Azər Qasımlı: Siyavuş Novruzovun fikirlərinə ciddi yanaşmağa ehtiyac yoxdur
“Azərbaycanda siyasi baxışlarına görə həbs olunan yoxdur. Kimsə qanun pozuntusuna yol verirsə, məsuliyyətə cəlb edilə bilər. Burada onun siyasi kimliyi önəmli deyil”.
Bunu “Report”a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının da hansısa üzvü əməlinə görə həbs edilə bilər: “Burada son sözü məhkəmə deyir. Bəzən elə adamların adlarını çəkirlər ki, sanki, dünyaca tanınmışdırlar. Onlar da sadə vətəndaşlardır, fərqləndirməyə ehtiyac yoxdur. Kiminsə siyasi partiya və ya təşkilat üzvü olması onu məsuliyyətdən azad etmir. Hər kəs qanun qarşısında bərabərdir, kim hansı əməli törədirsə, qanun qarşısında cavab verməlidir”.
Meydan TV-yə danışan REAL sədrinin siyasi məsələlər üzrə katibi Azər Qasımlı bildirib ki, o, YAP-çı deputatın fikirlərinə ciddi yanaşmır: “Bu partiyanın nə parlamentdə bir fraksiyası var, nə də hökumətdə portfelləri var. Ümumiyyətlə, onların hansı dəyərlərin daşıyıcısı olması da məlum deyil. Ona görə Siyavuş Novruzovun fikirlərinə ciddi yanaşmağa ehtiyac yoxdur”.