Siyasilər Əliyevin Ankara səfərini doğru hesab etdi

Sülhəddin Əkbər: ”Bu, yalnız dövlət başçısının yox, Azərbaycan cəmiyyətinin də mövqeyidir”

Sərdar Cəlaloğlu: ”Gərək, prezident Ərdoğan terrora etiraz olaraq Azərbaycana səfərini təxirə salmayaydı”

Source:
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan


Sülhəddin Əkbər: ”Bu, yalnız dövlət başçısının yox, Azərbaycan cəmiyyətinin də mövqeyidir”


Sərdar Cəlaloğlu: ”Gərək, prezident Ərdoğan terrora etiraz olaraq Azərbaycana səfərini təxirə salmayaydı”

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü və səfər proqramı açıqlanıb.

Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimindən sonra liderlər təkbətək görüş keçirəcək.

Bunun ardınca Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası başlayacaq.

Bu toplantıdan sonra tərəflər arasında sənədlərin imzalanma mərasimi və dövlət başçılarının birgə mətbuat konfransı keçiriləcək.

Tədbirlərin hamısı Türkiyə Prezidentliyi Kompleksində (Cumhurbaşkanlığı Külliyesi) olacaq.

Rəcəb Tayyib Ərdoğan bu il martın 15-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak etmək üçün Azərbaycana gəlməli idi. Ancaq martın 13-də Türkiyənin paytaxtı Ankarada törədilən terrora görə, o səfərini təxirə salıb.

Azərbaycan prezidenti Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror aktından sonra qardaş ölkəylə həmrəylik nümayiş etdirərək, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısının Bakıda deyil, Ankarada keçirilməsini təklif edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terrorla mübarizə məsələsində Türkiyəylə həmrəylik nümayişinə və bu jestinə görə prezident İlham Əliyevə təşəkkür edib.

Ankarada baş verən terror aktı nəticəsində 37 nəfər həlak olub, 125 nəfər isə yaralanıb (


report.az


).

Səfəri Meydan TV-yə şərh edən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər İlham Əliyevin Ankaraya getməsini düzgün və Azərbaycanın qardaş Türkiyənin yanında olduğunu nümayiş etdirən bir addım hesab edib: “Bu, yalnız dövlət başçısının yox, Azərbaycan cəmiyyətinin də mövqeyidir”.

Sülhəddin Əkbər
Sülhəddin Əkbər

S.Əkbər ABŞ-nin Ankaradakı səfirliyinin növbəti xəbərdarlıq məktubuyla bağlı suala belə şərh verib: “Türkiyədə terror hadisələrinin intensivləşməsinin iki başlıca səbəbi var, birincisi daxili səbəbdir. Türkiyə hökumətinin, ordusunun, xüsusi xidmət orqanlarının PKK-ya qarşı çox effektiv mübarizə aparmasının nəticəsi indiki durumu yaradıb. Küncə sıxılmış terror təşkilatı öz varlığını və güclü olduğunu göstərmək üçün intihar bombaçılarından istifadə edir. İkinci səbəb Suriyayla bağlıdır, bu ölkənin bir hissəsinə PKK-nin bir qolu olan PYD nəzarət edir. Belə bir irəliləyişin və beynəlxalq dəstəyin olduğu bir vaxtda Türkiyə daxilində ağır itkilərin olması PKK-ni çox ciddi şəkildə qıcıqlandırır və təşkilat ölkənin daxili və xarici mühitinin mürəkkəbləşməsindən istifadə etməyə çalışır. Ki, hökumət yenidən PKK-ni tərəf müqabili hesab edib onunla danışıqlar masası arxasında otursun. Ancaq indiki halda rəsmi Ankaranın təşəbbüsü əldən verəcəyini düşünmürəm. Yalnız PKK-nin Türkiyə daxilindəki və xaricindəki qüvvələri sıradan çıxarılacağı halda bu istiqamətdə müzakirə gedə bilər. Təbii ki, terror təşkilatı zəiflədikdən sonra hər bir müharibə sülh danışıqlarıyla başa çatdığını nəzərə aldıqda, bu barədə də düşünmək olar. İndiki mərhələdə belə danışıqların olacağını düşünmürəm və Türkiyə hökuməti çox qətiyyətli və qərarlıdır, daxildə və Şimali İraqda PKK-ya qarşı mübarizə davam edəcək”.

Partiya sədri Ankaranın bir müddət əvvəl PKK ilə apardığı “barış sürəci”ndə ciddi səhvlərə yol verdiyini dedi: “Türkiyə daxilində PKK-nin bu qədər silah-sursat əldə edib dayaqlar qazanması üzə çıxırsa, deməli, danışıqlar zamanı ciddi səhvlər olub”.

Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, gərək, prezident Ərdoğan terrora etiraz olaraq Azərbaycana səfərini təxirə salmayaydı. Çünki terror hadisələrinin əsas məqsədi də Türkiyənin strateji səyasətinin qarşısını almaq və Azərbaycanla ümumi beynəlxalq layihələrini təxirə salıb vaxtı uzatmaqdır.

Sərdar Cəlaloğlu

O, prezidentlərin görüşünün Ankarada, yaxud Bakıda olmasının prinsipial əhəmiyyət daşımadığını da düşünür: “Ona görə də Əliyevin Ankaraya getməsi düzgün addımdır. Yəni o mənada ki, terror ümumilikdə prosesə təsir edə bilməz. Ona görə də bu cür hadisələr dövlətlərin strateji addımlarına təsir etməməli və düzgün sayılan yol gedilməlidir”.

Ana səhifəXəbərlərSiyasilər Əliyevin Ankara səfərini doğru hesab etdi