”Sivil Toplum Platforması” yaradıldı

Vətəndaş cəmiyyətinin aparıcı simaları birləşdi

Source:


Vətəndaş cəmiyyətinin aparıcı simaları birləşdi

Fevralın 10-da vətəndaş cəmiyyətinin tanınmış simaları, vəkillər və jurnalistlər birgə “ Sivil Toplum Platforması” yaratdıqlarını bəyan ediblər.

Meydan TV-yə bu barədə məlumat platformanın sözçüləri tərəfindən daxil olub.

Məlumatda bildirilir ki, Platforma ölkədəki mövcud problemləri diskussiya masasına çıxarmaq, ətraflı müzakirələr keçirmək və konkret nəticələr əldə etmək məqsədilə yaradılıb.

“Sivil Tolum Platforması”nın üzvləri qurumun əsanaməsini qəbul edib və ictimaiyyətə müraciət də ünvanlayıblar.

“Sivil Toplum Platforması” nın Manifestində deyilir:

“Biz, müxtəlif peşə və fəaliyyətlərin təmsilçiləri olaraq, “Sivil Toplum Platforması” nın yaradıldığını bəyan edir və çox ağır iqtisadi, sosial və siyası böhranla baş-başa qalmış bir topluma üz tuturuq:

Yaxın tariximizdə demokratik respublika quruculuğuna imza atan xalq kimi ədalətli və inkişaf etmiş cəmiyyət arzularımıza hələ də çata bilməməyimiz bizdə məyusluq hissi yaratmamalıdır. Unutmamalıyıq ki xalq və toplum olaraq, nə vaxt əl-ələ vermişiksə, ən çətin əngəlləri aşıb uğurlar qazanmışıq. Hər birimiz yaxşı bilirik ki, tarixin ən güclüləri sırasına yüksəlməyimiz də, yalnız bir toplum olaraq Azərbaycanın gələcəyinə inandığımız dövrlərdə mümkün olub. Biz mövcud potensialımıza, gücümüzə inandıqca, ölkəmizin uğurlu gələcəyə qovuşması qaçınılmazdır.

“Sivil Toplum Platforması” olaraq yenə də bu inama sahibik. Sayımızı az, resurslarımızı məhdud hesab etmirik. Bütün yurddaşlarımızın bu inamı daşıması üçün əlimizdən gələni etmək (bizim – çıxarılmalıdır) hədəfimizdir. Heç bir çətinlik və məhrumiyyət Azərbaycan övladlarını öz ölkəsinin doğru gələcəyi üçün çalışmaqdan çəkindirmir. Onlar öz inam və dönməzliyi, istedad və bacarığı ilə göstərirlər ki, təmsil etdikləri xalq demokratiyanı, rifahı çoxdan haqq edib.

Qətiyyətli gəncliyimiz, peşəkar mütəxəssislərimiz, mütərəqqi aydınlarımız, ən fərqli sahələrdə çalışan, ən müxtəlif yaş kəsimlərini təmsil edən mübariz insanlarımız yetərincədir. Onların potensialı sübut edir ki, Azərbaycan inkişaf etmiş ölkələr sırasında dayanmağı haqq edib və buna qadirdir. Bu bir möcüzə deyil, eyni yolu keçmiş xalqların təcrübəsində yaşanmış gerçəklikdir və tamamilə əlçatandır.

İndi toplumumuzun qarşısında duran əsas çağırış Azərbaycan cəmiyyətinin üzləşdiyi iqtisadi, sosial və siyası böhranı aşmaq, cəmiyyətimizi və dövlətimizi ayaqda saxlamaq, Konstitusiyamızda müəyyən olunmuş, lakin son illər sürətlə məhdudlaşdırılan təməl insan hüquq və azadlıqlarının bərpasına və qorunmasına nail olmaqdır.

Hazırki böhran ölkəni və cəmiyyətin bütün təbəqələrini əhatə edir. Milli valyutanın dəyər itirməsi, qiymətlərin bahalaşması, yüksək inflyasiya, iş yerlərinin itirilməsi, işsizliyin geniş miqyas alması, vətəndaşların həyat səviyyəsinin pisləşməsi, işgüzar fəallığın azalması, hüquq və azadlıqların hər addımda pozulması, məhkəmə sistemindəki ədalətsizliklər, vətəndaşların səsinin eşidilməməsi – ölkə qarşısında duran və həllini gözləyən problemlərin tam olmayan siyahısıdır.Təəssüf ki, problemlərin həllinə yönələn ciddi cəhdlər yoxdur və pafosla atılan sönük addımlar ümidverici nəticələrə səbəb olmayıb, imitasiya xarakterlidir.

Böhranın gələcək inkişafı ilə bağlı təhlükə aktual olaraq qalır, cəmiyyətdə həyəcanlı əhval-ruhiyyəni gücləndirir. Böhranın açıq formada özünü bir ildən çoxdur ki, göstərməsinə baxmayaraq, hökumət indiyədək ondan çıxış yolu təklif etməyib, ölkənin inkişafına dair aydın plan ortaya qoymayıb. Belə bir şəraitdə müasir çağırışları nəzərə alaraq, biz, vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, bu ölkənin vətəndaşları kimi problemlərin həlli istiqamətində səylərimizi birləşdirmək, ideyalarımızı və fəaliyyətimizi sizinlə bölüşmək qərarına gəldik.

Bu Manifesti yaymaqla vətəndaş cəmiyyəti adından ölkəmizin üzləşdiyi bütün problemlərdən çıxış yollarının tapılmasında iştirak etməyə, çətin və məsuliyyətli bir tarixi dövrdə vətəndaşların səsini duyurmağa hazır olduğumuzu nümayiş etdiririk.

“Sivil Toplum Platforması” olaraq əminik ki, ölkə qarşısında duran bütün problemlərdən bu ölkənin vətəndaşı olaraq birgə təşəbbüs və tələblərimiz sayəsində sağlam və daha az itki ilə çıxmaq mümkün olacaq.

Biz gələcəyimizə inanırıq!

Hədəfimiz azad, ədalətli və demokratik Azərbaycandır!

Toplumumuzun yaradıcı və işıqlı gücü bizi bu hədəfə çatdıracaq!

Manifesti imzamızla təsdiq edirik:

Abil Bayramov

Akif Qurbanov

Aynur İmranova

Azər Mehtiyev

Bəşir Süleymanlı

Ələsgər Məmmədli

Əsabəli Mustafayev

Əvəz Zeynallı

Fuad Həsənov

Xalid Ağaliyev

Xalid Bağırov

Kamran Mahmudov

Mehman Əliyev

Mehriban Rəhimli

Nəsimi Məmmədli

Oqtay Gülalıyev

Rövşən Ağayev

Rövşən Hacıbəyli

Ruslan İzzətli

Samir Əliyev

Samir Kazımlı

Seymur Kazımov

Şahvələd Çobanoğlu

Şəhla İsmayıl

Yalçın İmanov

Ziya Quliyev”

Platformanın sözçüləri Ələsgər Məmmədli və Akif Qurbanovdur

Ana səhifəXəbərlər”Sivil Toplum Platforması” yaradıldı