Siyasi biseksuallıq

Nigar Köçərlinin başına gələnlər…

Source:

Son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də Nigar Köçərlinin yaşadığı olaylardır. Nigar xanıma tərəf olanlar qədər, əleyhdarları da az deyildi. Əslində isə məsələ, obyektiv yanaşsaq, çox bəsitdir. Ancaq bununla yanaşı hadisənin kökünə getdikdə bir o qədər də böyük bir mövzu ilə qarşılaşırıq.

Zərərçəkmişin sahib olduğu “Ali və Nino” kitab mağazasının daimi müştərilərindən biriyəm. Kitab almağa qərar verdiyim zaman ən əvvəl baş çəkdiyim kitab mağazası məhz “Ali və Nino”dur. Çeşid bolluğu, səliqəlilik, qiymət və s.baxımdan xeyli kitab mağazasından öndədir. Lakin iradlarım da az deyil. Ən başda isə işçilərin rusdillilərdən ibarət olması, müştəri ilə ünsiyyətdə rus dilindən istifadəyə üstünlük vermələri gəlir. Xidmət sahəsində çalışan işçinin xarici dil biliyinin olması üstünlükdür. Bakı sakinlərinin içində rusdillilərin də olması səbəbilə mağazada rus dilini bilən işçilərin çalışması da yaxşıdır.

Ancaq etnik azərbaycanlılarla (türk, talış, ləzgi – fərq etməz) ünsiyyətdə rus dilindən istifadə və ya azərbaycan dilində könülsüz olaraq danışmağa heç bir halda bəraət qazandırıla bilməz.

Dəyərli oxucu heç də zənn etməsin ki, rus dilinə və ya rusdillilərə antipatiyam var. Rus dilinin təhsildən çıxarılması və s.kimi fikirlərə də qəti qarşıyam. Rus dilini bilməliyik. Ancaq xarici dil kimi…

Qaldı, Nigar Köçərlinin şəxsinə. Nigar xanım fəaliyyətə başladığı ilk gündən siyasi məsələlərə qarışmayıb, neytral mövqe tutub. Zənn edirəm ki, bununla o həm iqtidarı qıcıqlandırmamaq, həm də müxalif oxucu kütləni müştəri kimi itirməmək üçün edib. Bir növ heç bir tərəfin ittihamları üzləşməmək üçün belə bir seçim edib. İlk başda bu uğur qazandıran addımdır, effektiv üsuldur. Lakin müəyyən zaman ötdükdə, artıq seçim etmək zərurəti ortaya çıxır. Şayəd, fərdin özü bu seçimi etməsə, artıq onun yerinə bu seçim edilmiş olur. Ancaq günün birində bu neytrallığın artıq işə yaramayacağı, “ya bizimlə, ya qarşı tərəfə” seçiminin qarşısına qoyulacağını gözləmirdi. İstənilən avtoritar idarəetmədə belədir. İdarəçilik “dalana dirəndikcə” vəziyyət biraz da kəskinləşir, yuxarı elita daha da qəddarlaşır.

Bir qədər məsələni geniş götürərək, misalı Azərbaycanın timsalında verim. Hazırki iqtidar mənsubları daima neytral siyasət yürütdüklərini, “balanslaşdırılmış siyasət” şüarının özünün xarici siyasətində prioritet olduğunu önə çəkməyə çalışırlar. Zamanında bu çox effektiv seçim idi, Azərbaycanın bir dövlət kimi xarici siyasət istiqamətinin tam müəyyənləşdirməsi üçün zaman qazandırırdı. Ancaq hazırda görürük ki, bu balans siyasəti əksinə başda iqtidar mənsubları olmaqla, bütövlükdə ölkəyə ziyan vurur.

Bu gün Cənubi Qafqaz ölkələrindən Gürcüstan Avroatlantik məkana, Ermənistan isə Gömrük İttifaqı və digər antiqərb koalisiyalarına üzv olmağa meyllənib. Kimimiz Qərb, kimimiz isə Qərb əleyhinə ola, onların siyasəti ilə razılaşa və ya razılaşmaya bilərik. Lakin hazırki durumda, Yaxın Şərqdə cərəyan edən proseslərin fonunda mövqe tutmaq vacibdir. Tək Azərbaycandır regionda istiqamət tutmayan, hələ də neytrallıqdan danışan. Hansı ki, regionda ciddi toqquşmalar baş verəcəyi halda tək qalacağıq, bunu təəssüf ki Azərbaycanın idarəsinə məsul olan şəxslər hələ də anlamır.

Əlbəttə, bütün bu iradlar Nigar xanımın haqqsız olması və polisə bəraət qazandırma üçün əsas ola bilməz. Ortada cinayət var, hüquq-mühafizə orqanlarının vəzifəsi isə bu qanunsuzluğa yol verəni tapıb ifşa etməkdir. İstər ictimai fəallar, istər hüquq müdafiəsi sahəsində çalışanlar bu işi diqqətdə saxlamalı, ictimai nəzarət formalaşdırılmalıdır.

Sonda isə bunu qeyd edə bilərəm ki, “siyasi bisexuallığın” nəticəsi, bəlkə də uzun zaman öncə seçim edərək güclünün qarşısında duranlardan daha acınacaqlı olur. İstər fərd olsun, istər dövlət…


Yazı müəllifin şəxsi mövqeyini ifadə edir

Ana səhifəMənim FikrimcəSiyasi biseksuallıq