“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı bəyanat yaydı
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı vətəndaş cəmiyyəti fəallarına qarşı edilən təzyiqlər, son həbslər və siyasi məhbusların sağlıq durumundakı problemlərlə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir;
“”Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı ölkədə baş verən son həbslər, repressiyalar və siyasi məhbusların səhhətində yaranan problemlərlə bağlı narahatlığını ifadə edir. Belə ki;
1
. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən siyasi fəal, AXCP üzvü Hicran Qasımov qondarma ittihamla həbs edilib, daha sonra isə onun ailə üzvləri, o cümlədən 74 yaşlı anası Rahilə Qasımova və həyat yoldaşı Səadət Qasımovaya zorakılıq və təzyiq edilərək polis bölməsinə aparılıb. Hicran Qasımovun həbs edilməsi, onun ailə üzvlərinə qarşı edilən qanunsuzluq və zorakılıq hərəkətləri hakimiyyətin siyasi maraqlarının ifadəsidir.
2. AXCP Təşkilat Şöbəsinin rəhbəri, Milli Şuranın siyasi məhbusların müdafiəsi ilə bağlı keçirdiyi son iki mitinqin əsas təşkilatçılarından olan Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirlinin həbs edilməsi hakimiyyətin onun atasından qisas almaq cəhdi kimi qiymətləndirilməlidir.
3
. Tanınmış vəkil Elçin Namazovun Xətai rayon Məhkəməsi tərəfindən 15 sutka inzibati həbs cəzasına məruz qalması, ofisində DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qeyri- qanuni axtarış aparılması, sənədlərin götürülməsi vəkilin siyasi işlərdəki fəallığı ilə bağlı olduğunu düşünməyə əsas verir.
4
. AXCP Rəyasət Heyətinin üzvü, səhhətində ciddi problemləri olan Qarabağ qazisi Asif Yusiflinin oğurlanması və bir gün sonra “dələduzluq”, “sənədlərin saxtalaşdırılması” ittihamı ilə gizli şəkildə məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbirinin seçilməsində siyasi çalarlar mövcudur.
5. Qanunsuz həbsdə olan tanınmış hüquq müdafiəçisi Leyla Yunusun, REAL sədri İlqar Məmmədovun, Musavat başqanının müavini Tofiq Yaqublunun, jurnalist Əvəz Zeynallının və digərlərinin səhhətində davamlı olaraq ciddi problemlərin meydana gəlməsi və Penitensiar Xidmətin bu problemləri ört- basdır etməsi narahatlıq doğurmaqdadır. Xüsusən L. Yunusun sağlıq durumunun kritik mərhələyə qədəm qoymasına baxmayaraq, hakimiyyətin onun müalicəsi üçün normal şərait yaratmaması və onu həbsdə saxlaması qadın siyasətçiyə olan qisasçı münasibətin göstəricisi hesab oluna bilər.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı bir daha hakimiyyəti ictimai- siyasi fəallara qarşı apardığı təzyiq kampaniyasına son qoymağa, həbsdə olan siyasi məhbusların səhhətində yaranan problemlərin aradan qaldırılması üçün onlara təcili lazımi tibbi yardım gəstərməyi, eləcə də həbsdə olan bütün siyasi məhbusları qeyd- şərtsiz azadlığa buraxmağı tələb edir.”