Siyasi məhbusları azad edib, Avropa Oyunlarına kölgə salmağın qarşısını almaq olar (VİDEO)


Avropa Oyunlarına bir aydan da az zaman qaldı. Ölkəyə turizm axını gücləndikcə, qadağalar da artır. Son vaxtlar Facebook-da bu yöndəki paylaşımları ilə diqqət çəkən ictimai fəal Bəxtiyar Hacıyevlə söhbətimizi mövcud problemlərin yaratdığı suallar üzərində qurduq.



B


əxtiyar bəy, mayın 9-da Facebook-da yazmısınız: Bakı Olimpiya Stadionunda Bakı-2015-in test mərasiminə baxdım, bir cümlə ilə belə təsvir etmək olar, heyif 8 milyard dollara, çox heyif. Əvvəla, 8 milyard rəqəminin  hardan aldığınızı aydınlaşdıraq, çünki iqtisadçılar Qubad İbadoğlu və Zöhrab İsmayıl 3,7 milyard xərcləndiyini yazmışdılar. 8 milyard haqqında Böyük Britaniya mətbuatı məlumat vermişdi, səhvdir…

–         Mən Böyük Britaniya mətbuatında yox, bu ölkədə Azərbaycanın iqtisadi uğurları ilə bağlı hazırlanmış sənəddə həmin rəqəmə rast gəldim. Sənəd rəsmi Bakıya kifayət qədər yaxın olan təşkilatlar tərəfindən hazırlanmışdı. Sənəddə göstərilirdi ki, Azərbaycan Avropa Oyunlarının keçirilməsi üçün 8 milyard dollar xərcləyib.  Amma istənilən halda 8, yaxud 3,7 milyard olsun, artıq vəsait xərclənib və bizim nə deməyimizdən asılı olmayaraq, vəsait geri qayıtmayacaq. Sadəcə düşünmək lazımdır ki, xərclənən vəsaitin qarşılığında Avropa Oyunları Azərbaycana nəsə gətirsin.



Əgər siz də hazırlıqların müsbət istiqamətdə getmədiyini deyirsinizsə, Avropa Oyunları Azərbaycana müsbət nə gətirə bilər?

–         Mənim heyifsilənməyim texniki məqamlarla bağlıydı. Amma ümumi şəkildə müsbət dividentlərdən danışmaq olar. Birincisi, Avropa Oyunlarının cəmiyyətdə barışa səbəb olub-olmayacağını düşünmək lazımdır. Bunun əsasında siyasi məhbusların azadlığa buraxılıb-buraxılmaması dayanır. Əgər Azərbaycan hakimiyyəti 28 May Respublika Günü ərəfəsində siyasi məhbusları əfv etsə, bu, cəmiyyətdə xoş ovqat yaradar, nəinki onların həbsdə saxlanılması. İkinci, Avropa Oyunları Azərbaycanı dünyada tanıdacaqmı? Hər halda bu qədər vəsait xərclənibsə, tanıdacaq. Amma müsbət, yaxud mənfi tanıdacağı da siyasi məhbuslar məsələsindən asılıdır. Hətta ilin əvvəlindən dünya mətbuatında oyunlarla bağlı yazılara baxsanız, çox rahatlıqla müşahidə etmək olar ki, istənilən yazının bir paraqrafı Azərbaycandakı insan haqları və azadlıqları ilə bağlıdır.  Bu mənada Azərbaycan hakimiyyəti və qərarvericiləri düşünməlidir ki, bu qədər böyük bir vəsait xərclənir və böyük bir tədbir keçirilir, bəs müəyyən insanları həbsdə saxlamağa dəyərmi? Hansı ki, dünya mətbuatı Azərbaycandakı insan hüquq və azadlıqlarından yazır. Bu gün hansısa tələbə universitet kitabxanasında arxivləri açıb, 100 il əvvəl olmuş hadisələr haqqında rahatlıqla məlumat ala bilir. Bax, Azərbaycanın indiki durumu barədə yazılan məlumatlar yalnız bu gün üçün deyil, tarix üçün də əhəmiyyətlidir. Ki, bu oyunlar dünya mətbuatında necə görünəcək və Azərbaycanın adı necə hallanacaq, mənfi, yoxsa müsbət?! Bu qədər böyük marağın qarşılığında 50, 30 siyasi məhbusun azadlığa buraxılmaması böyük siyasi səhv olardı.



Azərbaycanda 100-ə yaxın siyasi məhbus var, onların nə qədərinin azad olunması ehtimalını görürsünüz?

–         Bir çox insan var ki, məhkəmələri bitib, cəzalarının əhəmiyyətli hissəsini çəkiblər. Onlar azad edilsə, bu, cəmiyyətdə müsbət ovqat yarada bilər, dünya mediasında Azərbaycanla bağlı xəbərlərin mənfidən müsbətə yönlənməsinə səbəb olar. Çünki bir sıra beynəlxalq insan haqlarının müdafiə təşkilatları mövqelərini müəyyənləşdirmək üçün sırf bu ərəfəni gözləyirlər. Əgər hakimiyyət müsbət jest edərək onları azadlığa buraxsa, beynəlxalq qurumlar və ölkələr Avropa Oyunları ilə bağlı mövqelərini dəyişə bilərlər. Əks təqdirdə, müəyyən kampaniyalar gözlənilir. Hakimiyyət özü də müəyyən layihələrin surətlərini yaymışdı, bu kampaniyalar isə nə hakimiyyətin, nə də insan hüquqları təşkilatlarının marağında deyil. Hər iki tərəf qarşıdurmaya getməkdənsə, yaxşı olar ki, siyasi məhbuslar azad edilsin.



Hakimiyyət xoşməramlılıq göstərəcəkmi?

–         Mən ona ümid edirəm. Məntiqli olan odur ki, siyasi məhbusları azad edib, Avropa Oyunlarına kölgə salmağın qarşısını almaq olar. Bu yaxınlarda xarici dostumla söhbət edirdim. O deyir ki, onun üçün daha çox əziyyət çəkən adam oyunların piar meneceridir. Çünki həmin insan beynəlxalq insan hüquqlarının müdafiə şəbəkəsinin kampaniyasına qarşı elə bir fəaliyyət göstərməlidir ki, Avropa Oyunıları ilə bağlı xarici mətbuatda müsbət xəbərlər getsin. Bu, kifayət qədər çətin missiyadır. Ona görə rahat yol seçilsin, siyasi məhbuslar azad olunsun.



Ancaq rəsmi mətbuat da, o cümlədən, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da bildirdi ki, ABŞ dövlət katibi Con Kerri Azərbaycana qarşı “soyuq müharibə” aparır.  İnandırıcıdırmı ki, Amerika Azərbaycana qarşı belə bir təbliğat kampaniyasına start verib?

–         Dövlət səviyyəsində belə bir şey yoxdur. Mən amerikalı diplomatlarla da görüşürəm, bizim bəzi rəsmilərin açıqlamaları kifayət qədər paranoya olduğunu göstərir. Məsələn, XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bugünlərdə demişdi ki, Bakıda itlərin yandırılması haqqında video yayıldıqdan bir neçə dəqiqə sonra səfirliklərimizə  bir neçə min email məktubu göndərilib. Bu, mütəşəkkil kampaniya olduğunu deməyə əsas verir. Amma cənab Hacıyev unudur ki, Avropada yüzlərlə heyvan hüquqlarını qoruyan təşkilatlar və onların abunəsi olan yüzminlərlə insan var. Sadəcə, həmin təşkilatların öz üzvlərinə videonu göndərməsi başqa mənzərə yaradır.  Yəni onların səfirliklərə müxtəlif məktublar göndərməsinə start verilir.  Demək istəyirəm ki, bunların arxasında məqsədyönlü kampaniya dayanmır. İkinci sual, doğrudanmı, bütün dünya daha əhəmiyyətli məsələləri kənara qoyub, məhz Azərbaycanı hədəf seçib. Təəssüf ki, belə bir paranoya var, yəni  hər şeyin arxasında gizli məqsəd var.



Dövlət katibi Kerri Konqresdəki ofisini əlində ona görəmi saxlayıb ki, Azərbaycana qarşı kampaniya aparsın?

–         Mən inanmıram. Əksinə, amerikalı diplomatlarla müşahidələrim onu göstərir ki, onlar rəsmi Bakıyla münasibətlərin yaxşılaşdırılmasında kifayət qədər maraqlıdırlar, hətta dəfələrlə müsbət addımlar atdıqlarını deyirlər.



Məsələn, ABŞ-ın Azərbaycandakı yeni səfiri Gül Bayramında iştirak etdi…

–         Bəli, Gül Bayramında iştirak etdi. Həm də səfirliyin son bir il fəaliyyətinə baxsanız, görərsiniz ki, hakimiyyəti qıcıqlandıran açıqlama yoxdur. Baxmayaraq ki, ABŞ-ın dövlət katibinin gizli olaraq Azərbaycana qarşı işlər görməsi və 20 yanvarda Qorbaçova məktub yazması barədə deyilənlər ciddi ittihamlardır. Əgər səfirlik bunlara susursa, bu, Amerika- Azərbaycan münasibətlərinin korlanmasını istəmədiyinin göstəricisidir.



Paylaşımlarınızın birində yazmısınız: təkilatçılar elə bir vəziyyət yaratmalıdır ki, adamlar özlərini Gürcüstan-Azərbaycan sərhəddindəki kimi basabasda hiss etməsin. Doğrudanmı təşkilatçılıq işi zəifdir?

–         Mən hazırlıq tədbirlərinə mütamadi gedirəm. Həm Təşkilat Komitəsində çalışan dostlarım var, həm də özüm üçün tədbirin hansı səviyyədə keçirilməsi maraqlıdır. Stadionda ilk hazırlıq tədbiri  idi, cəmi bir neçə min nəfərin içəri buraxılmasını müşahidə edirdim, polislər və təhlükəsizlik işçiləri həmin insanları gözlənilən saatda yox, ondan bir neçə saat sonraya qədər yoxladılar.  Hiss olunur ki, hələ də polis nəfərlərinin şüurlarında sovet dövründən qalmış qadağalar var. Məsələn, bir neçə turistlə qarşılaşdım, onlar da tədbirə maraq üçün gəlmişdlıər, amma onlara şəkil çəkdirməyə imkan vermədilər, yaxud şəkil çəkdirirdilərsə, bir başqası onun sosial şəbəkələrdə paylaşmasına qadağa qoyurdu. Turistlər üçün bu gözlənilməz qadağa idi. Hətta şəkil çəkdiriblərsə, bunun sosial şəbəkədə yayılmasına  necə qadağa qoya bilərlər? Bax, onlar buna iradlarını bildirirdilər. Eyni zamanda, növbə mədəniyyəti ilə bağlı böyük bir problem vardı.



Problemi kim yaradır, insanlarımız buna hazır deyil, yoxsa təşkilatçılar vəziyyəti nizamlaya bilmirlər?

–          Hər iki tərəf məsuliyyət daşıyır. Həm insanlar özləri normal şəkildə növbəyə dayanıb tez yoxlamadan keçə bilərdilər, həm də müəyyən təbliğat aparılmır. Biri var oyunların Təşkilat Komitəsi, onlar kifayət qədər fəaliyyət göstərirlər, amma vətəndaşları yoxlayanlar polislərdir. Mən də misal gətirdiyiniz statusu yazdım ki, hələ bir neçə min nəfərin yoxlanması bu qədər çəkirsə, görün, sonra necə olacaq. Təşkilat Komitəsi artıq bu məsələlər ətrafında düşünməlidir,  əks halda, 30 min nəfərin səhərdən axşama qədər stadionun ətrafında gözlədilməsi mənfi xatirə kimi turistlərin yadında qalacaq.



Ancaq qadağalar davam edir, mitinqlərə icazə verilməməsi, avtobus marşrutlarının ləğvi, bunlara ehtiyac vardımı?

–         Onu Təşkilat Komitəsi daha yaxşı bilər.



Bəs siz kənardan necə görürsünüz?

–         Mitinqlə bağlı deyə bilmərəm. Amma nəqliyyatda sıxlıq yaranacaqdısa və bu, oyunların keçirilməsinə mane olacaqdısa, oyunlar dövründə bu addım normaldır.



Bu qadağalar növbəti qadağaları gündəmə gətirməyəcəkmi? Elə şəkil çəkməyi özünüz dediniz…

–         Bu, artıq köhnədən qalma qadağadır.



2009-cu il referendumunda bu yöndə Konstitusiyada müəyyən dəyişikliklər oldu…

–         Yox, ümumiyyətlə, sovetlər dövründə şüurlara yeridilib ki, müəyyən obyektlərin şəklini çəkmək olmaz. Amma o insanlar başa düşməlidir ki, indiki zamanda qələmin ucuna da kamera yerləşdirib istənilən obyekti çəkmək olar. Yaxud internetdə google şirkətinin imkanlarından istifadə edib istənilən obyekti götürə bilər. Yəni şəkil çəkdirən insanın məqsədi casusluq, yaxud məlumat toplamaq deyil. Onlar istədiyi məlumatı daha rahat yollarla toplaya bilərlər. Bu qadağaların qoyulması onu göstərir ki, müəyyən tərəflərin şüurunda Avropa Oyunlarına hazırlıq hələ yoxdur.



Yekunda son vaxtlar iş adamlarının həbsinə münasibətinizi bilmək istərdim. Bu həbsləri daha çox Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevlə bağlayırlar. Nə qədər iş adamının ölkədən çıxışına qadağa qoyulub və bir çoxu da həbs edilib, nə üçün lazım idi bunlar?

–         Məndə olan məlumata görə, həbslər Beynəlxalq Bankın verdiyi kreditlərlə bağlıdır. Bəlkə neftin qiyməti və hasilatı bu qədər aşağı düşməsəydi, manat devalvasiyaya uğramasaydı, kreditlərə o qədər də önəm verilməzdi. Amma indi elə bir dövrdür ki, hakimiyyət müxtəlif yollarla iqtisadi durumu da sabitləşdirməyə çalışır. Ona görə “heyif 8 milyarda” deyə statusunu yazmışdım. Düzdür, ölkənin tanınması üçün bu miqyasda tədbirlərin keçirilməsi normaldır, əgər buna imkan varsa. Adam var ki, 100 min kredit udur və ev tikməyə başlayanda birinci hovuzun tikintisinə start verir. Doğrudanmı, biz də hovuzdan başlamalıydıq? Yəni hovuzu tikirik, ancaq qonaq otağı və mətbəx yoxdur.



Necə ki, Lənkəranda körpü uçdu…

–         Yəni bu tipli problemlər ortaya çıxır və üstəgəl neftin qiymətinin aşağı düşməsi, Mərkəzi Bankın rezervlərinin sürətlə azalması Avropa Oyunlarından sonra çox ciddi iqtisadi çətinliklərin olacağını göstərir. Ona görə hökumət gözlənilən problemləri necə həll etməyin yollarını düşünməlidir. Bir çox insan Avropa Oyunlarının turizmin inkişafına səbəb olacağını deyir. Gəlin, görək öz çevrəmizdən necə nəfər tanyırıq ki, məhz Soçiyə, Pekinə və yaxud başqa bir ölkəyə məhz Olimpiya Oyunları orda keçirildiyi üçün gedib? İkincisi, ölkədə turizm inkişafı istənilirsə, ucuz hava yollarına şərait yaradılmalıdır. Heç bir avropalı tələbə və gənc 600-700 avro xərcləyib Azərbaycana uçmaq barədə düşünməz və bir gecəsi 80-100 avro hotellərdə qalmaz. Avropanın özündə kifayət qədər ucuz hava yolları var, hətta 9 avrodan 25 avroya qədər. O cümlədən, günlük 6 avrodan 15 avroya qədər hotel və hostellər var. Ona görə dövlət bunlar barədə düşünməlidir.

Ana səhifəVideoSiyasi məhbusları azad edib, Avropa Oyunlarına kölgə salmağın qarşısını almaq olar (VİDEO)