Kütlə əxlaqa dəyər verən siyasətçini səfeh, uğursuz insan sayır
Binei-qədimdən bəşəriyyətin siyasi həyatında bir təməl qayda işləyir: siyasətdə əxlaqa yer yoxdur. Əxlaqa dəyər verən siyasətçi məğlubiyyətə məhkumdur.
Əxlaqsız siyasətçi əxlaqlı siyasətçiyə qalib gələndə kütlə qalibi sidqi-ürəkdən alqışlayır. Zira kütlənin gözündə əxlaqın qara qəpiklik dəyəri yoxdur. Kütlə üçün əsas meyar uğurdur. İstənilən əxlaqsızlığın hesabına əldə edilən uğur, gəlir, mənfəət və mövqe əxlaqdan daha vacibdir.
Fikir verirsinizmi, xalqımız varlanmış oğru məmura, dələduz siyasətçiyə, vətəndaşa işgəncə verərək paqonlarındakı ulduzların sayını artıran polis zabitinə, kasıb tələbəni soyan rüşvətxor müəllimə, həyatı ilə əlləşən aciz xəstəni boğan həkimə, hakimiyyətə yaltaqlıq və millətə yalan hesabına yüksəlmiş jurnalist və yazıçıya necə hörmət edir?
Məhz buna görə kütlə əxlaqa dəyər verən siyasətçini səfeh, uğursuz insan sayır. Bu qayda təkcə Azərbaycanda deyil, bütün dünyada, bütün dünya dövlətlərində işləyir. Yüz dövlətdən üçündə bəzən istisnaya rast gəlmək olar: İsveç, Norveç, Danimarka, Uruqvay, Finlandiya, İslandiya, İsveçrə… Vəssalam.
Allaha şükür ki, bunlar hələ var.
Siyasətdə qıt olan tək əxlaq deyil, həm də ağıl və məntiqdir. Mən indi Ukrayna fəlakəti ilə bağlı xeyli şərhçinin rəyini izləyirəm. Təbii ki, vicdanı olan kəs Rusiyanı, cani Putini qınayır. Bəli, məhz Putin beynəlxalq hüququ ayaqlayaraq müstəqil Ukraynaya təcavüz etmiş, abad ölkəni viranə qoymuş, milyonlarla insanın həyatına faciə gətirmişdir. Lakin bu şərhçilərdən heç biri bu fəlakətin baiskarları sırasında Maydanda meymun kimi hoppanan və qonşu qüdrətli və təhlükəli dövlətə meydan oxuyan, rus dilini yasaqlamağı tələb edən cahil və sırtıq millətçilərin adını çəkmir.
Əminliklə demək olar ki, rus və Ukrayna xalqları arasında əbədi ədavət salmaq istəyən kənar bədxahlar bu cahil və əxlaqsız siyasi fəallar qədər faydalı digər alət tapa bilməzdilər.
Kütləyə tuşlanmış siyasətdə əxlaqa, ağıla və məntiqə yer yoxdur. Əxlaqsız siyasətçi ağılı və məntiqi xalqı xilas etmək üçün deyil, vəzifə və hakimiyyət savaşında kütləni tovlamaq üçün işə salır.
Dünya dövlətlərinə nəzər salın, oradakı siyasi mənzərəni seyr edin. İstərsəniz Azərbaycandakı “seçki” tamaşalarına ağı deyin, istəsəniz 2020 il ABŞ-dakı prezident seçkilərini yada salın. Fərqi yoxdur, hər iki halda demokratiya məfhumu eynilə zorlanır.
Həqiqi uğurlu siyasətçi əxlaqa tam yad olmalıdır. Uğurlu siyasətçi xalqı hər dəfə aldadanda sevincdən gözləri yaşarmalıdır, necə ki, 2012-ci ilin fırıldaq seçkilərindən sonra Putinin gözləri Manej meydanındakı qələbə mitinqində yaşarmışdı.
Əsl siyasətçi hansı keyfiyyətlərlə lax siyasətçidən fərqlənir? Lax siyasətçi yalan danışanda duruxa bilər, gözünü qaçıra bilər, amma əsl siyasətçi yalan danışanda adamın gözünün içinə şax baxar, səsi əsla titrəməz, əksinə, dinləyənin beyninə və qəlbinə nüfuz edər. Yadınıza Putinin Ukraynaya qarşı müharibəyə başlaması xəbərini televiziya ekranlarında rus xalqına və dünyaya bildirməsi anını salın. Nə dedi? Dedi ki, müharibəyə deyil, “xüsusi əməliyyat”a başlayır, məqsədi isə Ukrayna xalqını nasizmdən xilas etməkdir.
Əsl siyasətçi kimi Putin bütün rus xalqına və rus KİV-inə müharibə sözünü işlətməyi qadağan etdi, bunun əvəzinə hamı yalnız “xüsusi əməliyyat” deməlidir! Rus ordusu itkilərə məruz qalanda bütün rus xalqına bu həqiqəti dilinə gətirməyi xüsusi qanunla qadağan etdi. Bu qanuna görə məğlubiyyət barədə məlumatı yayan insana 5 il həbs cəzası, əgər bu məlumat rus ordusuna ciddi ziyan gətiribsə, 15 il həbs cəzası kəsilə bilər. 15 il həbs!
Necə də insaflı prezidentdir! Bəşər övladı tarixi boyu o qədər sərt cəzalar icad edib ki! Məsələn, insanın paza keçirilməsi. Düzdür, rus və azəri polisləri bu cəzanın təkmilləşdirilmiş növlərindən gen-bol istifadə edirlər, ruslar məhbusların mabədinə “şvabra”, azəri polis nəfərləri butulka soxurlar, lakin Putin bu cəzanı yeni rus qanununa rəsmən salmamaqla böyük humanist olduğunu sübuta yetirdi.
Putin rus müxaliflərini şaqqalanma cəzasına da məhkum edə bilərdi, lakin etmədi.
Sadəcə onun bu cəzaları nəzərdə tutan qanunu imzalamasından sonra on minlərlə əsəbləri zəif rus vətəndaşı ölkənin hara yönəldiyini anlayaraq ilk müyəssər təyyarəyə əyləşib sevimli vətənini tərk etdi. On minlərlə rus Gürcüstana, Türkiyəyə, Ermənistana və Qazaxıstana qaçdı.
Sual yarana bilər ki, ruslar niyə Azərbaycana qaçmırlar? Görünür, yağışdan çıxıb yağmura düşmək istəmirlər. Gözəl anlayırlar ki, Vladimir Putinə ən yaxın siyasətçi İlham Əliyevdir.
Həqiqi siyasətçi üçün ən ali meyar hakimiyyətdir. Əvvəl hakimiyyət, sonra isə hakimiyyətin gətirdiyi bəhrələr: sərvət, imtiyaz, ağalıq, cəzasızlıq…
Bu ali meyarı qorumaq üçün əsl siyasətçi hakim zümrə yetişdirməlidir. Bu, əsla asan iş deyil. Hakim zümrəyə inanılmış, yoxlanmış, bərkdən-boşdan çıxmış adamlar salınırlar. Putin də, Əliyev də bu vəzifənin öhdəsindən bacarıqla gəliblər. Putinin bu fövqəladə qabiliyyətini müşahidə etmək üçün sadəcə rus kanallarının nümayiş etdirdiyi Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının iclasına baxmaq kifayət idi. Bu Şurada ölkəni qorxunc aqibətə gətirə biləcək müharibə qərarının müzakirəsi aparılırdı. Bu iclasa milyonlarla insan tamaşa etdi. Bircə nəfər tapıldımı ki, desin: “Bu iclasda azad və müdrik insanlar vətənin və xalqın taleyini müzakirə edirdi”?
Xeyr, hamı gördü ki, bu mötəbər qurumun üzvlərinin hamısı, istisnasız olaraq hamısı(!), yalnız özünü, öz vəzifə mövqeyini düşünən və güdən cılız məxluqlardır. O boyda qurumda bircə adam tapılmadı ki, desin: “Müharibə Rusiya üçün böyük təhlükədir, ölkə dağıla bilər”.
İndi Putin əsl siyasətçi kimi Ukraynanı dağıdır. Uşaq bağçalarını, doğum evlərini, xəstəxanaları, yaşayış evlərini, atom elektrik stansiyalarını atəşə tutur, bombalayır. Rusiya prezidenti gözünü qırpmadan deyir ki, bütün bu barbar hərəkətləri ukraynalılar özləri edir, öz-özlərini bombalayır, özləri özlərini öldürür.
Bax, buna deyərlər əsl siyasətçi! Bu ağ yalan axınında kim əxlaq zərrəsi tapa bilər? Heç kim!
Lakin möcüzə ondadır ki, rus xalqının əksəriyyəti bu yalanlara inanır və Putinin ardınca təkrar edir.
Həqiqi siyasətçi heç vaxt əxlaqi dəyərlər barədə düşünməməlidir, əks halda kütlənin gözündən düşər və hakimiyyətini itirə bilər. Məhz bu dəyərlərə biganəlik ucbatından indi bütün dünyanın əsl siyasətçiləri Rusiyanın Ukraynanı viranə qoymasına böyük səbr və təmkinlə tamaşa edir və öz siyasi və maliyyə gəlirlərini hesablayır. Bəli, Ukrayna virənə qalır, lakin baxın, bəh-bəh, Rusiya necə də biabır olur, amansız cəza tədbirlərinə tuş gəlir, iqtisadiyyatı, cəmiyyəti aşınıb tənəzzül edir, ölkə girdaba yuvarlanır. Necə də gözəl mənzərə! Rusiyanın rəqiblərinə heç nə etmək lazım deyil, sadəcə kənarda durub Ukraynaya “can-can” demək, pul və silah vermək və səbrlə tamaşa etmək lazımdır ki, sonda Rusiyanın sonunu görə bilsinlər.
Belə əsl siyasətçilərin öz ölkələrinə etdiklərini yüz düşmən edə bilməz, lakin gəlin etiraf edək ki, xalqa elə bu xoşdur.