Siyasi məhbus siyahısında olan iki nəfər azadlığa buraxılıb

Aydın Səfərli və Sirac Rəhimovun həbs müddəti başa çatıb

Source:
Siyəzən məhbusları
Siyəzən məhbusları


Aydın Səfərli və Sirac Rəhimovun həbs müddəti başa çatıb

Siyəzən hadisələrinə görə həbs edilən Aydın Səfərli fevralın 22-də, Mingəçevir hadisələrinə görə həbs olunan Sirac Rəhimov isə fevralın 25-də onlara verilən həbs müddəti başa çatdığı üçün azadlığa çıxıblar.

Bu barədə məlumatı hüquq müdafiəçisi Samir Kazımlı verib.

2015-ci ilin avqust ayının 20-də Mingəçevir sakini Bəhruz Hacıyevin polis şöbəsində müəmmalı ölümü ilə bağlı avqustun 22-də Mingəçevirdə keçirilən etiraz aksiya zamanı həbs edilənlərdən 5 nəfəri barəsində Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silah, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə cinayət işi açılmışdı və sonra onlar məhkəmə hökmü ilə azadlıqdan məhrum ediliblər.

2016-cı il yanvarın 12-i və 13-də Siyəzəndə unun və digər məhsulların qiymətlərinin artırılmasına etiraz olaraq bir qrup sakin Siyəzən Rayon İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirib. İcra hakimiyyətinin başçısı etirazçılara tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verdikdən sonra sakinlər dağılışıb. Bundan sonra gecə saatlarında bir çox etirazçı saxlanıb.

Bir neçə nəfərin barəsində inzibati cəza çıxarılıb. 11 nəfər isə cinayət məsuliyyətinə cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221- ci (xuliqanlıq), 228-ci (qanunsuz olaraq odlu silah daşıma və gəzdirmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittihamlar irəli sürülüb.

Quba Rayon Məhkəməsinin 28 mart 2017-ci il tarixli hökmü ilə həmin şəxslərə – Müslüm Əzimov 6 il, Zaur Şəkərov 6 il, Elçin Əliyev 5 il, Talıb Ağamalıyev 5 il, Kamran Abdullayev 5 il, Nizami Qəniyev 5 il, Çoşqun Bəğişov 4 il, Fariz Kərimov 4 il, Namiq Məstanov 4 il, Abasət Süleymanov 4 il və Aydın Səfərli 2 il (fevralın 22-də azadlığa çıxıb) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.

Sumqayıt Apellyasiya Məhkəməsi 28 dekabr 2017-ci il tarixli qərarı ilə Zaur Şəkərovun cəzasını 2 il, Müslüm Əzimov, Elçin Əliyev, Kamran Abdullayev və Nizami Qəniyevin cəzasını 1 il, Fariz Kərimov, Namiq Məstanov, Abasət Süleymanov və Çoşqun Bəğişovun cəzasını isə 6 ay müddətinə azaldıb, digər şəxslər barəsində birinci instansiya məhkəməsinin hökmü olduğu kimi qüvvədə saxlanılıb.

Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrup adları çəkilən məhbusları siyasi məhbus kimi tanıyıb.

Ana səhifəXəbərlərSiyasi məhbus siyahısında olan iki nəfər azadlığa buraxılıb