Siyasətçilər Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edir

“Körpənin ölümünün səssiz qarşılanması dəhşətlidir”

Source:

Avropa Parlamentinin vitse-prezidenti Rixard Çarneçki və Azərbaycan üzrə məruzəçisi Norika Nikolai Ermənistanın hərbi cinayətlərini pisləyən bəyanat yayıblar. Azərbaycanın Belçikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, onlar mülki şəxslərin – qadın və uşağın mənasız qətlini dayandırmağı tələb ediblər.

“Belə ağır cinayətlərə bəraət yoxdur. Biz günahkarların cəzalandırılması üçün dərhal təhqiqatın başlanmasına çağırırıq. Azərbaycanın işğal olunmuş hissəsində hərbi əməliyyatları dayandırmağı tələb edirik” – deyə bəyanatda qeyd edilir.

Sənəddə həmçinin Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb edilir.

BMT də Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyin artmasına görə narahat olub. Bu barədə brifinqdə BMT-nin mətbuat katibi Stefan Düjarrik bildirib.

O, tərəfləri hər cür hərbi hərəkətlərdən çəkinməyə və vəziyyətin sakitləşməsi, növbəti zorakılığın qarşısının alınması üçün addımlar atmağa çağırıb.

“Hamımız təhlükəsizlik vəziyyətinin pisləşməsi, eləcə də bu yaxınlarda təmas xəttində atəşkəs rejiminin pozulması faktı ilə bağlı narahatıq”.

S.Düjarrik BMT-nin iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində insanların qətlə yetirilməsi ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatını dəstəklədiyini də bildirib:

“Danışıqlar masasına ən qısa zamanda qayıdış bu həlli uzanmış və təhlükəli münaqişənin yeganə nizamlama yoludur”.

“Körpə qızın qətlə yetirilməsi böyük faciədir”, – bu sözləri isə Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex deyib.

Bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi, Avstriyanın münaqişəsinin nizamlanmasında vasitəçi kimi çıxış etmək öhdəliyi var:

“Biz kiminsə tərəfini tuta bilmərik. Əsas məqsədimiz tərəfləri bir araya gətirmək və bu məsələnin həlli yolunu tapmaqdır”.

A.Vex əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı masada ATƏT-in çoxsaylı təklifi var, amma münaqişə tərəfləri bunları özləri qəbul etməlidir:

“ATƏT hər hansı həll yolunu məcburi qaydada həyata keçirə bilməz”.

Fransa senatoru Alen Huper isə 18 aylıq körpənin həlak olmasının səssiz qarşılanmasının dəhşət olduğunu deyir.

Senator bildirib ki, 4 iyul əlamətdar gündür. Amerika Birləşmiş Ştatlarının müstəqillik günüdür. Belə bir gündə Azərbaycanın işğal olunmamış ərazisində günahsız körpə və nənəsi snayperlə qətlə yetirilib:

“Fransanın məşhur siyasətçisi və yazıçısı Andre Malğonun belə bir dahi kəlamı var. Heç nə insan həyatına bərabər tutula bilməz. Baş vermiş hadisə dəhşətdir, amma ən dəhşətlisi bu hadisənin səssiz qarşılanmasıdır. Mən şəxsən Ermənistanı yaxşı tanıyıram. Lakin bir həkim, senator kimi demək istəyirəm ki, körpə uşağın öldürülməsi dözülməz dəhşətli bir hadisədir”.

Ana səhifəXəbərlərSiyasətçilər Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edir