2023-cü ilin sonlarından başlayaraq Azərbaycanda azad söz və demokratik təşəbbüslərə qarşı repressiyalar sistemli xarakter alıb. Hazırda rejimin hədəfində olan siyasətçilərdən biri də həbsdə olan Qarabağ qazisi Ruslan İzzətlidir.
Ruslan İzzətli kimdir?
Ruslan İzzətli 18 aprel 1989-cu ildə Ağdamda anadan olub. Orta təhsilini Bərdə rayonunda alıb.
2012-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin incəsənət tarixi fakültəsində bakalavr dərəcəsinə yiyələnib.
2009-2012-ci illərdə Bütöv Azərbaycan Gənclər Təşkilatının sədri olub.
2012-2013-cü illərdə Ümid Partiyasının İdarə Heyətinin üzvü və sədr müavini olub. 2013-cü il prezident seçkilərindən sonra partiyadan istefa verib.
2011-ci ildə Strasburqda Avropa Şurası yanında Siyasi Elmlər Məktəbini bitirib.
2013-cü ildə “D18” hərəkatını yaradıb və 2021-ci ilə qədər sədri olub.
2015 və 2020-ci illərdə parlament seçkilərində namizəd kimi iştirak edib.
2019-cu ildə İstanbulda Bahçeşehir Universitetində Beynəlxalq münasibətlər və qlobal siyasət üzrə magistratura pilləsini bitirib.
2019-cu ildə ABŞ Dövlət Departamentinin IVLP (International Visitor Leadership) proqramının iştirakçısı olub.
2020-ci ildə səhhətində ciddi problemlərin olmasına baxmayaraq, qanunsuz olaraq hərbi xidmətə aparılıb. İkinci Qarabağ müharibəsinin iştirakçısı olub, “Füzulinin işğaldan azad edilməsinə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Ötən ilin dekabrında yaradılmış III Respublika Platformasının Qurucu Heyətinin üzvüdür.
Ruslan İzzətli 2024-cü ilin martında “Toplum TV” işi ilə bağlı saxlanılıb. O, qaçaqmalçılıqda ittiham olunsa da, bu ittihamın saxta və böhtan olduğunu deyir, həbsini birbaşa siyasi fəaliyyəti ilə əlaqələndirir.