Siyasi məhbus olsaydım… – İqbal Ağazadə yazdı

Source:


“Yalnız Azərbaycan istiqlalını müdafiə edəcəyiz. Eyni zamanda bolşeviklərlə mübarizə edərkən və istiqlalımızı müdafiə edərkən elə etməməliyik Denikinin istiqlaliyyətini müdafiə edək. Biz yalnız Azərbaycan istiqlalını müdafiə edəcəyik. Bu nöqteyi-nəzərdən bu, qətiyyət siyasətidir, təhəssür siyasəti deyil” (M.Ə.Rəsulzadə, 26 may, 1919-cu il parlamentin 41-ci iclasındakı çıxışından).

Vətən üçün vuruşanda da, demokratiyanı, insan haqlarını müdafiə edəndə də, sosial siyasətə etiraz bildirəndə də, haqqı tapdalananların yanında olanda da, imzamı bir yerə atanda da, yalnız Azərbaycan istiqlalını düşündüm. Bəziləri kimi hirsin, kinin, qəzəbin, mənə olan münasibətin pəncərəsindən siyasətə baxmadım.

“Dövlətmi, insanmı” dilemması qarşısında qalmadım. Dövlətin insan üçün olduğunu anlayıb, insanın ləyaqətli yaşaması üçün əvvəlcə dövlətin olması zərurətini dərk etdim. Yoxsa sovet dönəmində insanlığımızı almamışdılar ki?! Ya bu gün mübarizə aparan güneyli qardaş və bacılarımız insanlıqdan çıxmayıblar ki?! Yox, sadəcə böyük və hüquqları tanınan insan olmaq üçün mütləq milli dövlət lazımdır. Ona görə də mənim, sənin, bizlərin hüquqlarının tapdalandığına məhz dövlət olmaq üçün bəzən də dözməyə məcburuq.

Bu gün Azərbaycanda bütün sferalarda hüquqları tapdalanan nə qədər desəniz insan var. İlk fürsətdəcə bu insanların hüquqlarını qorumağı vətəndaş və siyasi vəzifəmiz bilirik. Hər addımda çalışırıq ki, Azərbaycan insanının yanında olaq. Hakimiyyətin strukturlarından da ardıcıl olaraq bunu istədik, tələb etdik. Tələb etdik ki, azad, demokratik, güvənli Azərbaycan dövləti quraq.

Biz heç vaxt hakimiyyət və dövlət anlayışını qarışıq salmadıq. Lakin hakimiyyətin səhvləri ucbatından Azərbaycan dövlətini də kimsənin ayaqları altına atılmasını qəbul etmərik. Heç kim iddia etməsin ki, bu gün dünya Azərbaycanda insan haqlarının qorunması üçün ayağa qalxıb. Biz 2000-2003-cü illərdə də mövqeləri görmüşük, bu gün də fərqindəyik.

Rusiya ilə qərbin savaş açdığı zaman, biz qərbi tərcih edirik. Ən doğru olan da budur. Çünki nicatımız demokratik dünyanın yanında yer almaqdan keçir. Təhlükənin şimaldan gəldiyini bilirik.

Bəs nədən hamı Azərbaycanın Rusiyanın yanında yer almasına çalışır?! Niyə bizi Rusiyanın qucağına sürükləyirsiniz?! Kimsə doğrudanmı fərqində deyil ki, Avropada əleyhimizə əsas iş aparan məhz Azərbaycanı Rusiyadan ayrı görmək istəməyənlərdir?

İnsan haqlarını qorumaq, siyasi məhbusları azad etmək üçün Almaniya, Böyük Britaniya, Fransa, İtaliya kimi dövlət başçılarının Bakıya gəlişi və rəsmi, qeyri-rəsmi görüşlərdə prezidentlə insan haqları, demokratiyanın vəziyyətini müzakirə etmələri yaxşı idi, yoxsa bir bəyanat daha təsirli gücə malikdir?!

Bəlkə əslində hamımız onların gəlişi üçün çalışmalı idik?! Bəlkə vahid məktub da imzalamalı idik ki, mütləq Azərbaycana gəlin və cənab İlham Əliyevlə insan haqlarını hamınız müzakirə edin?! Əgər insan haqları və demokratiyanı dəyər olaraq qəbul edirsinizsə, əgər bizim demokratik dünyanın yanında olmağımızı istəyirsinizsə, Rusiya təhlükəsini real sayırsınızsa, mütləq gəlin. Gəlin ki, bizi Avropadan və Avropa dəyərlərindən kimsə qopara bilməsin. Bəlkə Avropa dəyərlərindən uzaq durmaq istəyən Azərbaycan iqtidarını zorla da olsa Avropadan ayrılmağa qoymamalıyıq?!

Axı Avropa siyasi coğrafiyasının alternativi Rusiyadır. Hamı bunu bilə-bilə yanlış yapan hakimiyyətin daha çox yanlış yapmasını və ölkənin ziyan çəkməsini istəyir?!


Yenə qrup və firqə marağı?!!

Siyasi məhbusların hüquqlarını müdafiə edərkən onların da mübarizə apardığı dövlət maraqlarını necə güdaza vermək olar? İqtidardan fərqimiz nədir? Onlar burda Avropa strukturları qarşısında piket keçirərkən, biz də Avropada dövlətimiz əleyhinə qərar çıxarın, demirikmi? Yox, cənablar, məni inandırmayın ki, strukturların qərarları iqtidarlara qarşıdır. Əbülfəz Elçibəyin devrilməsi qərarını çıxaran xarici strukturlar ziyanın böyüyünü Azərbaycana vurmadılarmı ?!

907-ci əlavə qəbul olunanda sevinənlər onun iqtidara yox, Azərbaycana zərərinin şahidi olmadılarmı?

İnsan haqlarının pozulması ilə bağlı iqtidara qarşı kəsiləcək cəzaların bədəlini də sən, mən, biz, nəhayətdə, Azərbaycan ödəməyəcəkmi?

Mənə sual ünvanlaya bilərsiniz – bəs haqqı tapdalanan yüzlərlə vətəndaşımız nə olsun?

Haqqı tapdalanan vətəndaşlarımızın 9 milyon olmaması üçün fədakarlıq da etməyi bacarmalıyıq. Yüzlər, minlər toplumun hüquqları üçün vuruşursa, əgər səmimidirsə, nədən ağrı-acını udmamalı, gələn təhlükəni görməməli, öz azadlığımızdan cəmiyyət azadlığı üçün keçməyi bacarmamalıyıq ??

Sabah müharibə başlasa orda günahsız insanlar var deyib kim savaş uçaqlarını havaya qaldırmayacaq ki?? Kim atdığı güllənin dinc sakinə dəyəcəyindən qorxub silahını geri çevirəcək ki??

Sizcə bizim ərazi bütövlüyümüzə səs verməyənlər Dağlıq Qarabağın bizim olduğunu bilmirlərmi?? Yoxsa XXI əsrdə Xocalıdan xəbərləri yoxdur, yoxsa erməni-rus birləşmələrinin ərazimizin 20 faizini işğal etdiyini görmürlər??

Bəlkə 1915-ci il qondarma soyqırımı tanımaqla xalqlararası dostluğa deyil, nifaqa səbəb ola biləcək qərarlarının fərqində deyillər?? Fərqindədirlər, lakin ölkələrinin cəmiyyətlərinin, coğrafiyalarının, hakimiyyətlərinin maraqları bunu tələb edir. Yoxsa hamısını, vicdansız və nadan hesab edirsiniz? Mən onları qınamıram – hər kəs əvvəlcə öz toplumunun marağını nəzərə alır.

Azadlıq həm də qurban tələb edir. Mücadilə aparanların hamısı zaman-zaman nələrisə qurban vermədimi??

1993-cü ildə Əbülfəz Elçibəy özünün, komandasının hakimiyyət haqqından müstəqillik üçün keçmədimi??

Mən hələ siyasi məhbusların azadlığını istəyən onların içərisində Azərbaycanı sevməyən nə qədərinin olduğunu da demirəm.

İntiqamın, Xədicənin, Leylanın köynəyini geyən neçələri pasportlarında Dağlıq Qarabağ vizası gəzdirir?? Fərqindəsinizmi?? Ramil Səfərov ekstradisiya olunarkən onların əksəriyyətinin – həm də qurumaların – mövqeyini unutdunuzmu? Mübariz İbrahimova görə bəyanatları xatırlayırsınızmı??

Bir də istərdim onu xatırlayasınız ki, bunlardan ayrılsaq, Azərbaycanın 20 faizini işğal edən Rusiya ac canavar kimi gözünü bizə dikib.

Mən millətindən, dinindən asılı olmayaraq AZADLIĞI dəyər kimi yaşadanların hamısının qarşısında baş əyirəm.

Lakin fərdlərin azadlığı üzərində spekulyasiya edib müstəqilliyimizi yıpratmaq istəyənlərə qarşı amansızam. Qoy, o bəyanata görə məni fərdlər bağışlamasın, mən zatən dəyərləri müdafiə edirəm, fərdləri yox. Vətən bağışlamasa, ruhumuz da buralardan qaçaq düşəcək. Bu gün məni başa düşməyənləri də özümə və yoluma düşmən bilmirəm. Onlar da vətənə sevgilərini belə ifadə edirlər. Onlar üçün Vətən sevgisi özlərinin və yaxınlarının hüquqlarından başlayırsa, mənim üçün Vətən sevgisi mənim hüquqlarımdan keçə bildiyim yerdən başlayır. Bir gün gələcək hamı Vətəni hüquqlarından keçə bildiyi yerdən sevə biləcək. Onda Vətən istiqlalı, milli məfkurə təhlükə altında olmayacaq. Mən, sən, övladlarımız bu ölkəyə demokratiyanı mütləq gətirəcəyik, istiqlali isə gətirməyimiz böyük şübhə doğurur. Mənə də cinayətkar deyin, məni də həbs edin, hüquqlarımı məhdudlaşdırın, haqlarımı əlimdən alın, amma Azərbaycan istiqlalına təhlükə olacaq mövqeləri sərgiləməyin. Qoyun, Avropanın yanında olaq, ora getməyən iqtidarı məcbur edək, daha Avropanı da məcbur etməyək ki, bizi yanınızda saxlamayın. Haqqımızdan, hüququmuzdan keçək ki, Vətənin haqqı-hüququ verilsin.

Ən sonda…

Rəsulzadə yazırdı: “Belçikalılara: yanmaq, dağılmaq, ölmək, qərq olmaq, amansız düşmənin rəhimsiz həmlələrinə məruz qalmaq – bunlar hamısı məmləkəti, müdafiəsiz düşmənə təslim etməkdən uludur. Bu kiçik qitəli, fəqət böyük qəlbli millətin iştə düsturu budur: “Vətən yolunda ölmək var, dönmək yoxdur!”


P.S.

Mən siyasi məhbus olsaydım, beynəlxalq strukturlara bir müraciət göndərərdim – mənim haqqım üzərindən millətimin və dövlətimin haqqına girməyin.


P.S.S

. İqtidarlar nə qədər pis olsa da Avropa siyasi coğrafiyasını biz çoxdan haqq etmişik. Yanımızda olun ki, səsimizi zorla başqa yerdən eşidilməyə məcbur etməsinlər. Vətən təhlükədə olarkən hamımız bir olmağı bacarmalıyıq. Bu gün Avropa oyunları deyil, Azərbaycan uğrunda oyunlar gedir. Bu oyunlarda hüquqlarından keçənlərin haqqını Vətən mütləq verəcək (Musavat.com).

Ana səhifəXəbərlərSiyasi məhbus olsaydım… – İqbal Ağazadə yazdı