Siyasi partiyalar bələdiyyə seçkilərində iştiraklarına şühbə ilə yanaşırlar

Səbəb ondadır ki, bələdiyyələrin səlahiyyəti yoxdur, ona görə bütün gücü bələdiyyə seçkilərinə yönəltmək yanlış olar, bu baxımdan parlament seçkilərinə hazırlaşırıq.

Source: google.az


Hafiz Həsənov: Bələdiyyələrin inkişafında Gürcüstan və Ermənistandan geri qalırıq

Bu ilin dekabrında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçki nəticəsində formalaşacaq bələdiyyə orqanlarının 20 ili tamam olur. Ancaq Türkiyənin İstanbul şəhərinin bələdiyyə başqanlığına keçirilən seçkiləri böyük maraqla izləyən Azərbaycan cəmiyyətində və siyasi dairələrində seçki əhval-ruhiyyəsi sezilmir. Səbəb nədir, hansı amillər prosesin fəal şəkildə start götürməsinə mane olur. Sualları ekspertlərə və partiya yetkililərinə ünvanladıq.

“Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov hesab edir ki, 1999-cu ildə ilk bələdiyyə seçkiləri keçiriləndə ümidlər çox idi, ancaq yerli idarəetmə orqanları qeyri-dövlət qurumları kimi nəzərdə tutulsa da, sonradan qəbul edilən qanunlarda bələdiyyələr haqda səlahiyyətlər, maliyyə resursları müəyyən olunmadığından bu qurum real şəkildə yerli hakimiyyət orqanlarına çevrilə bilmədilər.

“Təxminən 20-dən artıq qanunla fəaliyyəti tənzimlənən bələdiyyələr yalnız prezident tərəfindən təsdiqlənən və əsasnaməylə tənzimlənən yerli icra hakimiyyətlərindən xeyli zəif oldu. Hətta icra hakimiyyətlərindən asılı vəziyyətə düşərək formal olaraq əlavə quruma çevrildi”.

O qeyd edib ki, ilkin mərhələdə bələdiyyələrin bir sıra səlahiyyətləri olsa da və bunların həyata keçirilməsi istiqamətində kiçik addımlar atılsa da, sonradan qanunvericilikdə yerli vergilərin dairəsi azaldıldı.

“Bələdiyyələrin real əmlakı olmadı, torpaqla bağlı mübahisələri yarandı, yəni hansı ərazilərin bələdiyyələrin olması mübahisəsi bu gün də qalır. Belə vəziyyətdə vətəndaşların bələdiyyələrə inamsızlığı və etimadsızlığı yarandı. Artıq torpaqların da bələdiyyələr tərəfindən verilməsi proseduru dayanıb. Çünki hərraclar həyata keçirilir və məsələ daha çox yerli icra orqanlarından asılıdır. Nəticədə ictimaiyyətin tədricən bələdiyyə seçkilərində iştirak zəiflədi, son seçkilərdə fəallıq 8-15 faiz arasındaydı. Güman ki, dekabrda keçiriləcək seçkilərdə insanların fəallığı yenə aşağı olacaq”.

Hafiz Həsənovun sözlərinə görə, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin rəsmi Bakıya tövsiyələri kağız üzərində qalıb.

O deyib ki, heç bir dəyişiklik həyata keçirilmədi, indi də bələdiyyələrin real hakimiyyət orqanları şəklində formalaşmasına dair işlər görülmür:

“Yəni Azərbaycan hökuməti demokratik idarəetmədə əsas institutlardan biri olan bələdiyyələri mahiyyət etibarı ilə tətbiq etmədi. Yerli idarəetmə yenə əvvəlki kimi icra hakimiyyətləri tərəfindən həyata keçirilir. Avropa Şurası qarşısında götürülən öhdəliklər, o cümlədən, Avropa Xartiyasına uyğun olaraq konkret fəaliyyətlər həyata keçirilmədi”.

Hafiz Həsənov
Hafiz Həsənov

H.Həsənov hesab edir ki, bir neçə aydan sonra keçiriləcək seçkilər ərəfəsində cəmiyyətdə laqeydlik var və bunun da səbəbi bələdiyyələrin real səlahiyyətlərə malik olmaması, yerli idarəetmə orqanına çevrilməməsi və bütün seçkilər kimi bələdiyyə seçkilərinin də azad və ədalətli keçirilməməsindədir.

O, Azərbaycanda bələdiyyə orqanlarının formalaşmasında qonşularından geri qaldığını hesab edir:

“Ümumilikdə, postsovet məkanında Azərbaycan bələdiyyələri ən fəaliyyətsiz, real səlahiyyətləri olmayan qurumdur. Gürcüstan və Ermənistanda bələdiyyələrin real səlahiyyələri var. Gürcüstan yerli idarəetmə orqanlarının fəaliyyət istiqamətində xeyli irəli gedib, Avropa Xartiyasının tələblərinə uyğun olaraq yerli hakimiyyətlərdə real səlahiyyətlərə malikdir və insanların bu quruma etimadı yüksək olduğundan seçkilərdə də fəallıq olur”.

İqtisadçı Rövşən Ağayev qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı narahatlıqlarını “Facebook” səhifəsində bölüşüb.

O hesab edir ki, köhnə bələdiyyə sistemi ilə yeni seçkilərə getmək izafi resurs və zaman itkisidir.

“Real islahatlara, dayanıqlı iqtisadi inkişafa marağı olan hökumətin gündəliyinin ən yuxarı hissəsində yerli idarəetmə, ilk növbədə bələdiyyə islahatları da olmalıdır.

Onun fikrincə, indiki halda hökumət ciddi narahatlıq keçirməliydi ki, artıq 20 yaşı olan Azərbaycan bələdiyyələri mövcud səlahiyyətləri, reputasiyası və vətəndaşa xidmət potensialı ilə kimə lazımdır, cəmiyyət onlardan nə fayda götürür?

“Ötən 20 ildə təkcə insanların, bütöv bir nəslin ömründən getmir, ölkənin kisəsindən gedir. Ətrafda, bizimlə eyni siyasi sistemdən çıxmış ölkələr elektromobil istehsal etməyə başlayır, yeni sənaye və texnologiya inqilabının bir parçası olmaq üçün planlar qurur, dünyada internetin inkişafına görə liderə çevrilir, biz isə hələ də XX əsr tipli yerli idarəçilikdən az da olsa narahatlıq keçirmirik”.

R.Ağayev deyib ki, Avropada yox, təkcə elə qonşularımız Gürcüstan və Ermənistandan bələdiyyə ilə bağlı nümunələrə baxmaq kifayət edir.

“Gürcüstan və Ermənistanda bələdiyyə institutunun gücünə, nüfuzuna baxın. Bələdiyyələr yalnız vətəndaşlara keyfiyyətli yerli xidmət göstərmək üçün lazım deyil. Bu qurumlar ölkədə demokratiyanın, vətəndaş iştirakçılığının, siyasi partiyaların inkiafı və onlar arasında rəqabətin formalaşması,yeni siyasi liderlərin formalaşması baxımından çox vacib və strateji funksiyalara malikdirilər. Əksmərkəzləşmə ölkədə iqtisadi resursların ədalətli və balansı bölgüsü, hakimiyyət bölgüsü, ortaq ağlın səmərəli istifadəsi baxımından əvəzsiz mexanizmdir. Uzun illərdir gözləyirəm ki, Azərbaycan hökuməti bir gün "Əksmərkəzləşmə Strategiyası" elan edərək sovetdənqalma yerli və regional idarəçiliyin çərçivələrini kökündən dağıdacaq. Amma bu baş vermədi”.

maxresdefault.jpg
Rövşən Ağayev

İqtisadçı təəssüflənir ki, müxalif siyasi institutların da bələdiyyə islahatları ilə bağlı çağırışları, onların əhəmiyyəti barədə maarifləndirici fəaliyyəti çox zəifdir:

“Biz bələdiyyələrin “torpaqsatan” imicini dağıtmalıyıq. İnandırmalıyıq ki, sizin indi gördüyünüz bələdiyyə deyil. Gerçək bələdiyyə haqqında onların təsəvvürlərini formalaşdırmalıyıq. Ən maraqlısı odur ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda yerli demokratiyaya dair sonuncu monitorinqini 7 il əvvəl keçirib. Böyük bir tövsiyə paketi təqdim edib. O gedən gedib, bir də arxasına baxmayıb, tövsiyələrinin taleyini soruşmayıb…”.

Müsavat Partiyasının başqanı Arif Hacılı seçkilərdə iştirak edib-etməmələri sualına belə cavab verib:

“Azərbaycanda normal yerli idarəetmə orqanı olmadığından bələdiyyələrin səlahiyyəti mövcud deyil. Bir tərəfdən bu amil, ikinci də azad və ədalətli seçkilərin keçirilməsi üçün mühitin, qanunvericilik bazasının olmaması səbəbindən partiyamız sonuncu bələdiyyə seçkilərində də iştirak etməyib”.

Arif Hacılı
Arif Hacılı

Onun sözlərinə görə, dekabr seçkilərində iştirakla bağlı xüsusi meyll mövcud deyil, amma qərarı partiyanın müvafiq qurumları müzakirə edib, verməlidirlər.

AXCP sədrinin müavini Gözəl Bayramova partiyada dekabr seçkilərinin hələ müzakirə etmədiklərini bildirib:

“Partiyanın qərarı var ki, seçki mühiti demokratikləşməyincə, qanunvericilik bazası təkmilləşməyincə seçkilərdə iştirak etməyəcəklər”.

C9017B97-8EC2-4554-B448-FF29E0D44DAB_cx0_cy2_cw0_w1080_h608.jpg
Gözəl Bayramova

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa dekabr seçkilərinə marağın az olmasını bələdiyyələrin real səlahiyyətinin olmaması ilə əlaqələndirir:

“Lap bələdiyyəyə üzv oldular, nə edəcəklər? Fəallıq, layihə imkanları və bələdiyyə büdcəsi də yoxdur. Əgər bələdiyyə səlahiyyətləri artırılsa, gerçək yerli idarəetmə orqanına çevrilsə, bu barədə rahat danışmaq olar. İndiki şərtlərlə seçkilərdə iştirak mümkün deyil”.

fazil_mustafa_(1).jpg
Fazil Mustafa

ReAL Partiyasının Məclis başqanı Azər Qasımlı bildirib ki, bələdiyyə institutu yox dərəcəsində olduğundan dekabr seçkilərinə fərqli yanaşacaqlar:

“Böyük ehtimalla seçkilərdə iştirak etməyəcəyik. Amma seçkilərdə iştirak hələ müzakirədədir. İştirak qərarı olsa da, bütün bələdiyyələrdən namizədlərimiz olmayacaq. Yəni pilot layihəsi kimi bir neçə dairə götürüləcək, ancaq hələ müzakirə edirik. Səbəb ondadır ki, bələdiyyələrin səlahiyyəti yoxdur, ona görə bütün gücü bələdiyyə seçkilərinə yönəltmək yanlış olar, bu baxımdan parlament seçkilərinə hazırlaşırıq”.

azer-qasimli.jpg
Azər Qasımlı
Ana səhifəXəbərlərSiyasi partiyalar bələdiyyə seçkilərində iştiraklarına şühbə ilə yanaşırlar