Siyasi məhbuslar aclıq aksiyasına başlaya bilərlər

13 saylı Cəzaçəkmə Müəssisəsində Tofiq Yaqublu, Pərviz Həşimli, Əbdül Əbilov, Anar Məmmədli, İlkin Rüstəmzadəyə qəzet verilmir

Source:


13 saylı Cəzaçəkmə Müəssisəsində Tofiq Yaqublu, Pərviz Həşimli, Əbdül Əbilov, Anar Məmmədli, İlkin Rüstəmzadəyə qəzet verilmir

13 saylı Cəzaçəkmə Müəssisəsində siyasi məhbuslara qəzet verilmir. Bu barədə siyasi məhbus Tofiq Yaqublunun qızı Nigar Yaqublu Meydan TV-yə məlumat verib. O deyib ki, bu gün (red.17 fevral) atası ilə danışıb. T. Yaqublu deyib ki, ona nə “Azadlıq”, nə də “Yeni Müsavat” qəzetləri verilir.

Siyasi məhbus deyib ki,  Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri cəzaçəkmə müəssisəsində onlara baş çəkib. T.Yaqublu onlara qəzet verilmədiyini nümayəndələrə bildirib. Nümayəndələr gedəndən sonra müəssisə rəhbəri ancaq siyasi məhbuslara qəzet verilməsini bərpa edəcəklərini deyib. “Ancaq bir şərtlə ki, onlara bir otaq ayrılacaq və ancaq orada oxuya biləcəklər, yalnız qəzet bütün məhbusların saxlanıldığı yerə keçməməlidir. Bununla razılaşsalar da, rəis sözünün üstündə durmur və onları aldadır. Hər gün bəhanə gətirir ki, qəzet yalnız kimə gəlibsə, o oxuya bilər. Gərək hər məhbusun ailəsi gələndə onun üçün qəzet gətirsin. Ancaq görüş günü iki həftədən birdir, həm də hər məhbusun görüş günləri fərqlidir. Rəis deyir, qəzeti hər gün gətirsinlər, oxuyun”- Nigar Yaqublu deyib.

O bildirir ki, qəzetin hər gün cəzaçəkmə müəssisəsinə aparılması mümkün deyil, çünki yol uzaqdır və əzablıdır. N. Yaqublu “abunə yazıldıqları halda siyasi məhbuslara niyə evdən qəzet gətirilməlidir”- deyə  soruşur.

T. Yaqublu fevralın 4-dən “Yeni Müsavat” qezetinə abunə yazılıb, amma  ona hələ də qəzet verilməyib.

Penitensiar Xidmətin mətbuat xidmətindən Meydan TV-yə bildiriblər ki. təqsirləndirilən şəxslər və məhkumlar qanunvericiliyə uyğun olaraq yaxınları vasitəsilə istədikləri dövrü mətbuata abunə ola bilərlər. “Həmin dövrü mətbuatın poçtla daxil olduğu təqdirdə təqsirləndirilən şəxsə və ya məhkuma çatdırılması tam təmin edilib. Yaranan fasilələr yalnız məhkumların saxlanılma yerinin dəyişməsi ilə bağlı olur. Belə hallarda həmin mətbu nəşrlərin yeni ünvana göndərilməsi məsələsini abunəni apamış şəxs mətbuat yayım şirkəti ilə özü həll etməlidir”.

13 saylı cəzaçəkmə müəssisəsində siyasi məhbuslardan Pərviz Həşimli, Əbdül Əbilov, Anar Məmmədli, Tofiq Yaqublu, İlkin Rüstəmzadə cəza çəkirlər. Onların heç birinə qəzet verilmir. Siyasi məhbuslar vəziyyətin bu cür davam edəcəyi halda aclıq aksiyasına başlayacaqlarını bildiriblər.

Ana səhifəXəbərlərSiyasi məhbuslar aclıq aksiyasına başlaya bilərlər