Siyasətdə Tokayev gedişi

Yazar: Zərdüşt Əlizadə

Foto: Meydan TV

Qazaxıstanda siyasi boks döyüşü üçün müəyyən edilmiş vaxt bitib

Qazaxıstanda nə baş verir, niyə baş verir, bu sualın cavabı mürəkkəb və çoxşaxəlidir. Mediada dolaşan izahatlar təzadlı və bəzən gülüncdür. Pərdəarxası cərəyan edən hadisələrə istinad edənləri “sui-qəsd nəzəriyyəsi”nə uymaqda ittiham edirlər. Həqiqətən, Qazaxıstan böhranı barədə dəqiq fikir söyləmək üçün kifayət qədər dəlil-sübut yoxdur. Ümid qalır fərziyyə və ehtimallara.

Hər necə də olsa, hadisələrin şərhində üzdə olan danılmaz faktlara söykənərək onları qiymətləndirmək daha düzgündür.

İndi bir çox müstəsna istiqlalçı və Qərbpərəst Prezident Tokayevi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qoşunlarını Qazaxıstana dəvət etdiyinə görə qınayır. Bu dəvətin səbəbini bir çox amillə izah edirlər. Məsələn, Qazaxıstandakı oyunu əvvəlcədən Rusiya qurmuşdu və Rusiya aparırdı, münasib şərait yetişəndə, artıq hazır vəziyyətə gətirilmiş hərbi hissələri təyyarələrə yükləmək qaldı. Qazaxıstana gəlmiş KTMT sülhməramlılarını Qarabağa yerləşdirilmiş rus sülhməramlıları ilə müqayisə edənlər də tapıldı.

Bu ehtimalların müəllifləri ilə heç bir mübahisə açmaq niyyətim yoxdur, zira onların izahatında müəyyən məntiq görürəm. Eyni zamanda möhtərəm oxucumu daha bir fərziyyə üzərində düşünməyə, baş sındırmağa dəvət edirəm.

Heydər Əliyev 1993-cü ilin fevralında, hakimiyyətə gəlməzdən əvvəl, Moskvaya uçub oradakı söz sahibləri ilə özünün hakimiyyətə qayıtması məsələsini müzakirə edəndə, rus hərbçilərinə onların Qarabağda yerləşəcəklərinə söz vermişdi. Əvəzində Rusiya qocaman çekistin hakimiyyətə qayıtmasına razılığını vermişdi.

Heydər Əliyev Azərbaycanın prezidenti məqamına yiyələnəndən sonra bir daha vəziyyəti təhlil etdi və anladı ki, rus hərbçiləri qanuni yolla gəlsələr, onun mütləqi-hakim mövqeyi yoxa çıxacaq, olsa-olsa, yenə dönüb olacaq Sov.İKP dövrünün Moskvadan asılı Birinci katibi. Bu isə onun hakimiyyətinə ciddi təhlükə törədəcəkdi.

Onda Heydər Əliyev qərara aldı ki, qeyri-rəsmi, gizlicə verdiyi vədi pozsun. Sözünün arxasından qaçdı, rus qoşunlarının icazə ilə Azərbaycana gəlməsinə razılıq vermədi. Rusiya qəzəblənib Azərbaycana güclü təzyiq göstərməyə başladı. Bir tərəfdən erməni ordusu hücuma keçdi, o biri tərəfdən Rusiya Azərbaycana verdiyi qazı kəsdi.

Heydər Əliyevə bu vasitələrlə təsir etmək mümkün deyildi. Erməni qoşunları rayonları işğal etdi, əhali çöllü-biyabana dağılışdı, qazsız əhali meşələri qırmağa girişdi, lakin Heydər Əliyev Rusiyanın təzyiqinə dözdü.
Azərbaycan prezidenti Türkiyəyə uçdu, orada onu dostu və qardaşı Süleyman Dəmirəl NATO xarici işlər nazirlərinin toplantısına qatılmış ABŞ-ın dövlət katibi Uorren Kristofer ilə görüşdürdü. İki qocaman və təcrübəli siyasi canavar bir-birini gözəl anladı, Kristofer Heydər Əliyevə söz verdi ki, əgər Rusiya ilə kəllələşməkdə sona qədər davam etsə, ABŞ onun arxasında möhkəm duracaq.

Beləcə də oldu, Heydər Əliyev rus qoşunlarını Qarabağa buraxmadı, əvəzində ABŞ diplomatiyası Azərbaycanın prezidenti Heydər Əliyevi “predictable and managable” (anlaşılan və söz anlayan) siyasətçilərin siyahısına salıb onun sarıdan xatircəm oldu.

Heydər Əliyev düzmü etdi? Əlbəttə! Söz də verəndə, sözündən qaçanda da düz etdi, çünki onun mənsub olduğu siyasi zümrənin əxlaqı məhz belə davranışı qəbul edir və anlayır. Şərait ondan tələb edəndə ki, hakimiyyətə gəlmək naminə rus qoşunlarının Qarabağa gəlməsinə söz versin, bu sözü vermişdi. Şərait tələb edəndə ki, rus qoşunlarının Qarabağa gəlməsinə izn verməsin, izn verməmişdi. Bakılılar demişkən, “əcəb eləmişdi…”

Qalibləri kim mühakimə edir? Məhkəmələr də, tarix də yalnız məğlubları mühakimə edir.

Qayıdaq Qazaxıstan olaylarına. Yanvarın 5-6-da vəziyyət böhran həddinə çatmışdı. Almatıda iğtişaşlar zirvəyə qalxmış, talançılar şəhəri iflic vəziyyətinə gətirmişdilər. Güc qurumlarının rəhbərliyi kimi müdafiə edəcəkləri qərarını verməmişdilər, generalların bir hissəsi köhnə klanı qorumağa hazır idi. Tokayev qəti addım atdı: güc qurumlarına talançıları xəbərdarlıq etmədən atəşə tutmağa icazə verdi, və KTMT qoşunlarını köməyə çağırdığını elan etdi. KTMT rəhbərliyi (oxu: Putin) qoşun göndərməyə başlayanda güc qurumlarının generalları sözsüz Tokayevə tabe oldular.

İndiyədək Qazaxıstana 2 300 hərbçi gəlib. KTMT hərbçiləri iğtişaşların yatırılmasında iştirak etməyib, yalnız dövlət əhəmiyyətli obyektlərin mühafizəsi ilə məşğul olub.

KTMT qoşunlarının Qazaxıstana gəlişi informasiya fırtınası törədib: ay aman, qoymayın, Rusiya Qazaxıstanı işğal etdi, ikinci SSRİ yaradılır, əlvida müstəqillik, növbədə qalan sabiq respublikaları durur və sairə və ilaxıra.

Yanvarın 11-də Qasım-Jomərd Tokayev elan etdi ki, KTMT qoşunlarının vəzifəsi yerinə yetirilib və onlar 10 günün ərzində Qazaxıstanı tərk edəcək.

Bu xəbər Qazaxıstanın müstəqilliyinə və Yeni SSRİ qurulmasına yas saxlayanlara ağır zərbə oldu. Onlar Tokayevdən və Putindən belə hərəkəti heç gözləmirdilər.

Nolardı rus qoşunları qalardı? Nolardı tutulmamış talançılar sosial şəbəkələrdə rus işğalından ağı deyərdi? Nolardı ömründə on kitab oxumamış siyasətşünaslar avam kütləyə öz növbəti dayaz nağıllarını danışardı?

Heyhat! KTMT qoşunları Qazaxıstanı tərk edəcək, Yeni SSRİ qurulmayacaq, kəmsavad millətçilərin öncəgürmələri çin çıxmayacaq.

Bəs Tokayev KTMT qoşunlarını niyə dəvət etdi?

Sizin həqir bəndəniz iki səbəb görür:


1.Tərəddüd edən generallara açıq işarə;
2.Rusiyanın “Cənubi Ural”ı qaytarmaq cəhdinin qarşısının alınması.

Əgər birinci səbəb göz önündədirsə, ikinci səbəbi daha dərin düşünənlər və daha uzaq görənlər dərk edə bilər.

Rusiyanın Krımı işğal və ilhaq edəcəyini kim bilirdi? Heç kim. Rusiya Ukrayna hakim zümrəsinin vətəni unudaraq səfeh Maydanlar vasitəsilə hədsiz gəlir gətirən hakimiyyət uğrunda savaş apardığı bir anda fürsətdən istifadə etdi və Krımı tutdu, Ukraynadan qopartdı. Kimsə ona nəsə edə bildi? Əsla! Kim nüvə-raket silahı olan Rusiya ilə müharibəyə razı olar? Heç kim!

Rusiyada Qazaxıstanın şimal-şərq hissəsinin əbədi-əzəli rus torpaqları olması barəsində ciddi söz-söhbət aparılır. Əvvəl bu fikri yazıçı Soljenitsın səsləndirdi, sonra bu ilhaq məsələsi rus millətçilərinin əsas şüarına çevrildi, indisə yeri gəldi-gəlmədi Vladimir Jirinovski bu tələbi səsləndirir.

Əminəm ki, təcrübəli diplomat Tokayev bir an belə vətəni üçün bu təhlükənin mövcudluğunu unutmurdu. Unutmurdu və bu təhlükəni sovuşdurmaq üçün Nazarbayevin apardığı faydalı “Rusiyaya yaxınlıq” siyasətini davam etdirirdi.

Məhz bu səbəbdən Tokayev Qazaxıstanın təhlükəli anında Rusiyanı qucaqladı, ona o qədər yaxınlaşdı ki, aradakı məsafə Rusiyaya Qazaxıstanı vurmağa, işğal və ilhaq siyasəti aparmağa imkan verməsin.

Boksda buna “klinç” fəndi deyirlər. Bir təcrübəli döyüşçü digər güclü zərbə vurmaq qabiliyyətində olan döyüşçünü qucaqlayıb məsafəni yox edir ki, imkan tapıb ağır zərbə endirməsin.

Qazaxıstanda siyasi boks döyüşü üçün müəyyən edilmiş vaxt bitib. Döyüşçü Tokayev döyüşçü Putinə təşəkkür edib deyir ki, “sağ ol, döyüş qurtarıb, qovğa bitib, vəziyyət sabitləşib, gedə bilərsən”.

Bax, beləcə. Möhtərəm oxucu, hadisələri seyr və təhlil etdikdə, məncə, bu ehtimalı da nəzərə almaq yerinə düşərdi.

Ana səhifəMənim FikrimcəSiyasətdə Tokayev gedişi