İsmayıl Hüseynov – Niyə bu adam ( oxu: İntiqam Əliyev) türmədə yatmalıdır ? Camaata kömək eləyirdi.”
Əzizə Əliyeva- Hansı?
İsmayıl Hüseynov – İntiqam Əliyev. Niyə bu aparıcı (oxu: Seymur Həzi) türmədə yatmalıdır?
Əzizə Əliyeva- Hə, Seymur Həzi. Həmişə ona baxmışam.
İsmayıl Hüseynov – Türmədə yatsın o rüşvət alan prokuror. Türmədə yatsın o icra hakimiyyəti, özgənin torpağın satan.
Bu dialoq Hüseynovlar ailəsində gedir. Evdə nə olmasa da qəzet var. Evin xanımı deyir ki, çörəyi suya batırıb yeyərəm, amma hər gün 40 qəpik verib qəzet almalıyam. Onlar qəzet oxuduqlarından ölkədə və xaricdə baş verənləri əzbərdən bilirlər. Bu evdə iki nəfər yaşayır- 84 yaşlı İsmayıl Hüseynov və xanımı 67 yaşlı Əzizə Əliyeva. Onlar qəzetdə oxuduqlarını birlikdə müzakirə edirlər və bəzən mübahisələri də düşür. Birinin unutduğunu digəri xatırladır. ““Nida”-çılara mənim ürəyim yanır. Onlar mənim nəvəm yaşındadırlar. İndidən niyə qazamatda yatmalıdırlar? Kimsə Dubayda 75 milyona 11 yaşında oğluna villa alır, amma bu uşaqlar yatmalıdır. Niyə ? Nə var ki, düz danışıblar. Axı mən bunlara ürək ağrısı ilə baxıram” deyir İsmayıl Hüseynov.
Onlar qəzetdəki vicdan məhbuslarının adını əzbərdən bilirlər. Hətta ittiham olunduqları maddələri və məhbusların məhkəmədəki çıxışlarını sitat kimi çəkirlər. İsmayıl Hüseynov deyir ki, bütün vicdan məhbuslarının ittihamları qondarmadır :“Mən Rəşadəti özümə nəvə sayıram. Xaricdə oxuyan adamdır. Onun gələcəyi var. Bunun yerinə rüşvət alan prokurorları sal”.
Kişinin gözləri zəif görür, amma bu ona oxumaq üçün mane olmur. Lupa ilə gündəlik hadisələri izləyir. Və deyir ki, son vaxtlar oxuduqları onu hövsələdən çıxarır. “İcra hakimliyi vəzifəsi ilə 1 milyondan 5 milyon arasında alver edirlər. Bu, nə alverxanadır?”-İsmayıl Hüseynov hövsələdən çıxır.
İ. Hüseynov ölkədəki hadisələrdən danışır, doluxsunur, vicdan məhbuslarına görə göz yaşı tökür. Deyir ki, qoy azad olunsunlar əsa ilə gəzsəm də, onları qarşılayacam. “Mən fəxr edirəm ki, bizim Azərbaycanda belə balalarımız var”- deyir 84 yaşlı İsmayıl Hüseynov.