Siyavuş Novruzov: Azərbaycanda Avropa Məhkəməsinin icra olunmayan minlərlə qərarı var

YAP-çı deputat Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı çıxardığı qərarından danışıb

Source:


YAP-çı deputat Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı çıxardığı qərarından danışıb

“Bəzi qüvvələr həm Avropa Şurası, həm qərb mediası, həm də digər qurumlarda Azərbaycan əleyhinə sistemli iş aparırlar. Bunu İlqar Məmmədovun həbsini qabartmaqla edirlər. İlqar Məmmədov olmasaydı, başqa adam tapacaqdılar. Söhbət budur”.

Gununsesi.info-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov belə deyib.

O, bu gün Azərbaycanda Avropa Məhkəməsinin icra olunmayan minlərlə qərarının olduğunu söyləyib:

“Üstəlik, Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı verdiyi qərarından sonra Azərbaycan məhkəmələri işə yenidən baxıb. Yəni prosedur yenidən başlayıb. Odur ki, məlum məhkəmə qərarını müzakirə etmək doğru deyil”.

Siyavuş Novruzov İlqar Məmmədov söhbətinin sadəcə Azərbaycana təzyiq vasitəsi olduğunu düşünür:

“Nəyə görə bir milyon qaçqın-köçkünün hüquqları unudulur? Bir neçə nəfərə görə niyə Azərbacana belə münasibət sərgilənir? Avropa Şurasından fərqli olaraq, biz öhdəliklərimizə sadiqik. Bu gün Azərbaycan vətəndaşları Dilqəm, Şahbaz öz torpaqlarında girovdurlar. Avropa Şurası ölkələrin suverenliyini tanıyan qurum kimi niyə Ermənistanı onları azad etməyə məcbur etmir? Axı, bu insanlar Ermənistan ərazisinə getməyiblər. Eyni məntiqlə BMT-ni göstərmək olar. 4 qətnamə 24 ildir ki, icra olunmur”.

Vəkil Fuad Ağayev Meydan TV-yə bildirib ki, Avropa Məhkəməsinin İlqar Məmmədovun birinci şikayəti haqda qərarı tam icra olunmayıb. Ancaq müəyyən edilən təzminat İlqar Məmmədova ödənilib:

“Qərarın mahiyyəti onda idi ki, İlqar Məmmədov qanunazidd şəkildə, siyasətçi kimi susdurulmaq məqsədi ilə həbs olunub. Bu isə Avropa Konvensiyasının 5 və 18-ci maddələrinin pozuntusudur. Belə hallarda cavabdeh dövlət müvafiq şəxsi azad edir. Əfsuslar olsun ki, Azərbaycan bu addımı atmayıb. Ümumiyyətlə, işə yenidən baxılma söhbəti də olmayıb. Avropa Məıhkəməsinin qərarı əsasında, İlqar Məmmədovun işinə yenidən baxılmayıb”.

Vəkil Fuad Ağayev
Vəkil Fuad Ağayev

Vəkil bildirib ki, Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət edən orqan olan Avropa Şurası Nazirlər Komitəsi də İlqar Məmmədov haqda 10-dan çox qərar və qətnamə qəbul edib. Bu sənədlərdə İlqar Məmmədovun qeyd-şərtsiz azad olunması göstərilib. Əgər qərar icra edilməyibsə, o məsələnin yekunlaşmasından danışmaq düzgün deyil:

“İkinci, bəlkə bəziləri İlqar Məmmədovun məhkəməyə qədər həbsi məsələsi ilə onun məhkumluğu məsələsini qarışdırırlar. Bizim Avropa Məhkəməsində ikinci şikayətimiz də var. Bu, İlqar Məmmədovun siyasi məqsədlərlə məhkum edilməsi ilə bağlıdır. Bu şikayətin verilməsi o demək deyil ki, Azərbaycan birinci şikayət üzrə qərarı icra etməməlidir”.

Oktyabrın 25-də Avropa Şurası Nazirlər Komitəsi açıqlama verərək Azərbaycanla bağlı Avropa Konvensiyasının 46.4 maddəsilə prosedura başlayacağını bildirib. Səbəb Avropa İnsan Haqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarının Azərbaycanda icra edilməməsidir.

Nazirlər Komitəsi Azərbaycana qarşı Avropa Konvensiyasının 46 maddəsi ilə öz öhdəliyini yerinə yetirməmə məsələsini qaldıra bilər.

Bu, bir növ Azərbaycana xəbərdarlıqdır. Növbəti addımlar da gələ bilər.

Avropa Şurasının 68 illik tarixində hələ heç bir ölkəyə 46-cı maddə ilə öz öhdəliyini yerinə yetirməmə məsələsi tətbiq olunmayıb. Ona görə həmin prosedurun başlamasının Azərbaycan üçün hansı nəticələri ola biləcəyi barədə hələlik heç kəs konkret fikir söyləyə bilmir.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələrin ilə bağlı həbsə alınıb. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəməmin qərarı ilə 7 il azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərSiyavuş Novruzov: Azərbaycanda Avropa Məhkəməsinin icra olunmayan minlərlə qərarı var