Siyasiləşdirməyin-2

Yaxşı oğlan, yeyib-içən oğlan dost-aşna üçün göydəndüşmədir. Ölkə başçılığı üçünsə…

Source:

Yazının birinci hissəsini qəliz yazsaydım, ya da azərbaycan dilində yox, tutaq ki, erməni dilində yazsaydım, bəziləri tərəfindən anlaşılmamasını başa düşərdim. Amma çox şükür aydın, səliqəli və azərbaycan dilində yazdığımı bildiyim üçün “başa düşməyənlər”ə “yığışdırın bu artistliyi” deməkdən başqa çarə qalmır. Yoxsa zəka problemləri var?

“Yazıçı siyasiləşməməlidir”, “siyasi partiya funksioneri kimi danışmamalı və davranmamalıdır”, “siyasi ritorikadan uzaq olmalıdır” kimi aydın, şərhə ehtiyac duymayan ifadələri “yazıçı, sənətçi ölkədə və cəmiyyətdə yaşanan ədalətsizliklərlə barışmalıdır” kimi yozanların zəka problemini nəzərdə tuturam. Ola bilərmi?

Sənətçilərin siyasi partiya funksionerlərinin ritorikasını mənimsəmələri, siyasi partiya və liderlərini bu qədər müzakirə etmələri onların ziyanına işləyir. Demək istədiyim bu idi. Hakimiyyətdən başqa bu siyasiləşmə heç kəsə sərf etmədi. Vətəndaşın oyanışını, şüurlanmasını, gözünün açılmasını istəməyən siyasi hakimiyyətə, bizim müxalifət-iqtidar diskursunda qalmağımız sərf edir. Çünki bu diskurs onların nəzarətindədir. Moderator onlardır, yön verən onlardır, bu çərçivəni cızan və bizi bu çərçivədə saxlayan da onlardır. Müxalifət də, iqtidar da vahid bir sistemin parçalarıdır, aralarında ahəngli qarşıdurma və qaydalar üzrə oynanılan bir oyun var. Toplumun həqiqi oyanışında heç biri maraqlı deyil. Kültür müxalifətində heç biri maraqlı deyil. Onları qınamalı da deyil – onların mahiyyəti budur. Öz işlərini görürlər və bu işdə tək deyillər – dünyanın gedişatı belədir. Bəs bizə nə düşüb ki, onların işləri bizə, biz də onların işlərinə bu qədər sirayət etmişik?

Keçən dəfə maarifçilik və maarifçilərdən yazmışdım. İstəyirəm mövzunu davam etdirəm. Bu missiyanın nəticəsi ikinci, üçüncü dərəcəli məsələdir. Bu haqda da çox danışılıb, yazılıb. Üsyan bayrağını qaldırıb dağla, daşla, xalqla, ənənələr ilə davaya girişən maarifçilərin dərdi nəticə görmək idimi? Görəsən onlar da “nağd olsun, soğan olsun” düşüncəsi ilə yazıb-yaradırdılar? Çar Rusiyasının, sovetlərin onlardan, onların da Çar Rusiyası və sovetlərdən yararlandığını inkar edə bilmərik. Tarixi və coğrafi faktorlar bu qarşılıqlı faydalanmanı şərtləndirirdi.

Proses tısbağa sürəti ilə getsə də, hər halda azərbaycanlılar bu gün 100-120 il əvvəlki azərbaycanlılar deyil. Ona qalsa sovetlər Türkmənistana, Tacikistana da girmişdi. Azərbaycanda açdıqları məktəbi, kitabxananı, konservatoriyanı oralarda da açmışdılar. Faydası oldumu? Sənin Axundovun, Zərdabin olmadıqdan sonra, Sovet gətirib Maya Plesetskayanı mərkəzi meydanında rəqs etdirsə də sən opera-baletin nə olduğunu anlamayacaqsan. Təkamül zəncirinin ortasında ilişib qalmış varlığa məktəb, kitabxana, teatr fayda etməz. Daxilindən işıqlı biri çıxıb öncə özünü, sonra obiriləri islah etməlidir.

Xalq olaraq biz bu prosesi keçmişik. Pis-yaxşı, tam-yarımçıq – hər nə isə, axır ki, keçmişik. Baxın, bu gün azərbaycanlılar uşaqlarını məktəbə göndərirlər, çuxada, araxçında, yaxalıqda, çadrada gəzmirlər, ən azından-ən azından pis yaxşı tualetdən istifadə edə bilirlər, barmaqlarını poxa batırıb divarlara yazı yazmırlar, şəkil çəkmirlər, imza atmırlar artıq. İndiki gənclər bilməz, amma ictimai tualetlərdə belə bir dövr olub.

Görürsünüz, yavaş-yavaş adam olurlar. Buna da şükür etmək lazımdır. Bunların necə böyük nailiyyət olduğunu başa düşürsünüz? Başa düşmürsünüzsə Xəzərin o tayına, Türkmənistana boylanın, bizim əslimizi orda görün. Görün ki, bu torpaqlarda müəyyən şəxslər yetişməsəydi və müəyyən proseslər getməsəydi, biz hansı səviyyədə olacaqdıq. Hesabınızı götürün.

Amma o kişilərin heç biri ciddi nəticə görmədən bu dünyadan köçdülər. Biz isə tələsirik. Yolun uzun və ağrılı olduğunu görüb, işi siyasətə daşımağa, tez-bazar siyasi müxalifəti hakimiyyətə gətirməyə və arzularımızı reallaşdırmağa hesablanan planlar qururuq. Qısa yoldan güya hədəfə çatmaq istəyirik. Hansısa məqamda üzümüzə gülə, hətta özlərinə baş tacı da edə bilərlər. Gerçək isə odur ki, Azərbaycanın siyasi səhnəsində bizi həzm edəcək, bizə dəyər verəcək heç kim yoxdur. Biz yetimik. Öz nəslimizi, öz gəncliyimizi, öz vətəndaşımızı yetişdirməliyik, vaxtımızı və enerjimizi bu xırda söhbətlərə xərcləməməliyik.

Görüləcək hələ çox iş var. Azərbaycanlılar hələ də özlərini ifadə etməkdə çətinlik çəkirlər. Azərbaycanlılar qəribə səslər çıxarırlar, danışmırlar. AzTV-nin pafoslu leksikonu, məmur “bəlağəti” və adi vətəndaşın küçə-bazar slenqi – Azərbaycanda hakim olan dillər bunlardır. Danışa bilməyən, səs çıxaran, özünü ifadə edə bilməyən adam da gərgin və əsəbi olur. Yumruğa-təpiyə meyl edir. Heyvanların problem həll etmə yöntəmi də budur. Hələ dil açmamış körpə uşaqların da özlərini ifadə edə bilmədikdə ağlamalarını, çığırmalarını yada salın. Azərbaycanlılar da bu cürdür. Təkamülün zirvəsi dialoqdur, danışıqdır, təmkindir. Bunun üçünsə danışa bilmək, bunu bacarmaq lazımdır. Danışa bilməyən, söz ehtiyatı iki yüz sözdən ibarət adamlara nə siyasi mübarizə, nə iqtidar, nə müxalifət? Bunlar hətta üsyan edib hökuməti devirsələr nəticəsi nə olacaq? Ayrı məsələ ki, azərbaycanlıların bu cür qalması hökumətə sərf edir. Elə müxalifətin özünə də.

Siyasi müxalifətlə hər şey aydındır. Bəs nəhəng maliyyə resursu və yerə-göyə sığmayan kültür iddiası olan hakimiyyət nəmənəm şeydir? Onunla münasibətlər nə cür qurulmalıdır?

Xatırlayanlar təsdiq edər, doxsanların ikinci yarısından ta 2000-lərin ortalarına qədər ölkədə, incəsənətin hər bir sahəsində maraqlı eksperimentlər edilirdi, alternativ yollar axtarılırdı. Doxsanların ortasında RAST qrupunun çıxardığı albom, Azərbaycanın alternativ pop tarixində vacib səhifədir. Ədəbiyyatda, akademik musiqidə də (iki-üç isimlə məhdud) yenilənmə cəhdləri başlamışdı. İncəsənətdə yenilənmə neft pullarının axını ilə kəsildi. Qəribədir, yox? Amma belə oldu. Çünki hakimiyyət iqtisadi sferanı inhisara almaqla qalmadı, kültürü də monopoliyaya aldı. Anlayanlar üçün burada dərin bir hikmət var.

Hikmət də ondan ibarətdir ki, kültürdə islah cəhdləri toplumun şüurlanmasını sürətləndirəcəkdi. Azad, müstəqil, çağdaş, dünyanı və öz toplumunu tanıyan, islah missiyası olan bir sənətçi belə geriçi rejimlərin bir nömrəli düşmənidir. Onu neytrallaşdırmaq lazımdır. Ya satın almaq, ya da siyasi müxalifətə sürüşdürmək – ikisi də rejim üçün məqbuldur. Çünki hər iki halda sənətçi funksionallığını itirir, faydalı iş əmsalı düşür plintus səviyyəsinə.

Azərbaycanda yaxşı oğlan, yeyib-içən oğlan çoxdur. Yaxşı oğlan, yeyib-içən oğlan dost-aşna üçün göydəndüşmədir. Ölkə başçılığı üçünsə bu keyfiyyətlər ölçü ola bilməz. Bunlar yüksək mədəniyyətə malik olmağın göstəricisi də ola bilməz. Uzaqbaşı nəyə nail ola bilərlər? İntellektual görməmişliyə. Görməmişliklərini çağdaş incəsənətə, konseptual art`a qədər aparıb çıxarıblar. İncəsənəti, ədəbiyyatı, müsiqini, arxitekturanı – hər şeyi qlamurlaşdırıblar. Parisin salonlarında, Avropa bomondunun arasında müasir incəsənətdən, Tamayo muzeyindəki həyacanlı eksponatlardan danışmaqla, hətta Endi Uorxolu neprav çıxarmaqla deyil. Ölkədə kültür sıçrayışını arzulayan bir iqtidar, bir dövlət başçısı yeniyetmələri, gəncləri türmələrə doldurmaz. Müasir incəsənətin, ədəbiyyatın yaranmasını səmimi qəlbdən istəyirsənsə, ölkədə azad yaradıcı birliklərin yaranmasına, normal işləməsinə nail ol, biznes dünyasına çağırış et ki, hər kəs bacardığı qədər vətəndaş cəmiyyətinə qrantlar ayırsın. Yoxsa muğamdan tutmuş pop-a qədər hər şeyi inhisarına alıb Avropalılara özünü bəyəndirmək istəyirsənsə, uzaqbaşı ona nail ola bilərsən ki, pulunu qəşəngcə alıb arxanca söyəcəklər, rişxənd edəcəklər, güləcəklər sənə. Heç olmasa avtoritarizmində səmimi ol. İlham Əliyev öz cinayətlərini qlamurla, pardaqlanmış dər-divarla ört-basdır etməyə çalışır, bir Allah bəndəsi də çıxıb buna demir ki, ay kişi bəlkə yavaşlayasan?

Bir Allah bəndəsi çıxıb bunlara demir ki, kənardan çox qeyri-peşəkar görünürsünüz, gördüyünüz işlər təsəvvür etməyəcəyiniz dərəcədə əleyhinizə işləyir. Ola bilsin tez-tez içdən, səmimi sual edirsiniz ki, axı niyə bunlar (avropalılar, dünya ictimaiyyəti, Mexiko sakinləri, öz vətəndaların) belə nankor, belə qanmazdırlar. Onlar nankor deyillər, başları da yaxşı işləyir. Amma zərafətinizi kölgədə qoyan qabalığınız sizin lənətinizdir. Nə qədər də “bizim öz yolumuz var” desəniz də, aydındır ki, Qərbə can atırsınız. Bilirsiniz ki, səviyyə buradadır. Nə Dubay, nə Moskva, nə İstanbul buranı əvəz etmirlər. Kültür qatında bura iddialısınız, orientiriniz Avropadır. Pakistandan, Malaziyadan, Əfqanıstandan, İordaniyadan sizə gələn alqışlar AzTV-dən camaata ötürmək üçündür. Azərbaycan qəzetinin ilk səhifəsini bəzəmək üçündür. Özünüz də bilirsiniz ki, ən ciddi tərifi Berlindən, Parisdən, Vaşinqtondan eşitmək olar. Amma alınmır. Kültür layihələriniz, sivilizasion iddialarınız iflasa uğrayır. Neft ticarətinizi dünya standartlarına çatdırmısınız, amma humanizm çiçəyi, kübar cəmiyyət ulduzu, intellektual klubların sevimlisi ola bilməmisiniz. Bilsəydim ki, bu sizə heç lazım da deyil, öz kefinizə baxırsınız, inanın sizin adınıza sevinərdim. Axı mən bilirəm ki, ən ciddi təsdiqi Qərbdən gözləyirsiniz. Bir alqışa, bir tərifə dünyaları verərsiniz.

Probleminiz konsepsiyasızlıqdır. Konsepsiyanız yoxdur. Bütün işləriniz pərakəndədir, kobuddur. Bəlkə kimsə sizi inandırıb ki, bax bu minvalla bir iyirmi il də ölkəni idarə etsəniz çağdaş, səs vermə hüququnun nə olduğunu bilən bir cəmiyyət yetişdirəcəksiniz? Çox pis fikirdir. Siz azərbaycanlıları daha da məhvə aparırsınız. Kültür layihələrinizin istehlakçıları özünüz, ailə üzvləriniz və balaca bomondunuzdur. Etdikərinizin camaata dəxli yoxdur. Salonlar, akademik ünvanlar, görkəmli konfranslar, teatr, caz… Provinsial azərbaycanlılarla eyni sırada dayanmadığınızı, onlardan uca olduğunu nümayiş etdirmək cəhdlərinizi anlayıram. Bu çuşkalardan iyrənirsiniz, azərbaycanlı görəndə ögüməyiniz gəlir. Müasir incəsənət müzeyi açmaqla özünüzə təsəlli verirsinizsə, burnunuzun dibindəki TV-ləriniz, təhsiliniz nə üçün sizi narahat etmir? Kimi doldurursunuz bu salonlara?

Davam edəcəyik.

Ana səhifəMənim FikrimcəSiyasiləşdirməyin-2