Yanvarın 7-də “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu mətbuat konfransı keçirib. Konfransda Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ötən ilin yekunları, o cümlədən gündəmdə olan məsələlər müzakirə olunub.
Elxan Şahinoğlunun bildirib ki, Azərbaycanı əhatə edən müharibələr, qonşu dövlətlər arasındakı gərgin münasibətlər bizi çox çətin seçimə sürükləyir:
“Bizim hakimiyyət balanslaşdırılmış siyasət elan edib. Amma bəzən bu siyasəti yürütmək çətinləşir. Hər halda varlığımızı məhz onda görürük ki, heç bir istiqamətdən təhlükə görmürük. Amma seçim zamanı da gəlir ki, sən kiminləsən və hansı istiqamətdəsən? Azərbaycanın qonşu dövlətlər olan Rusiya və İranla əlaqələri normal olmalı, inkişaf etdirməli, problem yaşamamalıdır. Amma əsas istiqamətlərdən biri də Qərbin siyasi və iqtisadi institutlarına inteqrasıya, o cümlədən də Türkiyə ilə əməkdaşlıqdır”.
Şərhçinin fikrincə, siyasi məhbusların əfvi Azərbaycan və Amerika arasında yeni səhifə aça bilər.
Konfransda çıxış edən siyasi ekspert İlqar Vəlizadə münaqişənin həlli ilə bağlı 2016-cı ildən də heç bir gözləntisi olmadığını deyib: “2016-cı ildə Azərbaycanda Formula-1 yarışları keçiriləcək. Bu yarışı keçirən tərəf, yarışlar zamanı ölkədə heç bir təhlükə olmamağı ilə bağlı öhdəlik götürür”.