Siyasi məhbus ailələri Toliki məhkəməyə verməyə hazırlaşır

Siyasi məhbus. Foto: Pictrider/shutterstock

Onların hüquqlarını vəkil Zibeydə Sadıqova müdafiə edəcək

Siyasi məhbus ailələri Tolik kimi tanınan aparıcı Tarix Əliyevi məhkəməyə verməyə hazırlaşır.

Bu barədə jurnalist Arzu Abdulla öz “Facebook” səhifəsində yazıb.

Aparıcı Tarix Əliyev bu yaxınlarda “Tiktok” sosial şəbəkəsində canlı yayımlardan birində beynəxalq təşkilatlar və hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin ailələrini təhqir edib, onlar haqda qeyri-etik ifadələrdən istifadə edib. 

Bu da öz növbəsində ictimai müzakirələrə və siyasi məhbus kimi tanınan şəxslərin ailələrinin narazılığına səbəb olub.

Arzu Abdulla həm də yazır ki, məhbus ailələrinin hüquqlarını vəkil Zibeydə Sadıqova müdafiə edəcək.

“Tolik kimi tanınan aparıcı Tarix Əliyevlə bağlı məhbus ailələri adından məhkəməyə müraciət etmək qərarına gəldik. Bu prosesdə məhbus ailələrinin hüquqlarını vəkil Zibeyda Sadiqova müdafiə edəcək”.

Məlumatı vəkil Zibeydə Sadıqova da Meydan TV-yə təsdiqləyib. Onun sözlərinə görə, artıq bu işlə bağlı 15 ailə ona müraciət edib. Ancaq vəkil deyir ki, məhkəməyə baş vurmazdan əvvəl bu məsələnin araşdırılması üçün müvafiq qurumlara müraciət edilməlidir.

“ Artıq 15 ailə mənə müraciət edib. Amma bu məsələnin sosial ədavət yaratdığını nəzərə alaraq əvvəlcə müvafiq qurumlara müraciət edilməlidir ki, araşdırılsın. Mən həmin ailələrə hüquqi yardım göstərəcəyəm”, – Zibeydə Sadıqova belə deyib.

Ana səhifəSiyasətSiyasi məhbus ailələri Toliki məhkəməyə verməyə hazırlaşır