“İşğalçı bir dövlətin müttəfiqi olmaq o qədər də yaxşı hal deyil”
İyulun 23-də Moskvada Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Rusiyanın Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Bu barədə Azərbaycanın XİN-in Mətbuat İdarəsi məlumat yayıb.
Nazirliyin bildirdiyinə görə, məsləhətləşmələrdə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Samir Şərifov, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin rəhbərlik edib:
“Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, gündəlikdə duran və qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Həmçinin, iqtisadi-ticarət, mədəni-humanitar, eləcə də beynəlxalq və regional təşkilatlar, formatlar çərçivəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunub, ikitərəfli müqavilə-hüquq bazası və baxılmaqda olan layihələr nəzərdən keçirilib”.
XİN qeyd edib ki, nazir müavini Samir Şərifov Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə də görüşüb:
“Onlar beynəlxalq və regional təhlükəsizlik məsələləri, eləcə də hər iki ölkənin iştirak etdiyi regional formatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, Samir Şərifov ilə Xəzər dənizi məsələləri üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Petrakov arasında keçirilmiş görüşdə Xəzər məsələləri üzrə əməkdaşlığın hazırki vəziyyəti və inkişaf dinamikası müzakirə olunub”.
Siyasi məsləhətləşmələr deyərkən, tərəflər konkret hansı məsələləri müzakirə edə bilərlər?
Siyasi şərhçi Rauf Mirqədirov Meydan TV-yə deyib ki, Bakı ilə Moskva arasında bu tip məsləhətləşmələr hər il aparıldığından daimi xarakter daşıyır:
“Ona görə görüşlərə xüsusi məna verməyə ehtiyac yoxdur”.
R.Mirqədirov bildirib ki, Azərbaycan və Rusiya münasibətlərinin qorunmasında müvafiq müqavilələr var:
“Bu sənədlər üzrə bir sıra hallarda məsləhətləşmələr beynəlxalq təşkilatlarda əməkdaşlığı əhatə edir. Bu dəfə diqqəti çəkən məqam Xəzər dənizi ilə bağlıdır. Çünki Xəzər dənizi ətrafında danışıqlarda kifayət qədər problemli məsələlər var. Əsas məsələ ondan ibarətdir ki, Moskva və Tehran Xəzərdə əməkdaşlığı nəzərdə tutanda imzalanmış konvensiyanı önə çəkirlər. Rusiya və İran Xəzərdən qaz-neft kəmərlərinin çəkilməsinə kəskin münasibət sərgiləyirlər, həm də müvafiq konvensiyaya istinad edirlər ki, bütün tərəflərin razılığı alınmaldır. İndi isə “TransXəzər kəməri”nin çəkilməsi məsələsi kəskin müzakirə mövzusudur. Çünki son dövrlərdə Avropanın qazla təminatında yeni problem meydana çıxıb, hazırda Ukraynadan keçən “Dostluq” kəməri fəaliyyətdə deyil. Belə olanda Xəzər məsələsi yenidən aktuallaşır, söhbət ondan gedir ki, Azərbaycan qazı Avropanı təmin etmək üçün azdır, qismən boşluğu doldura biləcək Orta Asiyadan nəql olunan qaz ola bilər. Onun da iki yol qalır: birincisi İran ərazisidir ki, sanksiyalar səbəbindən mümkün deyil. İkincisi isə mövcud qaz kəmərləri tam gücü ilə işləmədiyindən yeniləri çəkilməlidir”.
Rauf Mirqədirov hər dəfə bu cür görüşlərdə müttəfiqlik məsələsinə istinad olunmasını “xoşagəlməyən məqam” adlandırıb:
“İşğalçı bir dövlətin müttəfiqi olmaq o qədər də yaxşı hal deyil. Xüsusu ilə Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanatında bunu vurğulamaya da bilərdi”.