“Siyasi məhbus məsələsini birbaşa Azərbaycan hökuməti ilə danışmışıq”

Səfir Paskal Mönye düşünür ki, rəsmi Bakı onların dostcasına dediklərini də, digər təşkilatların aqressiv şəkildə olan qeydlərini də eşidir

Source:


Səfir Paskal Mönye düşünür ki, rəsmi Bakı onların dostcasına dediklərini də, digər təşkilatların aqressiv şəkildə olan qeydlərini də eşidir

“Riqa Sammitinin yekun bəyanatında Azərbaycanın adı Belarus və Ermənistanla yanaşı çəkilsə də, siyasi məhbusların sayı baxımdan rəsmi Bakı hər iki respublikanı qabaqlayır. Bu gün Fransa Ali Legion Ordeninin mükafatçısı Leyla Yunus və doğum günü olan Xədicə İsmayıl həbsdədirlər. Bu mənada Fransanın Azərbaycanda siyasi məhbus məsələsinə münasibətini bilmək istərdik”.

Bu sualı Meydan TV-in əməkdaşı mayın 27-də Fransanın Azərbaycandakı səfiri Paskal Mönyenin bir qrup jurnalistlə görüşündə səsləndirib.

Səfir Mönye bildirib ki, ötən ilin mayında Leyla Yunus və Xədicə İsmayıl sizin kimi səfirlikdə idilər və prezident Fransua Ollandla görüş keçirirdilər: “Məlum həbslərdən sonra adlarını çəkdikləriniz və digərləri barəsində olan müzakirələr hər siyasi kontakt zamanı gündəmə gəlib. Bunu açıq mətbuata yox, Azərbaycan hökuməti ilə birbaşa danışmışıq. Çünki bunun daha effektiv ola biləcəyini hesab etmişik”.

Səfir deyib ki, Azərbaycan bir çox irimiqyaslı tədbirlər həyata keçirir, yəni ölkəniz diqqəti özünə cəlb etmək niyyətindədir: “Düşünürəm ki, Azərbaycan hökuməti imicini yaxşılaşdırmaq üçün belə tədbirlər keçirir. Son 10 ildə ölkəniz nələrə nail olduğunu göstərmək istəyir. İnanın ki, Bakıya hər gələn paytaxtınıza valeh olur. Amma mən bilirsiniz telekanalların birinə müsahibəmdə nə demişdim? Bildirmişdim ki, diqqəti özünə cəlb edən gərək mükəmməl olsun, Təsəvvür edin ki, mən belə formada (qalstukunu əyib arxaya atır) telekanala müsahibə verirəm, hamı mənim qalstukuma baxacaq, heç kəs demək istədiyim mesaja diqqət ayırmayacaq. Düşünürəm ki, Azərbaycan hökuməti bizim dostcasına dediklərimizi də, digər təşkilatların aqressiv şəkildə olan qeydlərini də eşidir. Bu gün də prezident Əliyev diplomatik korpus qarşısında bildirmişdi ki, Azərbaycanın demokratiya sahəsində öhdəlikləri vardır və bunlar yerinə yetiriləcək”.

Səfir Azərbaycan XİN-in ölkəsinə etiraz notasına da aydınlıq gətirərək deyib ki, Fransa Senatının Azərbaycanda Dostluq Qrupunun rəhbəri Natali Qule Fransa hökumətinə Qarabağ separatçılarının lideri Bako Saakyanın bu yaxınlarda ölkəyə səfəri zamanı bir sıra Fransa şəhərlərinin merlərinin onunla imzaladığı sazişlərin qanuniliyini araşdırmaq çağırışı ilə müraciət edib: “Mən XİN-in notası barədə ölkəmi məlumatlandırmışam. Bilirsiniz, Fransa separatizmi təşviq etmir və Azərbaycanın narahatlığına anlayış göstərir. Eyni zamanda, Fransa hökuməti ayrı-ayrı insanlar arasında əlaqələrin qarşısını ala bilməz”.

Ana səhifəXəbərlər“Siyasi məhbus məsələsini birbaşa Azərbaycan hökuməti ilə danışmışıq”