”İdman obyektlərinin tikintisi hökumət üçün prioritet olmamalıdır”
“2018-2021-ci illərdə Azərbaycanda qeyri-neft sənayesi orta hesabla 7,3%, artacağı proqnozlaşdırılır”.
Meydan TV xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında 2018-ci ilin büdcə müzakirələri zamanı çıxış edən, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
Nazir müavini bildirib ki, gələn il aqrar sektor üzrə 6,2% artım proqnozlaşdırılır:
Onun sözlərinə görə, gələn il turizm sektoru üzrə 6,6%, növbəti üç ildə isə orta hesabla 6%-dən çox artım proqnozlaşdırılır.
Deputatlar qarşısında çıxış edən, İnsan Huquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova isə öz növbəsində cəzaçəkmə müəssisələrində istehsalat sahələrinin yaradılması məsələsinə toxunub.
O bildirib ki, bununla bağlı çox danışıla da, heç bir irəliləyiş yoxdur.
O, bir sıra digər təkliflərlə də çıxış edib:
“Şəhid ailələrinə sığorta pulunun ödənilməsi ilə bağlı qaydalar təsdiqlənməlidir. Həmçinin regionlarda ödənişsiz hüquq məsləhətxanaları yaradılmalıdır. Bu insanların öz hüquqlarını müdafiə etməsi baxımından çox vacib addım olardı”.
QHT-lərin büdcəsi siyasi partiyaların büdcəsindən 5 dəfə çoxdur
Parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov siyasi partiyalara ayrılan vəsaitin artırılmasını təklif edib. O, bildirib ki, bütün dünyada ali qanunvericilik orqanında təmsil olunan siyasi partiyaların büdcələri kifayət qədərdir.
“Siyasi partiyaların maliyyələşdirilməsi məsələsinə baxılmalıdır. Bu gün Azərbaycanın əleyhinə işləyən qurumlar, qeyri-hökumət təşkilatları var ki, onların büdcəsi siyasi partiyaların büdcəsindən beş dəfə çoxdur. Biz siyasi islahatların aparılmasını istəyiriksə, siyasi partiyaların büdcəsinə yenidən baxmalıyıq”.
Deputat Tahir Kərimli də həmkarının təklifini dəstəkləyərək, deyib ki, hər il bir sıra sahələrə 10-20 faiz artım olur.
“Amma 10 ildən çoxdur ki, Azərbaycanda siyasi partiyalara ayrılan vəsait artırılmır. “Siyasi partiyalar haqqında” qanunun 17-1-ci maddəsində göstərilib ki, siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Həmin vəsait dövlət büdcəsində ayrıca sətirlə göstərilir. Milli Məclisdə təmsil olunan siyasi partiyaya il ərzində 100 minə yaxın vəsait ayrılır. Bu da aya, təxminən, 8 min manat edir. Respublikanın 80-dan çox rayonu varsa və həmin siyasi partiyaların bölgələrdə strukturları olmalıdırsa, onda 8 min pulla bunları necə saxlamaq olar?”
İdman obyektlərinin tikintisi hökumət üçün prioritet olmamalıdır
Millət vəkili Qüdrət Həsənquliyev qəzalı evlərdə yaşayan qaçqın və məcburi köçkün ailələrinin problemlərindən danışıb.
“Hazırda ölkədə 4,6 min qaçqın və məcburi köçkün ailəsi qəzalı evlərdə yaşayır. 2018-ci ilin büdcə layihəsində onlar üçün 200 milyon manat Dövlət Neft Fondundan vəsait ayrılması nəzərdə tutulub. Həmçinin 42 milyon manat xarici kreditlər hesabına ayrılacaq. 42 milyon manat xarici krediti kim götürəcək, bu necə götürüləcək? Bu haqda məlumat verilməlidir”.
Yeni idman obyektlərinin tikintisi və yarımçıq qalanlarda tikintinin tamamlanması üçün gələn ilin büdcəsindən 244 milyon manat vəsaitin nəzərdə tutulmasına toxunan deputat, bəyan edib ki, idman obyektlərinin tikintisi hökumət üçün prioritet olmamalıdır:
“Prioritet 25 ildən artıq bir müddətdə dözülməz şəraitdə yaşayanlar üçün şərait yaratmaq olmalıdır”.
Maliyyə nazirinin müavini Azər Bayramov buna cavab olaraq bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi, o cümlədən onların mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət və icmal büdcədən bütövlükdə 487 milyon manat nəzərdə tutulub. Onun sözlərinə görə, ayrılan vəsait cari illə müqayisədə 49,5% və ya 161 mln. manat çoxdur.
Teatra ayrılan vəsaitdə əvvəlki illərlə müqayisədə 300 faiz azalma var
Parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Azərbaycanda teatr və kino sahəsinə dövlət tərəfindən maliyyənin az ayrılmasına narazılığını bildirib.
O qeyd edib ki, kinematoqrafiyanın inkişafı üçün güzəştlər edilməlidir. R.Hüseynovun sözlərinə görə, bu, zərurətdir.
Komitə sədri onu da bildirib ki, teatra ayrılan vəsaitdə əvvəlki illərlə müqayisədə 300 faiz azalma var. O azalmanın bu sahəyə pis təsir edəcəyini vurğulayıb, bunun heç olmasa yenidən qismən artırılmasının vacibliyini önə çəkib.
Bununla da komitələrdə büdcə müzakirələri başa çatıb. Digər komitələrdə müzakirələr noyabrın 7-8-də keçirilib.
Noyabrın 21-də büdcə zərfinin layihəsi hökumət nümayəndələri ilə birlikdə Milli Məclisin plenar iclasında 3 günlük müzakirəyə çıxarılacaq.
Növbəti il dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905,7 mln. manat təşkil edəcək.