Onun həbsinin və ölümünün əsl səbəbi bəlli olmadı
Saxlanıldığı məhbəsdə həyatını itirəndə cəmi 33 yaşı vardı. 18 noyabr 2007-ci ildə vəfat etsə də, ölümü ictimaiyyətə bir həftə sonra açıqlanıb.
Bu, onun ikinci həbsi idi. İlk dəfə isə 28 yaşında dəmir barmaqlıqlar arasına düşmüşdü.
İndi Faina Kunqurovanın adı Avropa Şurasının Azərbaycan üzrə siyasi məhbuslar siyahısına daxil edilən birinci qadın kimi çəkilir. Əslində isə o, azadlıq, ədalət və demokratiya uğrunda fəal mübarizə aparan qadınlardan biridir.
Doğum adı Fəridə Mehman qızı Tağıyeva olan Faina Kunqurova 1974-cü ildə azərbaycanlı-erməni ailəsində doğulub və sonradan yəhudi bir qadın tərəfindən övladlığa götürülüb. Özünün də bir övladı olub.
1990-cı illərin sonunda o dövrün müxalif partiyalarından olan Azərbaycan Demokrat Partiyasının (ADP) sıralarına qoşulub. Etiraz aksiyalarının önündə gedən fəallardan olub.
Partiya yoldaşlarının sözlərinə görə, hətta bəzən siyasi rəhbərlərinin də sözünə məhəl qoymadan aksiyalarda iştirak edirmiş.
2001-ci il martın 26-da Səbail Rayon Prokurorluğunda Faina Kunqurovaya qarşı Cinayət Məcəlləsinin 132-ci (adam döymə) maddəsi ilə cinayət işi açılıb. Buna səbəb Kunqurovanın qonşusu Zöhrə Əliyevanın, onu döydüyünü, nalayiq söyüşlər söylədiyini, bıçaqla hədələdiyini və yüngül bədən xəsarətləri yetirdiyini iddia eləməsi olub. Daha sonra 132-ci maddə 221.3-cü (xuliqanlıq) maddəsi ilə əvəzlənib.
2001-ci il avqustun 24-də cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Burada Kunqurova məhkəmə kollegiyasının heyətinə etiraz edib və iş Nəsimi Rayon Məhkəməsinə verilib. Kunqurova burada da məhkəmə kollegiyasının heyətinə etiraz edib. Bundan sonra iş əlavə araşdırma üçün geri göndərilib.
2002-ci ilin aprelin 24-də Kunqurova müstəntiq tərəfindən dindirilməsi üçün çağırılıb.
Siyasi fəal müstəntiqə mitinqə getməyə tələsdiyi üçün vaxtının az olduğunu deyib. Bundan sonra o, polisləri “təhqir etmə” bəhanəsi ilə saxlanılıb və Səbail Rayon Məhkəməsinin qərarına əsasən onun barəsində 10 gün müddətinə inzibati həbs cəzası seçilib. Mayın 4-də azadlığa buraxılmalı olsa da, barəsində açılan cinayət işinə görə 2001-ci ilin martında seçilən “ev dustaqlığı” qərarı “həbs qətimkan” tədbirinə dəyişdirilib. Həbs qərarından sonra Azərbaycan İnsan Hüquqları Təşkilatları Federasiyası Faina Kunqurovanı siyasi məhbus olaraq tanıyıb və iş üzrə materiallar Avropa Şurasının monitorinq qrupuna göndərilib.
2002-ci il iyulun 18-də Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən Faina Kunqurova 3 il müddətinə azadlıqdan məhrum edilib.
İki il sonra, 2004-cü il mayın 10-da beynəlxalq ictimaiyyətin, ilk növbədə, Avropa Şurasının çoxsaylı və israrlı tələblərindən sonra Faina Kunqurova əfv olunaraq azadlığa buraxılıb.
Kunqurova ikinci dəfə – 2007-ci ildə saxlanıldığı Şüvəlan İstintaq Təcridxanasında əsassız həbsinə etiraz edərək aclıq aksiyasına başlayıb. Rəsmi məlumatlarda 18 noyabr 2007-ci ildə Ədliyyə Nazirliyinin Böyükşorda yerləşən Müalicə Müəssisəsində vəfat etdiyi bildirilir, Amma bu müəmmalı ölümün səbəbi açıqlanmır.
O dövrdə İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov deyirdi ki, Ədliyyə Nazirliyi Müalicə Müəssisəsinin baş həkimi, tibb xidməti polkovnik-leytenantı Rəşad Dəmirov ona Kunqurovanın ölümü haqda məhkəmə-tibb ekspertizasının rəyini təqdim edib:
“Məhkəmə tibb-ekspertizasının rəyinə görə, Faina Kunqurova kəskin ürək çatışmazlığından vəfat edib“.
Böyükşorda yerləşən müalicə müəssisəsində Kunqurova ilə eyni kamerada saxlanan şəxslərlə söhbətindən sonra Elçin Behbudov onun ölümü ilə bağlı rəsmi versiyaya şübhə etdiyini bildirirdi:
“İdmançı qadın idi. Çox sağlam idi. Əgər o, tutulmasaydı, ölməzdi”.
Kunqurovanın fiziki cəhətdən sağlam olduğunu onu 5 ilə yaxındır tanıdığını bildirən Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus da təsdiq edirdi. Həbs edilməzdən bir neçə gün öncə isə Kunqurova Sülh və Demokratiya İnstitutuna gələrək Leyla Yunusa xarici ölkələrdən birinə mühacirət etmək fikrində olduğunu bildirib:
«Deyirdi ki, mən heç yerdə özümə iş tapa bilmirəm. Qızımı saxlaya bilmirəm. Ona görə də xarici ölkələrdən birinə getmək, sığınacaq almaq istəyirəm».
Leyla Yunus Kunqurovanın ölümü ilə bağlı bütün məsuliyyətin heç bir əsas olmadan onun haqqında həbs-qətimkan tədbiri seçən hakimin, Şüvəlan istintaq Təcridxanasının və Böyükşor Müalicə Müəssisəsinin rəhbərliyinin üzərinə düşdüyünü bildirirdi. İnsan haqlarının müdafiəçisi deyirdi ki, indi bu şəxslər Kunqurovanın ölümü ilə bağlı ziddiyyətli informasiyalar yaymaqla faktiki baş verənləri gizli saxlamaq istəyirlər:
«Sağlam və bir cavan qadının ölümünə, onun övladının isə yetim qalmasına bais olan cinayətkarlar indi istəyirlər ki, onların cinayəti açılmasın və məhkəmə qarşısında məsuliyyət daşımasınlar».
Faina Kunqurovanın ikinci həbsinin dəqiq səbəbi də bilinmir. Həmin dövrdə yaxınları “Kavkazskiy Uzel”ə danışmışdılar ki, polis onu “dövlət başçısının kortejinin getdiyi magistral yola şübhəli şəkildə yaxın olduğu üçün” saxlayıb.
Polis Kunqurovanın çantasına baxış keçirən zaman Milli Məclisin eks-spikeri, Demokrat Partiyasının lideri Rəsul Quliyevin şəklini aşkar edib. Yaxınları hesab edirlər ki, Kunqurovanın saxlanmasının əsl səbəbi bu olub. Hüquq-mühafizə orqanları da Kunqurovanı narkotik saxlamaqda ittiham ediblər.
Faina Kunqurova bu dəfə həbsinə aclıq aksiyası keçirməklə etiraz edib və qısa müddət ərzində, həbsindən bir neçə həftə sonra müəmmalı şəkildə həyatını itirib.
Faina haqqında məlumatlar o qədər də çox deyil. Yalnız həmin dövrün çap mətbuatında onun siyasi fəaliyyət və ölümü haqqında xəbərlər var.
“Chaikhana” platforması “Fainanın sirri” qısametrajlı sənədli animasiya hazırlayıb. Ssenari müəllifi və rejissoru Durna Səfərova olan film Kunqurovanın həyatına qısa bir baxışdır. Film Fransada Ansi Festivalının 60-cı buraxılışında dünya premyerasından sonra 18 ölkədə 20-dən çox festivalda nümayiş etdirilib.