsuliyyətli olmağa çağırıb:
"Hər kəs öz fikrində, rəyində oturduğu stola hörmət etməlidir. Xalq səlahiyyət verib ki, onun maraqlarını təmsil edəsən. Xalq artisti deyilik ki, “İnstagram”da və digər yerlərdə özümüzü reklam edək. Hərənin öz sahəsi üzrə işi var. Deputatın da işi seçicilərlə işləməkdir. Deputatın işi seçicilərin maraqlarını təbliğ etməkdir, özünün deyil… Hər bir kəs bu məsələyə ciddi yanaşmalıdır. Milli Məclisdə hamının marağı olmalıdır".
Deputat ad çəkmədən başqa həmkarlarını da tənqid edib:
"Bəzi deputatlar deyir ki, tənqidlərə cavab vermirik, onların səviyyəsinə düşmək istəmirəm. Təndiq və ya təhqir edənin səviyyəsinə düşmək istəmirsən, alimsənsə, alim səviyyəsində, yazıçısısan, yazıçı səviyyəsində cavab ver. Biz demirik ki, gedin söyün, etikadan kənar, ölkəmizin milli maraqlarına zidd fikir söylə. Azərbaycanda internet və mətbuat azaddır, fikir və söz, sərbəst toplaşmaq azadlığı təmin olunub. Qanunun tələbləri çərçivəsində hamı bunu yerinə yetirə bilər. Heç kəs qanundan kənar bir addım da ata bilməz”.
S.Novruzov oktyabrın 19-da Bakının mərkəzində mitinqə cəhdlə bağlı da danışıb və bunu "qeyri-qanuni addım" adlandırıb:
"Bir qrup Azərbaycanı istəməyən, xalqın, dövlətin əleyhinə, erməni lobbisi ilə əlbir olanlar ölkəmizdə sabitliyi pozmağa cəhd etdilər, xalq-iqtidar birliyinə xələl gətirməyə çalışdılar".
S.Novruzov Milli Məclis deputat həmkarlarını da bu məsələyə münasibət bildirməyə, mövqelərini ortaya qoymağa çağırıb. O vurğulayıb ki, hüquq-mühafizə orqanları bu mitinqlə bağlı araşdırma aparmalı və hər kəs mövqeyini ortaya qoymalıdır.