“Siyasi məhbuslara qarşı zorakalıq qeyri-insani davranışdır”

“Bütün özbaşınalıqların məhz hakimiyyət orqanları tərəfindən həyata keçirilməsi düşündürücüdür”

Source:


“Bütün özbaşınalıqların məhz hakimiyyət orqanları tərəfindən həyata keçirilməsi düşündürücüdür”

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı vətəndaş cəmiyyəti fəallarına qarşı həyata keçirilən son repressiyalar və qanunsuz məhkəmə hökmləri ilə bağlı bəyanatla çıxış edib.

Meydan tv-yə daxil olan bəyanatda son günlər ictimai- siyasi fəallara, jurnalistlərə, hətta həbsdə olan siyasi məhbuslara qarşı hakimiyyətin yeni təqib və təzyiq dalğasının başladığı qeyd olunub: “Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri, partiya fəalı Məmməd İbrahim barəsində çıxarılmış həbs-qəti imkan tədbirini siyasi sifarişdir. Belə ki, ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülməsinə baxmayaraq, məhkəmə onun barəsində həbs-qəti imkan tədbiri seçmişdir ki, bu da qanunların deyil, siyasi sifarişin nəticəsidir. Çünki həmin maddənin sanksiyasına görə təqsirləndirilən şəxs haqqında adətən həbs-qəti imkan tədbiri seçilmir. “Səhvi”- ni anlayan hakimiyyətin sonradan M. İbrahimə qarşı irəli sürülən ittihamı ağırlaşdırması və ona qarşı CM- nin 221.2.2- cü maddəsi ilə cinayət işinin davam etdirilməsi ittihamın əsassız, qurama və sifarişli olduğunu bir daha təsdiqlədi. REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədov həbsxanada dəfələrlə təqib və zorakılıqlara məruz qalmışdır. Bütün bu baş verənlərdən hakimiyyət dairələrinə müraciətlər olunsa da, nəinki heç bir tədbir görülməmiş, əksinə, cənab Məmmədov təkrar hücuma məruz qalmış və dəfələrlə ölümlə hədələnib. Problemin ən acınacaqlı tərəfi isə Məmmədovun sonuncu dəfə cəza çəkdiyi həbsxananın rəisi və onun müavinləri tərəfindən vəhşicəsinə döyülməsidir. İlqar Məmmədovun həbsxanadan azad edilməsi barədə Avropa Məhkəməsinin qərarı var və bu qərar icra edilmir. Onun vaxtaşırı olaraq zorakalığa məruz qalması, ölümlə hədələnməsi, əfv ərizəsi yazmasını tələb edilməsi qanunsuz və ikrah doğuran haldır. Bütün bu baş verənlər hakimiyyətin çirkin hərəkəti, qeyri-insani davranışıdır. Hakimiyyəti qanunlara hörmətlə yanaşmağı və bu kimi hallara son verməyə çağırırıq”.

Alyans həbsdə olan siyasi məhbus, hüquq müdafiəçisi Leyla Yunusun səhhətindən narahat olduğunu bildirir, onun ağır xəstəlikdən əziyyət çəkməsini nəzərə alaraq, hakimiyyətdən inadından dönməsini, yaşlı xanıma qarşı qisas iddiasından geri durmasını və xanım Yunusu dərhal azad edilməsini tələb edir.

“Ölkə jurnalistikasında kifayət qədər tanınmış və müstəqil fikirləri ilə seçilən jurnalistlərin mütəmadi olaraq istintaqa çağırılma və təqib edilməsi halları son vaxtlar daha ciddi vüsət alıb. Əsasən Meydan TV- yə və bu kanal ilə əməkdaşlıq edən jurnalistlərə yönəlmiş təqiblər ciddi narahatlıq doğurur. Bu halın onların hakimiyyətlə fərqli düşünmələri və müstəqil jurnalistika fəaliyyətləri ilə bağlı olduğu şübhəsizdir. Alyans müstəqil jurnalistlərin istintaq adı altında təqiblərə məruz qalmasını kəskin şəkildə qınayır, hakimiyyətə Konstitusiyanın maddələrini xatırlatmaqla, ona hörmət və əməl etməyə çağırır. Meydan TV-nin əməkdaşı Günel Mövlüdün iki qardaşının şərlənərək həbs edilməsi, bunun ardınca isə onun adı çəkilən media orqanı ilə əməkdaşlığını durdurmasının tələb edilməsi hakimiyyətin azad mediaya qarşı apardığı mübarizənin tərkib hissəsidir.

Bütün bu olayın ardınca isə jurnalisti susdurmaq məqsədilə hakimiyyət son zamanlar geniş istifadə etdiyi çirkin əmələ əl atmış, xanım Mövlüdün anasını qızından imtina etməsi ilə bağlı bəyanat verməyə məcbur edir. Bütün bu halların hansısa terror qrupu tərəfindən deyil, məhz hakimiyyət orqanları tərəfindən həyata keçirilməsi daha da düşündürücüdür”,- deyə Alyansın bəyanatında bildirilir.

Alyans hakimiyyətdən Günel Mövlüdün ailəsinə qarşı aparılan qisasçılıq siyasətindən əl çəkməsini, onun siyasi sifariş əsasında şərlənərək həbs edilmiş iki qardaşını dərhal azad etməsini və bu kimi hallara son verilməsini qəti şəkildə tələb edir.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı qurumun koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyevin övladı Əlgüşad Gülalıyevin məhkum edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin, eləcə də AXCP fəalı Murad Adilov haqqında Şirvan Apellyasiya Məhkəməsinin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanması ilə bağlı qəbul etdiyi qərarları, həmçinin həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun qardaşının dəfninə buraxılmamasını pisləyir. Alyans məhbus Vüqar Əliyevin uzun müddətli aclıq aksiyası keçirməsindən narahatlığını bildirir, aidiyyatı qurumları ona qarşı irəli sürülmüş cinayət işi ilə bağlı ittihamlara yenidən ədalətli baxılmasını tələb edir.

Ana səhifəXəbərlər“Siyasi məhbuslara qarşı zorakalıq qeyri-insani davranışdır”