Cəmil Həsənli: ''Oqtay Əsədovun bacısı məxfilik müddəti bitən sənədlərə özbaşına məxfilik qrifi qoyur''
Milli Şuranın sədri, professor
Cəmil Həsənli
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi yanında Siyasi Sənədlər Arxivinin rəhbərliyinin son addımlarını qanundankənar və tarixi araşdırmaq istəyənlərə maneələr törədilməsi ilə bağlı “Turan” Agentliyinin saytında yazı ilə çıxış edib.
“Turan” agentliyində Milli Arxiv fondu haqqında Qanuna tələm tələsik Konstitusiyaya zidd dəyişiklik edilməsi və bu dəyişikliyin respublika konstitusiyası və digər qanunlarla ziddiyyət təşkil etməsi barədə tanınmış hüquqşünas və media hüquqları üzrə beynəlxalq exspert Ələsgər Məmmədlinin rəyini oxudum. Əvvəla, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanunu yenicə, 2019-cu ilin fevral ayının 1-də də Milli Məclis tərəfindən qəbul edilib və 2019-cu ilin mart ayının 13-də Prezident tərəfindən imzalanaraq qüvvəyə minib. Qanunun mürəkkəbi qurumamış onun 16-cı maddəsinə olan dəyişiklik hansı zərurətdən irəli gəlib? İctimaiyyətə məlumdur ki, mən ötən ilin noyabr ayının 30-da “Prezidentin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində nələr baş verir?” adlı yazı ilə çıxış etmişdim:
Bu yazıda söhbət qanunvericiliklə müəyyən edilmiş məxfilik müddəti başa çatmış sənəd və materialların qeyri-qanuni yolla yenidən məxfilik qrifi altına salmaq və həmin sənədləri, ilk növbədə müxtəlif dövrlərdə Azərbaycanda partiya, dövlət, hökumət vəzifələrində işləmiş rəhbər işçilərin şəxsi işlərini tədqiqatçıların üzünə bağlamaqdan gedirdi. Mübahisə nədən yaranmışdı? Mən yaxın vaxtlarda 100 illiyi tamam olacaq Muğan Sovet Respublikası haqqında araşdırma aparmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi yanında Siyasi Sənədlər Arxivində həmin hadisələrdə iştirak etmiş bir sıra rəhbər bolşevik xadimlərin şəxsi işləri ilə tanış olmaq istədim. Lakin məlum oldu ki, az əvvəl tarixi sənədlərin saxlandığı arxivə direktor təyin edilmiş Milli Məclisin sədri Oqtay Əsədovun ixtisasca bioloq bacısı Elmira Ələkbərova Arxivin fondlarında saxlanılan rəhbər bolşevik xadimlərin şəxsi işlərini araşdırmaçılara verilməsinə qadağa qoyub. Əlbəttə, mən istisna etmirəm ki, belə bir qeyri-peşəkar addım ixtisasca bioloq olan direktorun qanunları bilməməsindən irəli gəlirdi. Məsələn, Elmira xanım anlamaq istəmirdi ki, Nəriman Nərimanovun, Sergey Kirovun, Dadaş Bünyadzadənin, Anastas Mikoyanın, Qəzənfər Musabəyovun, Kaminskinin, Əliheydər Qarayevin, Levon Mirzəyanın, Palonskinin, Rubenin və digərlərinin şəxsi işləri ilə tanış olmadan ötən əsrin 20-30-cu illərinin tarixini necə yazmaq olar? Və məxfilik qrifinin üzərindən 30, 40, hətta 60 il keçmiş rəhbər bolşevik xadimlərin şəxsi işləri niyə tədqiqatçılara qadağan edilməlidir? 100 il bundan Muğan və Lənkəranda baş vermiş hadisələr haqqında həmin dövrdə ayrı-ayrı bolşeviklərin yazdıqları xatirələrin bir hissəsi niyə konvertlərin içərisinə salınıb məxfilik adı ilə tədqiqatçılardan gizlədilməlidir? Belə anlaşılmazlığın başlıca səbəbi idarəyə arxiv işinə və tarixi sənədlərə tamamilə yad olan birisinin qoyulmasıdır. Əlbəttə, Oqtay Əsədovun imkanları çox böyükdür və öz bacısını hətta biologiya institutuna direktor da qoydura bilər, amma nə üçün onu məhz tamamilə yad olduğu bir müəssisəyə direktor qoydurub və bununla tarix elminin qarşısına bioloji bir xətt çəkdirib, məlum deyil?
Elmira Ələkbərovun direktorluğu başlayan ilk dövrlərdə bir hadisə də baş vermişdi. Ötən əsrin 60-cı illəri ilə bağlı araşdırma aparanda Azərbaycan Sovet Ensiklopediyası ilə bağlı bəzi faktları dəqiqləşdirmək məqsədi ilə “ASE-nin işində ciddi nöqsanlar haqqında” Azərbaycan KP MK Bürosunun 24 oktyabr 1975-ci il tarixli qərarı ilə tanış olmaq istərkən, əvvəlcə dedilər həmin qovluq labaratoriyadadır. Lakin mən bir müddət sonra yenidən müraciət etdikdə bildirdilər ki, həmin qovluq məxfi sənədlər sırasına daxil edilib. Deməli arxiv rəhbərliyi istənilən sənədi məxfilik qrifinə salmaq kimi müstəsna bir səlahiyyəti mənimsəyib. Halbuki həmin sənəd respublika Nazirlər Sovetinin fondunda və Ensiklopediyanın arxivinda tam açıq istifadədədir. Bioloq direktorun öz “sayıqlığını” nümayiş etdirmək üçün bu qərarı özbaşına niyə məxfi qrifə salması indi də aydın deyil.
1917-1919-cu illərin Muğan hadisələri ilə bağlı bizim şifahi müraciətlərimiz bir fayda vermədiyi üçün mən 2018-ci ilin dekabr ayının 21-də Elmira Ələkbərovaya yazılı müraciət təqdim etdim. Orada göstərilirdi ki, “Mən 1917-1919-cu illərə aid Muğan və Lənkəranda baş vermiş hadisələrlə bağlı araşdırma üzərində işləyirəm. Lakin üzərindən 100 il keçməsinə baxmayaraq bu hadisələrdə fəal rol oynamış bolşeviklərin şəxsi işləri rəhbərlik etdiyiniz arxivin mənfi qrifi altında tədqiqatçılara və o cümlədən mənə verilmir. Arxivin belə mövqeyi Arxiv fondlarından istifadə, Dövlət sirri haqqında və digər əlaqəsi olan respublika qanunları ilə ziddiyyət təşkil edir. Xahiş edirəm apardığım elmi araşdırma ilə bağlı həmin hadisələrdə iştirak etmiş S. Kirov, A. Mikoyan, M. Qədirli, B. Ağayev, Ş.Axundov, Ponomaryov, Şaxramanov, Anaşkin, Ş.Əliyev, Qrankin, Qayk Arustamov, A.Sarkisov, doktor Zaxaryan, A. Sultanov, Vilmut, G.Petrov, G.Pavlov, Faykovski, V. Korokov, Sidomonov, Karapetov, Ə.Ələkbərov, Tutin, Baçarnikov, Mxitaryan, Falkovski, Sibayev, Qrişa Arustamov, Musa Səfərov, Privolniy, Donskoy, Stepanyans, Stupin və digər köhnə bolşeviklərin şəxsi işləri ilə tanış olmağa icazə verəsiniz. Bu işlərin məxfilik qrifi çoxdan başa çatıb.
Digər tərəfdən işlədiyim qovluqlarda ayrı-ayrı hissələr xüsusi məxfilik paketi içərisinə keçiilərək tədqiqata qadağan edilib, o cümlədən: fond 456, siyahı 18, iş 33, vərəq 100, 116, 118, 174, 192, 219, 252-253; Fond 268, siyahı 23, iş 163, vərəq 14, 49-57; Fond 268, siyahı 23, iş 56, vərəq 35; Fond 456, siyahı 18, iş 30, vərəq 15 və digərləri. Nəzərinizə çatdırıram ki, bunlar hamısı məxfilik müddəti başa çatmış sənədlərdir və onların tədqiqatçılardan təcrid edilməsi müvafiq qanunvericiliklə ziddiyyət təşkil edir. Xahiş edirəm tədbir görəsiniz.
Hörmətlə, Cəmil Həsənli (Tarix elmlər doktoru, professor). 21 dekabr 2018-ci il”.
Yeri gəlmişkən ölkə prezidenti rayon-rayon düşüb “zəhmətkeş” məktublarını şəxsən toplamasına baxmayaraq Siyasi Sənədlər Arxivinin direktoruna ötən ilin dekabr ayının 21-də yazılmış məktuba 3 ay keçməsinə baxmayaraq hələ də cavab verilməyib. Bəlkə bizim ərizə və şikayətlərimizə qanunun tələbləri əsasında və müddətində cavab yazmaq da kriminal hesab edilir? Amma bu 3 ay ərzində öz qanunsuz əməllərinə son qoymaq, ölkə tarixinin mühüm bir dövrünün obyektiv araşdırılmasına yaratdıqları maneələri aradan qaldırmaq əvəzinə bunlar nə ediblər? Göründüyü kimi qeyri-qanuni əməllərinə qanuni don geyindirmək üçün yenicə təsdiq edilmiş “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində anti-konstitusyon dəyiklik etmiş və respublika Konstitusiyası ilə ziddiyyət təşkil edən bu dəyişiklikləri hətta Prezident İlham Əliyevə də imzalatdırıblar.
Dəyişikliyin hüquqi cəhətdən anti-konstitusyon olduğunu hüquqşünas
Ələsgər Məmmədov
öz rəyində yetərincə əsaslandırıb.
İkinci bir tərəfdən 16-cı maddəyə edilmiş əlavə “Dövlət sirri haqqında” qanunla da tam ziddiyyət təşkil edir. Amma hakimiyyətin belə anti-konstitusyon addıma getməsi göründüyü kimi səbəbsiz olmayıb. Media hüququ üzrə tanınmış mütəxəssis kimi Ələsgər Məmmədli öz rəyində bildirir ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə edilən dəyişiklik “Azərbaycan qanunvericiliyinə – Konstitusiyaya, Normativ aktlar haqqında Konstitusiya Qanununa, habelə bu sahədəki münasibətləri tənzimləyən Dövlət sirri haqqında, İnformasiya əldə etmək haqqında, Fərdi məlumatlar haqqında Qanunların müəyyən etdiyi çərçivələrə ziddir”.
Qanunun 16-cı maddəsinin dəyişiklik edilmiş versiyası belədir: “Tərkibində dövlət sirri olan arxiv sənədlərindən istifadəyə, onların məxfiləşdirildiyi gündən məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar üçün 30 ildən, məxfilik dərəcəsindən asılı olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən, yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildən sonra icazə verilir. Həmin müddətlər müvafiq icra hakimiyyəti orqanının rəyi ilə uzadıla bilər”.
Bu nə deməkdir? Bu o deməkdir ki, respublika arxivlərinin, xüsusi ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi yanında Siyasi Sənədlər Arxivinin Azərbaycan tarixinin obyektiv, doğru-dürüst yazılması üçün zəruri olan bir çox fondları tarixçilərin üzünə əbədilik qapadılır.
Bu dəyişiklik praktiki baxımdan Azərbaycan tarixin şikəst edir, onun bir sıra məqamlarının aydınlaşdırılmasının qarşısına sədd çəkir. Yuxarıdakı ərizədə göstərilən şəxslərin bir çoxu Moskva, Peterbirq, Omsk, Tomsk, Tbilisi, Erivan, Qafqaz cəbhəsindən gəlib Muğanda Azərbaycanın müstəqilliyinə qarşı döyüşən şəxslər olub. Onların uzun illər boyu açıq olan şəxsi işləri müstəqillik dövründə niyə məxfilik qrifi altına salınmalıdır? Bu zərərli yoldur. Bu 16-cı maddəyə edilən düzəliş xüsusi ilə gənc tarixçilərin qarşısına ciddi sədd çəkir. Respublikanın partiya, sovet, hökumət orqanlarında işləmiş şəxslərin həyatı şəxsi deyil, ictimai – siyasi məzmun daşıyır. Onların şəxsi işlərində saxlanan sənədlər, əmrlər, xarakteristikalar, təltiflər, töhmətlər və sair respublika tarixinin bir hissəsidir. Məsələn, 1921-ci ildə Kirov və Kaminskinin Qarabağın Dağlıq hissəsinin Ermənistana verilməsinə səs vermələrinin bəzi məqamları, Levon Mirzoyanın Bakıda "Ermənikənd" salmaq projesinin pərdəarxası gizlinləri, 1937-1938-ci illərin repressiyalarında fəal iştirak etmiş Sumbatov Topuradze, Xoren Qriqoryan, Ağasəlim Atakişiyev, Ruben Markaryan və digərləri bu millətə divan tutduqlarına görə mətbuatda dərc edilməyən aldığı təltiflər yalnız onların şəxsi işlərindədir. İndi Siz hansı ağılla ucdantutma bütün şəxsi işləri, 100 il bundan öncənin sənədlərini qadağanlıq qrifi altına salmaq üçün ölkə konstitusiyası ilə ziddiyyət təşkil edən “hüquqi” əsas yaradırsınız? Nə etdiyinizin fərqindəsinizmi?