İran və Azərbaycan prezidentlərinin birgə mətbuat konfransında səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb
Azərbaycan və İran prezidentlərinin 23 fevral tarixli mətbuat konfransı media və sosial şəbəkələrin müzakirə predmetinə çevrilib. Xüsusilə İran prezidenti Həsən Ruhaninin Azərbaycanın ərazilərinin işğal olunması barədə danışmaması diqqət çəkib. Prezident yalnız “regional münaqişələr sülh yolu ilə həll olunmalıdır” – deyə açıqlama verib. Ancaq Azərbaycan Səudiyyə Ərəbistanının Suriya məsələsində yaratdığı “İslam koalisiyası”na üzv olmamaqla İranın və Rusiyanın mövqeyinə dolayısıyla dəstək vermiş oldu.
Elxan Şahinoğlu: “Azərbaycanla Ermənistan arasında İranı qazanmaq uğrunda bir yarış başlayıb”
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Elxan Şahinoğlu hesab edir ki, İran üzərindən sanksiyalar götürüldükdən sonra Bakı da Tehranla əməkdaşlıqda maraqlıdır: “Hətta bölgə ölkələrindən Azərbaycanla Ermənistan arasında İranı qazanmaq uğrunda bir yarış başlayıb. Birinci məsələ, şimal-cənub dəhlizidir ki, Azərbaycan dəmir yolunun öz ərazisindən keçməsini, Rusiya ilə ticarətin burdan edilməsini istəyir. Ermənistan da buna iddialıdır. Amma Azərbaycan ön plandadır. Çünki dəmir yolunun İran sərhədinə çəkilişi ilin sonuna qədər bitəcək və Həsən Ruhani də öz tərəflərindən iş görəcəklərini dedi. Halbuki, Ermənistan seçilsə, çox bahalı layihə olacaq. İkinci məsələ İran qazının Gürcüstana çatdırılmasıdır ki, İrəvan bunda çox maraqlıdır və Tehranın da onlara dəstək verməsi barədə xəbərlər var. Ancaq Əliyevlə Ruhaninin mətbuat konfransında bu məsələyə də aydınlıq gətirilmədi”.
Şahinoğlu düşünür ki, Xəzər məsələsində prezidentlər əməkdaşlıqda maraqlı olsalar da, ciddi fikir ayrılığı var: “Azərbaycanla İranın Xəzərin statusu ilə bağlı mövqeyi diametral fərqlidir. İkincisi də, Tehran “Alov” yatağına iddialıdır və Azərbaycanın bp şirkətiylə bu yatağı birgə işlətməsinə imkan vermir. Bu məsələlər həll olunsa, Tehranla Bakı Xəzərdə enerji resurslarının istismarında birgə işləyə bilərlər”.
Siyasi şərhçi deyir ki, Həsən Ruhaninin mətbuat konfransında bircə dəfə də Dağlıq Qarabağın Azərbaycanın ərazisi ölduğunu deməməsi Tehranın bu məsələdə ikibaşlı siyasət apardığını göstərir: “Bir tərəfdən sözdə, İslam Konfransında Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayır, amma əməldə Ermənistanla çox sıx iqtisadi-siyasi əlaqələri gücləndirir. Hətta bugünlərdə İrəvana hərbi nümayəndə heyəti də göndərmişdilər. Əgər qonşu dövlət Azərbaycanın ərazi bütövlüyünü vurğulamırsa, deməli, Bakının Tehranla strateji əməkdaşlığı genişləndirməsi problematikdir. Biz İranla iqtisadi əlaqələrin genişləndirilməsindən danışacağıq, o tərəfdən İran Ermənistanla hərbi əməkdaşlığı gücləndirəcəksə, onda bizim bu dövlətlə iqtisadi əməkdaşlığımızı genişləndirmək imkanlarımız o qədər böyük olmayacaq”.
Ekspert Əliyevin Həsən Ruhani və dini lider Xamneyilə Suriya məsələsini də müəyyən qədər müzakirə etdiklərini xatırladaraq dedi ki, Bakı bu olayda neytral mövqe tutmağa çalışır: “Çünki İlham Əliyev Araz Əzimov kimi Əsədin legitimliyindən danışmadı, sadəcə, başqa ölkələrin Suriyanın daxili işlərinə qarışmasının düzgün olmadığını, xaqlın özünün qərar verməsini vurğaladı. Əgər Azərbaycan “İslam koalisiyası”nın üzvü olsa, İran və Rusiyayla münasibətlər gərginləşəcək. Amma İlham Əliyev Suriya məsələsində İran və Rusiya mövqeyindən də çıxış etmir. Bu baxımdan Əliyevin ABŞ-la Rusiyanın Suriya məsələsində atəşkəsi alqışlaması müsbətdir”.
Elxan Şahinoğlu Həsən Ruhaninin “üçüncü tərəfin münasibətlərimizə müdaxilə etməyinə imkan verməyəcəyik” fikrini belə izah etdi: “Eyni fikri ali dini lider Xamneyi də səsləndirdi. Məncə, onlar daha çox radikal sələfiləri nəzərdə tuturdular. Çünki İran sələfilərin regionda fəallaşmasından çox narahatdır. Kobud desək, İran Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığından narahatdır. Amma Səudiyyə Ərəbistanı İrandan fərqli olaraq Qarabağ məsələsində Azərbaycanı açıq şəkildə dəstəkləyir və Ermənistanla heç bir diplomatik münasibətləri yoxdur. Ona görə Bakının Səudiyyə Ərəbistanına qarşı Tehranla əməkdaşlığa gedəcəyinə inanmıram, çünki münasibətləri korlayar. Bir məqam xüsusilə vurğulanmalıdır. Əliyevin ali dini liderlə görüşündə məzhəb məsələsi tez-tez səslənirdi. Əslində, məzhəb amilinin ön plana çəkilməsi hər bir tərəfin fərqli maraqlarından irəli gəlir. Məsələn, prezident Əliyevin Azərbaycanın şiə məzhəbində olmasını vurğulamaqla Tehranın Qarabağ məsələsində sözdə deyil, əməldə dəstəyini göstərməsini istəyir. Ali dini liderin isə bunu ön plana çıxartması bütün məsələlərdə Bakının Tehranın maraqlarını nəzərə almasını istəməsindən doğur. Bütün hallarda Dağlıq Qarabağ məsələsində İranın mövqeyi dəyişməyəcəksə, digər məsələlərdə iki dövlətin əlaqələrində sıçrayış gözləmək problematikdir”.
“Tehran ehtiyatlı davranır”
Siyasi şərhçi İlqar Vəlizadə hesab edir ki, İranın bəyanatlarında, səfirlərinin açıqlamalarında Azərbaycanın ərazi bütövlüyü haqda fikirlər səsləndirilib. Ancaq prezident Ruhaninin bu barədə danışmaması Tehranın ehtiyatlı davranışından xəbər verir: “Səbəb də İranın Ermənistanda olan maraqlarındadır. Bilirsiniz, bu, İran diplomatiyasının bariz nümunəsidir, yəni rəsmi mövqe ilə əməl həmişə fərqlənir”.
“Niyə Azərbaycan Suriya məsələsində Səudiyyə Ərəbistanıyla Türkiyəni müdafiə etməlidir?”
Siyasi şərhçi Zərdüşt Əlizadə İranın dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü İslam ölkələri Konfransında, BMT-də və digər beynəlxalq təşkilatlarda dəstəklədiyini xatırlatdı. Əlizadə prezidentlərin Dağlıq Qarabağla bağlı yox, başqa məsələlər haqda konkret danışdıqlarını dedi: “Bəlkə öz aralarında nəsə danışıblar, Azərbaycan hökumətinə lazım olanda, istədiyi məsələləri danışıqlara salır”.
Zərdüşt Əlizadə Azərbaycanın Suriyayla bağlı “İslam koalisiyası”na qoşulmaması və bunun müqabilində Tehrandan dəstək gözləməsi barədə suala sualla cavab verdi: “Niyə Azərbaycan Suriya məsələsində Səudiyyə Ərəbistanıyla Türkiyəni müdafiə etməlidir? Vaxtıyla Rusiya, indi də Türkiyə “böyük qardaş” olmalıdır? Siyasətdə “böyük qardaş” olanda nə xeyir olur ki? Hərə öz payını götürür də. Nazir müavini Araz Əzimovun məlum müsahibəsinə əyalət səviyyəsində reaksiya gülməlidi. Araz Əzimov peşəkar diplomatdır, şərqşünasdır, nə dediyini bilir. Baxır Suriyaya, hansı oyunçuların oynadığını görür. Görür ki, prezident Əsəddən başqa dövlətin bütöv qalmasını istəyən yoxdur. Əgər Azərbaycan “İslam koalisiyası”na dəvət olunursa, məqsəd bizdən sui-istifadə etməkdir. Çünki Suriyada bir millətin dövlətinin xarabalığa çevrilməsi işi gedir”.
Siyasi şərhçi “Azərbaycan bir neçə il əvvəl Suriyanın İslam Əməkdaşlıq Təşkilatından çıxarılmasına səs verdiyi halda, Araz Əzimovun Əsədi legitim hesab etməsi necə anlaşıla bilər” sualına belə cavab verdi: “İslam Əməkdaşlıq Təşkilatının əksər üzvləri Amerikanın əlaltısı olan mürtəce ərəb rejimləridir. Azərbaycanın səsi orda həlledicidi deyil. İkinci, Azərbaycan hökuməti lazım gələndə azad və demokratik dövlət qurduğunu, beynəlxalq hüquqa hörmət etdiyini deyir, amma əslində, insan hüquqlarını da, Konstitusiyanı da pozur. Onsuz da dünya siyasətində bütün dövlətlər ikili standartla hərəkət edir, bu, adi bir şeydir. Prezidentin İrana səfərinin əsas məqsədi o idi ki, bu ölkədən sanksiyalar götürülürsə, deməli, ortada milyardlarla dollar var. Azərbaycan da bundan qazanmaq istəyirsə, burda pis heç nə yoxdur. Böhranın “qapını döydüyü” zamanda kiçik bir nəfəsliyin açılması müsbətdir və buna sevinmək lazımdır. Əgər Bakı-Tehran dəmiryolu açılacaqsa, tranzitdən qazanacağıq, sabah qaz xətti də burdan keçəcəksə, daha yaxşı”.