Siyavuş Novruzov Amnistiya aktının verilməsini təklif edib

”Qızıl amnistiya olsa Cümhurriyyətin 100 illiyinə layiq sayılacaq”

Source:


”Qızıl amnistiya olsa Cümhurriyyətin 100 illiyinə layiq sayılacaq”

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin fevralın 1-də plenar iclasında Amnistiya aktı verilməsi təklifi ilə çıxış edib.

YAP-çı deputat xatırladıb ki, indiyə qədər Azərbaycanda 63 əfv fərmanı və sərəncamı imzalanıb, 11 amnistiya qərarı verilib.

S.Novruzov prezident İlham Əliyevə müraciət edərək növbəti amnistiya aktının qəbul olunmasını xahiş edib:

“Bu il həm ümumilli lider Heydər Əliyevin 95 illiyi, həm də Azərbaycan Xalq Cümhurriyyətinin 100 illik yubileyidir. Bu amnistiya aktı Qarabağ müharibəsində iştirak edənlərə, himayəsində azyaşlı uşaq olan qadınlara, yaşı 70-dən çox olan şəxslərə, radikal dini cərəyanlara qoşulmamış dindarlara şamil edilməlidir”.

YAP-çı deputat deyib ki, Azərbaycanda siyasi məhbus yoxdur:

“Azərbaycandakı siyasi partiyalar, hüquq müdafiə təşkilatları sübut edib ki, siyasi məhbus siyahıları saxtadır. Azərbaycanda sözə, siyasi baxışa görə həbs edilən yoxdur. Bəzi beynəlxalq təşkilatlar bundan istifadə etməyə cəhd göstərirlər. Bəzən adı üç adamın yanında hallanmayan şəxsi prezidentliyə namizəd kimi təqdim edirlər. Biz bütün bunlara son qoymalıyıq”.

Spiker Oqtay Əsədov isə bildirib ki, amnistiya aktı ancaq Cinayət Məcəlləsinin maddələri üzrə şamil edilə bilər. Müxtəlif kateqoriyalara aid olan şəxsləri isə prezident əfv sərəncamı ilə azadlığa buraxılır.

Deputat Qüdrət Həsənquliyev də həmkarının təklifini dəstəkləyib.

O bildirib ki, 2018-ci il eks-prezident mərhum Əbülfəz Elçibəyin də 80 illik yubileyidir. Deputat geniş amnistiya aktının milli maraqlarımız baxımından çox vacib olduğunu deyərək, dövlət əleyhinə və xüsusilə ağır cinayətlər törətmiş şəxslər istisna olmaqla, digərlərinin azadlığa buraxılmasının mümkün olduğunu vurğulayıb.

Eldar Zeynalov

Meydan TV-ə danışan Hüquq müdafiəçisi Eldar Zeynalov Əfv Komissiyasına çoxlu müraciətin olduğunu xatırladaraq 100-ə yaxın sənədə baxıldığını deyib:

“Görünür, Novruz Bayramı ərəfəsində əfv fərmanı imzalanmayacaq. Amnistiya aktına isə çoxlu məhbusun adı salınır. Məsələ ondadır ki, əfv ərizəsi yazmayanları siyahıya daxil etmirlər. Ən azı ya vəkilləri, yaxud yaxınları müraciət etməlidir. Bütün hallarda siyahıda siyasi məhbuslar olacaqsa, onda çoxlu məhbus azad olunacaq. Amma əvvəlcədən heç nə demək istəmirəm, gözləyək”.

Onun həmkarı Rəsul Cəfərov Siyavuş Novruzovun təklifi ilə tanış olduğunu və ümumi baxımdan müsbət qiymətləndirdiyini dedi:

“Siyavuş Novruzovun təklifi belə təəssürat yaradır ki, bu dəfə fərqli amnistiya olacaq və belə aktları “Qızıl amnistiya” adlandırırlar”.

Rəsul Cəfərov

Rəsul Cəfərov istərdi ki, Amnistiya aktına hazırda həbsdə olan və Qarabağda döyüşən şəxslər də daxil edilsin. Siyavuş Novruzov çıxışında bu məsələyə toxunub. O cümlədən, qadın siyasi məhbuslar var ki, deputat bu barədə də danışıb:

“Əgər belə bir qərar olacaqsa, Cümhurriyyətin 100 illiyinə layiq sayılacaq və “Qızıl amnistiya” hesab olunacaq. Məsələ ondadır ki, əvvəlki amnistiya aktları siyasi məhbuslara şamil olunmayıb, yalnız həbs müddətinin bitməsinə az qalmış bir neçə nəfərin adı siyahıya daxil edilmişdi. Biz istərdik ki, Azərbaycanda siyasi məhbus problemi tamamilə həll edilsin, bu, mümkündür”.

R.Cəfərov qeyd edib ki, əslində, “Qızıl amnistiya” vasitəsilə əksər siyasi məhbuslar azadlığa çıxa bilər.

“1990-cı illərin sonlarında, 2007, 2013-cü illərdə həbs olunanlar var, onların arasında ömürlüklər, dindarlar, İlqar Məmmədov, İlkin Rüstəmzadə və digərlərinin adlarını çəkmək mümkündür. Əgər təklif dediyimiz kimi olacaqsa, cəmiyyət bəhrələnəcək, əks təqdirdə yarımçıq sənəd olacaq ki, əvvəlki illərdə biz bunu görmüşük”.

Ana səhifəXəbərlərSiyavuş Novruzov Amnistiya aktının verilməsini təklif edib