Siyasi elitanın Qərblə əməkdaşlıqdan başqa yolu yoxdur

Lakin avro-atlantik məkana inteqrasiya demokratik islahatları zəruri edir

Source:


Lakin avro-atlantik məkana inteqrasiya demokratik islahatları zəruri edir

Azərbaycan Rusiya ilə niyə yaxınlaşır? İqtidarda bu qədər riskli yaxınlaşmanın verə biləcəyi fəsadı təhlil edəcək texnoloq yoxdurmu? Axı, Qarabağın azadlığı da, ilk növbədə, Moskva ilə məsafə saxlamaqdan keçir. Bu gün işğal altında olan Dağlıq Qarabağda rus qoşunları mövcuddur. Bu amil Azərbaycanın Rusiya tərəfindən işğalına yol aça biləcək mahiyyət kəsb edir. Rusların bu planının qarşısını almaqda önəmli rol Dağlıq Qarabağa NATO qoşunlarının yeridilməsindən keçir.

Qeyd edək ki, Vaşinqton strateji bölgə olan Azərbaycana nəzarəti ələ keçirmək planına çoxdan malikdir. İranla ciddi problemlər, habelə İraq və Əfqanıstana qoşunların göndərilməsi baxımından Azərbaycan kimi platsdarma Vaşinqtonun ehtiyacı var. Onu da vurğulayaq ki, Rusiya 2008-ci ilin avqustunda Gürcüstana qoşun yeridərkən, Cənubi Qafqaz uğrunda Vaşinqton və Moskvanın qarşıdurması açıq müstəviyə keçdi. Digər tərəfdən, Ermənistanda, Gürcüstanın işğal olunmuş ərazilərində – Abxaziya və Cənubi Osetiyada, habelə Dağlıq Qarabağda rus qoşunları mövcuddur. Bu amil də ABŞ-ın Azərbaycanda hərbi bazalara sahib olmasını zəruri edən faktlar sırasındadır.

Lakin ABŞ Azərbaycana qoşun yeridə bilməkdən ötrü Qərbdə də ictimai rəy yaratmaq zorundadır. Əlbəttə, bu addım daha çox geosiyasi amillərlə bağlı olsa da, bir maraqlı məqama da diqqət çəkmək lazım gəlir. Onu da unutmaq olmaz ki, ABŞ Azərbaycana çoxmilyonlu yatırımlar qoyub, ölkə Vaşinqtonun enerji layihələrində iştirak edir, geosiyasi amillərlə yanaşı, bu iqtisadi faktor da təhlükəsizliyin zəmanətçisi kimi ABŞ qoşunlarının Azərbaycanda mövcudluğunu zəruri edən amillər sırasındadır.

Daha bir mühüm amil yuxarıda qeyd etdiyimiz kimi, 2008-ci ilin avqustunda baş verən hadisələr idi. Rusların Gürcüstanı az qala işğal etməsi göstərdi ki, nə Tiflis, nə Bakı öz təhlükəsizliyini müstəqil şəkildə həyata keçirməyə qadir deyil. Bu baxımdan rəsmi Bakı və Tiflis bu məsələdə seçim etməyə məhkumdur. Düzdür, Azərbaycanda xarici hərbi birləşmələrin olması məsələsi qanunvericilik səviyyəsində həll olunmalıdır. Lakin Amerika əsgərləri ilkin mərhələdə müvəqqəti olaraq Azərbaycana gələ bilərlər, növbəti etapda isə bu məsələnin qanunverici həllini tapmaq mümkündür.

Xatırladaq ki, yaxın günlərdə Azərbaycanda parlament seçkiləri keçiriləcək. Odur ki, Qərb üçün seçkilərdə “beşinci kolon”un uğur qazanmasının qarşısını almaq son dərəcə mühümdür. Cənubi Qafqazda Amerikanın hərbi mövcudluğuna nail olmaq həyati məsələyə çevrilib. Yaxın Şərqdəki son proseslər, İran, Əfqanıstan, İraq problemləri, Rusiyanın Azərbaycan və Gürcüstana hərbi müdaxilə təhdidləri də ABŞ qoşunlarının ölkəmizə gəlişini xeyli dərəcədə aktual edir. Lakin bu məsələdə rəsmi Bakının razılığının alınması problematik görünür. Azərbaycan hakimiyyətinin belə bir qərara razılıq verməsi, Tehran və Moskvanın qəzəbinə səbəb ola bilər, odur ki, Bakıya Vaşinqton tərəfindən kompensasiya ödənməlidir.

Görünür, son zamanlar Azərbaycan hakimiyyətinə qarşı artan təzyiqlər də məhz bu amillə bağlıdır. Əks təqdirdə, Azərbaycanda milli demokratik inqilab nəticəsində iqtidara gələcək Qərbyönlü siyasi qüvvələr bu məsələdə mühüm rol oynaya bilərlər. Bir sözlə, rəsmi Bakıya imtina edə bilməyəcəyi təklif olunub.

Azərbaycana yeridiləcək ABŞ qoşunları isə Xəzər dənizində (Rusiya, İran və Türkmənistanla sərhəddə), Dağıstanla sərhəddə, Cənub bölgəsində və xüsusən də Rusiyanın hərbi nəzarətində olan işğal edilmiş Qarabağ ərazilərində yerləşdirilə bilər. Son məlumatların təhlili onu deməyə əsas verir ki, ABŞ qoşunlarının Azərbaycana yeridilməsi artıq Vaşinqton üçün həll olunmuş məsələ sayılır və bunu hansı hakimiyyətin edəcəyinin elə də fərqi yoxdur.

Digər tərəfdən, Qərb Azərbaycan siyasi hakimiyyətinin üz tutduğu “xilas kəməri”dir. Rusiya ilə əməkdaşlıq isə təhlükəlidir. Biznes fəaliyyəti qurmaq üçün də yararlı deyil. İstənilən anda milyonlarla vəsait bata bilər. Etibarlılıq baxımından, Kreml yaxşı müttəfiq deyil. Moskva ilə əməkdaşlıq edən siyasi liderlər son anada asanlıqla qurban verilə bilərlər. Tarixdə yüzlərlə belə fakt mövcuddur. Bunu Azərbaycan hakimiyyəti də anlayır. Siyasi elitanın Qərblə əməkdaşlıqdan başqa yolu yoxdur. Lakin avro-atlantik məkana inteqrasiya demokratik islahatları zəruri edir. Siyasi məhbus probleminin həlli, azad toplaşmaq və ifadə azadlığının təmin olunması, demokratik seçkilər iqtidara müsbət gələcək vəd etmir. Birmənalı şəkildə Rusiyaya meyllənmək də qorxuludur. Kremlin tələbləri olduqca böyükdür və “şimal qonşusu” ilə həddən ziyadə yaxınlıq müstəqilliyin itirilməsi ilə sonuclana bilər.

Göründüyü kimi, rəsmi Bakı iki od arasında qalıb.

Elə bu fürsətdən istifadə edən Rusiya hakimiyyətdə yerləşdirdiyi “beşinci kolon”un vasitəsi ilə öz ambisiyalarını gerçəkləşdirmək niyyətini gizlətmir.

Rusiya anti-ABŞ isteriyasından istifadə edərək, Azərbaycana hərbi müdaxilə də edə bilər. Belə bir plan gerçəkləşərsə, Kreml siyasi hakimiyyətə özünün vassalını da gətirməkdən vaz keçməz.

Rusiya ilə yaxınlıq təhlükəlidir. Azərbaycan kimi kiçik ölkələr üçün “açıq qapı” diplomatiyası da yolverilməzdir.

Bakı Qərblə əməkdaşlıq yolunu seçməyə məhkumdur.

Bu ölkənin və siyasi elitanın təhlükəsizliyi baxımından ən düzgün seçim olardı. Demokratik seçkilər yolu ilə iqtidardan getmək də qorxulu deyil. Seçki yolu ilə hakimiyyətdən gedən qüvvə, seçki yolu ilə də təkrar iqtidara qayıda bilir.

Qərbin Bakıya təklif etdiyi model məmurlarımızın yalnız biznes maraqlarının təminatı demək deyil, eyni zamanda onların siyasi gələcəyini və şəxsi təhlükəsizliklərini sığortalamış olur.

Anti-Qərb isteriyası ona gətirib çıxarda bilər ki, Rusiya açıq şəkildə proseslərə müdaxilə edə və hakimiyyəti dəyişə bilər. Rəsmi Bakının arxasında Vaşinqton dayanmasa bu planın gerçəkləşməsinə heç nə mane ola bilməz. Qərb əleyhinə çıxışlar yalnız ölkənin strateji kursuna zərbə vurmur. Eyni zamanda iqtidarlı-müxalifətli cəmiyyətin məhv olmasına şərait yaradır.

Bir sözlə, Rusiya ilə yaxınlıq hər baxımdan təhlükəlidir…

Ana səhifəXəbərlərSiyasi elitanın Qərblə əməkdaşlıqdan başqa yolu yoxdur