Hikmət Hacızadə: “Qərb çox yavaş tərpənir, amma tərpənir”
Zahid Oruc: “Bir çox dairələr tərəfindən Azərbaycanın neytral mövqeyi qəbul edilmir”
“Rusiyadan tutumuş Çinə və Venesuelayadək amansız basqılar görürük, hökumətlər legitim fikir ayrılığını dövlətə xəyanət kimi dəyərləndirirlər. Azərbaycan kimi yerlərdə qanunlar QHT-lərin fəaliyyətini inanılmaz dərəcədə çətinləşdirir”.
“Amerikanın Səsi” radiosunun məlumatına görə, bu fikirləri ABŞ prezidenti Barak Obama sivil cəmiyyətin inkişafına həsr olunmuş çıxışında qeyd edib. ABŞ lideri avtoritar cəmiyyətlərdə müxalif fikir daşıyan insanların, fəalların məqsədyönlü şəkildə hədəf alındığını deyib. Onun sözlərinə görə, bu növ basqılarla rejimlər cəmiyyətin inkişafının qarşısını alır, onları azadlıqdan məhrum edir və insanların rifahına əngəl olurlar.
İnsan haqları və demokratiyanın ABŞ milli maraqlarının təməl prinsipləri olduğunu vurğulayan prezident Obama yalnız bu prinsipə hörmət edən ölkələrin ABŞ-la yaxın münasibətlər saxlaya biləcəyini bildirib.
“O ölkələr ki, insan haqlarına – təşkilatlanma azadlıqlarına hörmət edirlər – onlar bizim ən yaxın tərəfdaşlarımız olurlar. Bu, təsadüf deyil. Eyni zamanda o ölkələrdə ki, bu haqlar tapdanır, o cəmiyyətlərdə hiddət və ədalətsizlik hissi alovlanır ki, bu da sonda qeyri-sabitliyə yaxud ekstremizmə gətirib çıxara bilər. Odur ki, mən inanıram ki, Amerikanın sivil cəmiyyətə dəstəyi milli təhlükəsizlik məsələsidir.”
Politoloq Hikmət Hacızadə Meydan Tv-nin B.Obamanın açıqlamasının Azərbaycan hakimiyyətinin QHT sektoruna münasibətini dəyişib-dəyişməyəcəyi ilə bağlı suallarını cavablandırıb:
“Bir qərənfillə və ya bir qaranquşla bahar olmaz. Amma yəqin ki, bu, hakimiyyətin QHT-lərə münasibətinə təsir edəcək. Belə siqnallar adətən təsir göstərir. Bir siqnal, sonra bir neçə siqnal, sonra bir addım, sonra bir neçə addım. Qərb çox yavaş tərpənir, amma tərpənir. Ona görə də dərhal dəyişməyinə mən inanmıram. Amma təsir mütləq olacaq”.
Prezident İlham Əliyev bir müddət əvvəlki çıxışında bildirmişdi ki, heç bir dövlət başçısı onunla ölkədəki daxili vəziyyətlə bağlı danışmayıb. “Obamanın hazırkı çıxışı İ.Əliyevin daha öncə səsləndirdiyi məlum fikrinə bir mesaj ola bilərmi?” sualına H.Hacızadə belə cavab verib: “Yox. Ümumən ona(Obamaya.red) dünyadakı demokratiya və insan haqlarının vəziyyətini məruzə edirlər. Xüsusi nöqtələri göstərirlər ki, burada daha çox pozuntular var, bura münasibət bildirmək lazımdır. O da bunları öz məruzəsinə salır. İnanmıram ki, Obama İlham Əliyevin çıxışlarını izləyib, belə bir cavab versin. Çünki iki ölkə var, hərəsinin başında bir prezidentdir. Hərəsi öz əhvalına uyğun çıxışlar edir. Ola bilsin ki, belə bir şey var, amma dəqiq deyə bilmərəm. Bizə hərdən elə gəlir ki, ABŞ və Azərbaycan hər ikisi hansısa bir bərabərşəkilli cisimlərdir və onların arasında hansısa söz mübarizəsi gedir. Elə deyil axı. Azərbaycan kimi 200 ölkə var. Onun heç imkanı yoxdur bütün bunlara qulaq assın”.
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Simsar.az-a ABŞ prezidentinin çıxışını şərh edərkən bildirib ki, Obama ya özü, ya da köməkçilərinə tapşırmalıdır ki, Azərbaycanda QHT-lər haqqında qanun layihəsini oxusun və ona düzgün məlumat versinlər.
YAP funksionerinin sözlərinə görə, Azərbaycanda QHT-lərin fəaliyyət göstərməsi ilə bağlı kifayət qədər qanun var: “Azərbaycan dövləti digər dövlətlərdən fərqli olaraq,
QHT sektoruna dövlət büdcəsindən maliyyə ayırır. Layihələrini təqdim edən QHT-lər dövlət büdcəsindən maliyyələşib. Dünyanın hər yerində olduğu kimi, xaricdən maliyyə almaq istəyən QHT-lər şəffaflığı təmin etməlidir. İstər ABŞ-da olsun, istərsə də Azərbaycanda QHT-lər oğurluqla, gizlin yolla maliyyələşə bilməz. Onlara verilən maliyyə təqdim olunan layihəyə uyğun olmalıdır. Ən əsası QHT-lər arasında ayrıseçkilik olmamalıdır. Məsləhət görərdim ki, Obama öncə bunlarla tanış olsun, sonra istədiyi bəyanatı verə versin”.
Millət vəkili Zahid Oruc da Obamanın çıxışına münasibət bildirib. O, moderator.az-a deyib ki, ABŞ prezidentinin çıxışında Azərbaycanla bağlı məsələni qabartması, xüsusi olaraq da QHT-lər üzərində dayanmasının başlıca mənası geopolitik bir məsələdir və bu, rəsmi Bakıya qarşı bir təzyiq metodur.
Deputatın sözlərinə görə, Obamanın çıxışı qətiyyən daxili amillərlə bağlı deyil: “Çünki özlüyündə hər hansı bir problem ölkənin ümumi xarici siyasətinin fövqünə qaldırılırsa, xüsusən də burada söhbət dünyanın aparıcı dövlətlərindən gedirsə, o zaman burada mühüm bir məqsəd var. Hazırki dövrdə də Qərb dövlətlərinin Azərbaycanla bağlı münasibətlərində ikilixətt sezilməkdədir. Birincisi, müxtəlif vasitələrlə Azərbaycanı şirnikləndirib və stimullaşdırıcı addımlar atıb öz tərəflərinə çəkməkdir. İkinci xətt isə ondan ibarətdir ki, biz antiterror koalisiyasına stimullaşdırma yolu ilə qoşa bilməyəndə bunu təzyiq vasitəsi ilə həyata keçirirlər. Əminəm ki, ABŞ-ın siyasi gündəliyinin həddən artıq sıx və gərgin məsələlərlə zəngin olduğu bir vaxtda Azərbaycanla bağlı məsələləri qabardılması təsadüfi deyil. Amerika bundan sonra maksimum çalışacaq ki, Azərbayacan kəskin bir şəkildə Rusiya əleyhinə proseslərə qoşulsun”.
Z.Oruc qeyd edib ki, belə metodlarla Azərbaycanı təhdid etmək mənasızdır və Azərbaycan hansısa məsələyə görə öz xarici siyasətində korrektələr etmir:
“Əgər belə olsaydı, o zaman sentyabrın 20-də Bakıda Cənub Qaz Dəhlizinin təməli qoyulmazdı. Çünki bu geostrateji baxımdan heç də az əhəmiyyət kəsb etməyən, Rusiya və İran kimi qonşularımızı kifayət qədər qıcıqlandıracaq bir lahiyədir. Ona görə ki, bu layihənin reallaşması nəticəsində Türkmənistanın Rusiyanın təsir dairəsindən çıxarılması və maksimum miqdarda qazın bu kəmər vasitəsi ilə Avropa bazarlarına çıxarılması nəzərdə tutulur. Azərbaycan və Türkiyənin apardığı ağıllı siyasət nəticəsində Azərbaycan beynəlxalq konfliktə getmədən belə bir əhəmiyyətli layihəni reallaşdırmağa çalışır. Əgər bunu NABUKKO kimi reallaşdırmaq istəsəydilər, belə bir sənədin imzalanmasına imkan verilməyəcəkdi. Nəticədə Azərbaycanı da Rusiya ilə Qərbin konfliktinin mərkəzinə çevirəcəkdilər. O baxımdan Obamanın çıxışı müəyyən mənada Azərbaycan hökumətinə bir mesajdır ki, xarici siyasətinə müəyyən korrektələr etsin. Bununla da Azərbaycan geopolitik məsələlərdə daha sərt addımlar atsın. Burada həmçinin Azərbaycanı bu və ya digər formada mürəkkəb konfrantasiyaların mərkəzinə çəkmək niyyəti var. Bir çox dairələr tərəfindən Azərbaycanın neytral mövqeyi qəbul edilmir.”
Millət vəkili onu da deyib ki, baş nazirini birinci müavini Yaqub Eyyubovun dilindən Rusiyaya edilən sanksiyaların səmərəsizliyi ilə bağlı dediklərini Azərbaycan hökumətinin mövqeyi kimi qəbul edən dairələr nə zamansa cavab reaksiyası verməli idilər və verdilər: “Hesab edirəm ki, bu çağırış istənilən halda Azərbaycanda Qərbin siyasətindən həm razı olanları, həm narazı olan qüvvələri aktivləşdirəcək. Hətta hakimiyyət uğrunda mübarizə aparan qüvvələr bundan bəhrələməyə çalışacaqlar”.
Son dövrlərdə Azərbaycan sivil cəmiyyətə qarşı basqılar artıb.
Həbs olunanlar sırasında hüquq müdafiəçiləri Leyla və Arif Yunus, habelə, sivil cəmiyyət fəalları Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev və onlarla başqaları yer alıb. Beynəlxalq hüquq təşklilatları və Avropa qurumları İlham Əliyev hökumətini qondarma ittihamlarla həbs edilən şəxsləri dərhal azadlığa buraxmağa çağırıb. Azərbaycan hökuməti bu çağırışlara məhəl qoymur.
Mötəbər Freedom House təşkilatının prezidenti David Kramer Azərbaycanda vüsət alan basqıları “ölkə müstəqillik qazanandan bəri ən şiddətli basqılar” kimi qiymətləndirib.
Azərbaycanda sivil cəmiyyət fəalları və müxalifət üzvləri əksər hallarda narkotika, silah gəzdirmək, xuliqanlıq, vergidən yayınma və siyasətə dəxli olmayan müxtəlif ittihamlarla həbs olunurlar.