”Siyasi məhbusların bir hissəsi yaxın zamanda azadlığa buraxıla bilər”

İntiqam Əliyev: ”Bu cür rəddetmə siyasətinin arzuolunmaz nəticələrə gətirib çıxaracağını hökumət anlamamış deyil”

Source:


İntiqam Əliyev: ”Bu cür rəddetmə siyasətinin arzuolunmaz nəticələrə gətirib çıxaracağını hökumət anlamamış deyil”


Avropa Şurası Nazirlər Komitəsi (AŞ NK) 6-8 dekabr 2016-cı ildə (1273 saylı) keçirilən toplantısında Azərbaycanla bağlı Avropa Məhkəməsinin iki işlə – İlqar Məmmədovun və Mahmudov və Ağayevin işi üzrə qərarların icra durumu ilə bağlı qərarını açıqlayıb.

Mahmudov və Ağayevin işi üzrə şikayətçiləri Strasburq Məhkəməsində təmsil etmiş hüquqşünas İntiqam Əliyev Meydan TV-yə NK-nın son qərarlarını şərh edib.

Hüquqşünas deyib ki, NK-nın müzakirəsinə çıxarılan Mahmudov və Ağazadə işi üzrə Avropa Məhkəməsinin qərarı 2008-ci ildə qəbul edilib və ifadə azadlığının pozuntusu ilə bağlı Azərbaycana qarşı çıxardığı ilk qərardır:

“Həmin işdə ərizəçilər “Müxalifət” qəzetinin yazarı Yaşar Ağazadə və baş redaktoru Rövşən Mahmudov qəzetdə “Taxıl mafiyası” adlı məqalədə o vaxtkı prezident H.Əliyevin qardaşı Cəlal Əliyevin kənd təsərrüfatı sahəsində fəaliyyətində korrupsiya faktlarıının olması barədə fikirlərə görə cinayət məsuliyyətinə cəlb olunmuşdular. Ölkədaxili məhkəmələr hər iki jurnalisti akademikə böhtan atmaqda təqsirli bilərək, onları 1 il müddətinə azadlıqdan məhrum etmişdi. Lakin amnistiya aktı ilə əlaqədar jurnalistlər cəzasını çəkməkdən azad edilmişdilər. Baxmayaraq ki, jurnalistlər faktiki cəzanı çəkməmişdilər, Avropa Məhkəməsi ifadə azadlığına görə jurnalistlərin cinayət məsuliyyətinə cəlb olunmasını qeyri-adekvat və ifadə azadlığına əsassız müdaxilə kimi qiymətləndirmişdi.

Bilirsiniz ki, üzv dövlətlərin AM-in qərarlarınən icrası ilə bağlı fərdi xarakterli tədbirlərlə (kompensasiya ödənişi və s.) yanaşı, ümumi xarakterli tədbirlər görmək öhdəliyi var ki, buna Avropa Şurası Nazirlər Komitəsi nəzarət edir. Bu işlə bağlı NK-nın bir neçə aralıq qərarı var və onlarda Azərbaycanda ifadə azadlığı ilə bağlı qanunvericiliyin və onun tətbiqi praktikasının Konvensiyaya uyğunlaşdırılması istiqamətində öhdəliklərini hökumətin lazımınca yerinə yetirmədiyi qeyd olunur”.

İntiqam Əliyev deyib ki, Mahmudov və Ağayevin işi üzrə AM-in qərarının icra durumu sonuncu dəfə NK-nın 2016-cı ilin iyun ayında keçirilən 1259-cu toplantısında müzakirəyə çıxarılıb. NK həmin qərarında hakimiyyəti diffamasiya qanunvericiliyindən ifadə azadlığını məhdudlaşdırılması məqsədilə istifadə hallarının aradan qaldırılması üçün təcili tədbirlər görməyə çağırıb:

“NK-nın son qərarında da bu qurum təəssüflə bildirir ki, 2016-cı ilin iyin ayından keçən dövr ərzində hökumət tərəfindən ifadə azadlığının məhdudlaşdırılması məqsədilə cinayət qanunvericiliyindən sui-istifadənin aradan qaldırılması, o cümlədən məhkəmələrin müstəqilliyini möhkəmləndirilməsi, prokurorluğun fəaliyyətində qanuniliyin təmin edilməsi istiqamətində görülən tədbirlər barədə NK-ya heç bir məlumat təqdim edilməyib.

Qərarda həmçinin hökumətin diffamasiya haqqında qanunvericiliyin adekvat tətbiqinin təmini üçün görülən tədbirlər haqqında məlumat təqdim etmədiyi qeyd olunmaqla yanaşı, zorakılığa və nifrətə təhriklə bağlı olmadığı halda azadlıqdan məhrumetməni nəzərdə tutan diffamasiya cinayətləri barədə Cinayət Məcəlləsinə edilən son dəyişikliklərdən ciddi narahatlıq bildirilir.

NK ifadə azadlığı ilə bağlı problemlərin həlli istiqamətində real addımların atılması üçün Azərbaycan Hökuməti ilə NK və onun Katibliyi arasında dialoqun vacibliyini təkrarlayıb. Qərarda qeyd olunub ki, Azərbaycan Hökuməti bu istiqamətdə Avropa Şurası ilə əməkdaşlığa hazır olduğunu bildirib”.

İ.Əliyev həmçinin bu işlə bağlı bir fakta da toxunub.

“NK-nın son toplantısı öncəsi Azərbaycan Hökuməti Mahmudov və Ağayevin işi üzrə “Amnesty International” təşkilatının təqdim etdiyi mülahizələri mövzu ilə bağlılığı olmadığı üçün tədbirdə yayılmasını məqsədəmüvafiq saymadığını bildirib. Azərbaycanın Avropa Məhkəməsindəki nünayəndəsi Çingiz Əsgərovun Amnesty-nin təqdim etdiyi sənədlə bağlı məktubunda göstərilir ki, beynəlxalq təşkilatın bu hesabatında həmin qərara ötəri istinad olunsa da, bu qərarın icrası ilə bağlı olmayan başqa məsələlərə toxunulur. Məktubda göstərilib ki, Avropa Məhkəməsinin qərarlarının icrası və AŞ NK-nın nəzarəti ilə bağlı prosedurların bu cür azad interpretasiyası çox şübhəlidir və ona görə də, bu sənəd yayılması üçün əsas yoxdur.

Amma AŞ NK-nın müvafiq qurumları bu etirazı əsaslı saymayaraq Amnesty-nin təqdim etdiyi sənədi toplantı iştirakçıları arasında yayıb, həmçinin onu rəsmi səhifəsində yerləşdirib.

“Amnesty İnternational” yaydığı sənəddə qeyd olunan qərarın icrası ilə bağlı həm qanunvercilikdə, həm də onun tətbiqi praktikasında ümumi xarakterli tədbirlər görmək öhdəliyini yerinə yetirmədiyini, əksinə, son dövrlərdə hökumətin ifadə azadlığına basqılarının gücləndiyini qeyd edib. Sənəddə göstərilir ki, tənqidçi səslərin boğulması, jurnalistlərin, bloqqerlərin, QHT liderlərinin, digər vətəndaş cəmiyyəti fəallarının hökuməti tənqid etdiklərinə görə narkotik, vergidən yayınma, xuliqanlıq və digər saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb olunmalarında əsas məqsəd hökumətin ölkədə tənqidi səsləri boğmaq istəyi ilə bağlıdır. Təşkilat Avropa Şurası Nazirlər Komitəsini Azərbaycan Hökumətindən ifadə, toplaşmaq, birləşmək və digər hüquq və azadlıqlarını həyata keçirdiklərinə görə həbs olunmuş bütün şəxsləri dərhal və şərtsiz azad etməyi, onların ədalətli məhkəmə araşdırması hüququnu təmin etməyi, ifadə azadlığına qarşı basqılara son qoymağı, azadlığa buraxılmış fəalların üzərindən bütün ittihamları götürməyi tələb etməyə çağırıb”.

İntiqam Əliyev bildirib ki, 4 ilə qanunsuz həbsdə yatan REAL Hərəkatının sədri İlqar Məmmədovla bağlı AM-in qərarının icra olunmadığı faktı NK-nın artıq səkkizinci qərarında əks olunur.

“NK bildirib ki, həmin işlə bağlı AM-in qərarının qüvvəyə minməsindən iki ildən artıq vaxt keçməsinə, NK-nın, AŞ-in Baş Katibinin çoxsaylı çağırışlarına baxmayaraq, o, hələ də həbsda saxlanılır.

Nazirlər Komitəsi son qərarında İlqar Məmmədovla bağlı öncəki qərarlarını, xüsusilə siyasətçinin dərhal azadlığa buraxılması ilə bağlı çağırışlarını bir daha Azərbaycan Hökumətinə xatırladıb. NK həmin qərarın icrasının təmin olunması tələbində qətiyyətli olduğunu bir daha vurğulayıb. Qərarda bunun üçün bütün vasitələrdən, o cümlədən İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 46.4-cü maddəsindən istifadə ediləcəyi bildirilib. Həmin normaya əsasən, Konvensiyaya üzv olan dövlətin AM-in qəti qərarını yerinə yetirməkdən boyun qaçırarsa, NK həmin dövlətə rəsmi xəbərdarlıq göndərdikdən sonra, NK-nın üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilmiş qərarla həmin dövlətin üzərinə götürdüyü öhdəliyi yerinə yetirib-yetirməməsi barədə məhkəməyə sorğu göndərə bilər”.

İntiqam Əliyev NK-nın son qərarları ilə bağlı məyusluğunu da gizlətməyib.

“NK hər dəfə öz qərarlarında hökumətin AM-in qərarların icrası ilə bağlı öhdəliklərini yerinə yetirmədiyi faktını təkrarlayır, baş verənlərdən narahatlığını bildirir, hökuməti problemlərin həlli ilə bağlı əməkdaşlığa, dialoqa çağırır. Hökumət isə hər dəfə əməkdaşlığa da, dialoqa da hazır olduğunu bəyan edir, amma sonradan problemlərin həlli istiqamətdə nəinki real addımlar atır, əksinə, qanunvericiliyi daha da sərtləşdirir, vətəndaş cəmiyyətinə basqıları gücləndirir, saxta ittihamlarla cinayət təqiblərini davam etdirir. Təbii ki, vətəndaş cəmiyyətinin NK-dan (elə AŞ-dan da), bu qurumun qərarlarında qeyd edildiyi kimi, daha qətiyyətli addımlar gözləməkdə haqqı var. NK narahat olmağında, çağırmağındadır, Hökumət isə günahsız adamları həbsdə saxlamağında, yenilərini tutmağında”.

Amma hüquqşünas hesab edir ki, ölkədəki ağır iqtisadi durumla bağlı rastlaşdığı çətinliklər səbəbindən bu cür rəddetmə siyasətinin arzuolunmaz nəticələrə gətirib çıxaracağını hökumət anlamamış deyil və İ.Məmmədov da daxil olmaqla siyasi məhbusların bir hissəsi çox güman ki, yaxın zamanlarda azadlığa buraxılacaqlar.

Ana səhifəXəbərlər”Siyasi məhbusların bir hissəsi yaxın zamanda azadlığa buraxıla bilər”