Sistem, yoxsa fərd?

Nicatın yazısından sonra

Source:


Bu günlərdə Nicat Qarayevin “ASAN xidmət, ADA Universiteti və Xaricdə Təhsil Proqramı haqqında qeydlər” yazısı çox yayıldı, çox insanlar tərəfindən oxundu və təqdir edildi. Doğrudan da bu yazı yüksək təhsilli və analitik qabiliyyətli gənc tərəfindən yazılmışdı və çox mətləblərə aydınlıq gətirirdi. Lakin onun ictimai fayda əmsalı nə qədər idi?

Fikrimcə heç nə qədər, çox təəssüf ki, buna hətta əminəm.

Niyə? Çünki müəllif, bizim olmayan cəmiyyətimizə (eynən bizim hamımızın çox uzun illər tamamilə nəticəsiz çalışmalarımız təkin) 2+2=4 kimi çox-çox sadə bir həqiqəti ayan etmək istəyirdi. Az qala neçə illlər sürmüş Mikayıl Cabbarov mübahisəsindən tutmuş, ASAN xidmət söhbətinə qədər baş verənlərin hamısı bunun bariz sübutudur. O gedəcək, bu gələcək, o keçəcək, bu gedəcək söhbətlərinin ölkədə cərəyan edən başlıca proseslərə təsiri 0,0001% ola bilər, ya olmaz.

Son aylar istehza mənbəyi olmuş Artur Rəsizadə söhbəti də bu qəbildəndir. Çox gülməli və haqlı iradlar bir kənara, amma deyəsən ki, bizdə o “Brejnev” obrazlı müəllim gedib də, yerinə kimisə, lap elə Cameronu gətir, xeyri olmayacaq, kim inanar? Deyəcəklər ki, yox e, bu cavan adamdır, bu nəsə eləməyə çalışacaq, havası başqadır və s.

İndi daha necə, hansı dillə izah etməyə çalışasan ki, sabah İsanı dirildib, gətirib bizim Səhiyyə Nazirliyinə nazir qoysan, xeyri olmayacaq. Aristoteli gətirib universitetə rektor təyin eləsən də mənası yoxdur. Son olaylarla əlaqəli isə, nəinki Zakir Həsənov, hətta tarixi zəfərlərlə zəngin Qədim Romanın müharibə allahı Marsı da göydən endirib yerə gətirsən, çox dərin mənanı ehtiva etməyəcək. Çünki onlar da (o biri dünyadan gəlmiş tam xəbərsizlər kimi) hansısa faydalı fəaliyyət göstərmək istəsələr, hökmən SİSTEM ilə üzləşəcəklər, və şübhəsiz ki, o qarşıdurmada mütləq SİSTEM qalib olacaqdır, başqa kimsə yox!

Bizim cəmiyyətdə isə insanların böyük hissəsi özünü sanki “inoplanetyan” (yadplanetli) kimi aparmaqdadır. Anlayıram ki, bu da təkamül prosesinin verdiyi töhfədir, istənilən halda sağ çıxmaq vəzifəsi.

Yeri gəlmişkən, bir qədər də sağ çıxmaq haqda. Seymur Baycan tam haqlıdır. Son üçgünlük müharibə söhbətindən 5-10 nəfər sağ çıxa bildi. Bu olay minlərlə insanın həqiqi mahiyyətini ortaya qoydu. Xüsusilə bizim “ziyalı” adlanan, yazıçı-mazıçı-şair-mirzə dəstəsinin.

Maraqlıdır ki, bunların çoxu istifadə etdikləri ksenofobik, seksist, hərdən hətta irqçi söhbətlərində yoldaş Stalinin də adını çəkirdilər. Deyirdilər ki, almanlarla müharibə vaxtı başqa söhbət ola bilməzdi. Amma çox-çox maraqlıdır ki, onlardan heç biri müharibənin ilk günlərində cəbhəyə göndərilmiş və sonra Sachsenhausen düşərgəsində dünyasını dəyişmiş baş leytinant Yakov Cuqaşvili (Stalinin böyük oğlu) haqda danışmırdılar. Sovetlərin başqa rəhbəri, SSRİ-nin növbəti baş katibi olacaq Nikita Xruşşovun oğlu, Leonid Xruşşov da o müharibədə təyyarəçi kimi iştirak etmiş, 1943-cü ildə hava döyüşlərində 25 yaşında həlak olmuşdu.

Eyni zamanda həmin o müharibə zamanı Azərbaycana rəhbərlik etmiş Mir Cəfər Bağırovun böyük oğlu Cahangir Bağırov (və ya Vladimir Bağırov) haqda da bu günlərdə bir kəlmə kəsən olmadı. Cahangir Bağırov İkinci Dünya Müharibəsində Hərbi Hava Qüvvələrində leytenant rütbəsində qırıcı təyyarəçi olaraq iştirak edib və 1943-cü ildə vuruşlarda 23 yaşında həlak olub. Atası sovet quruluşunda çox yüksək məqama sahib olmuş Nəriman Nərimanovun oğlu Nəcəf Nərimanov da bü müharibədə tağım komandiri kimi qulluq etmiş və 1943-cü ildə həlak olmuşdur. Diqqət edin ki, bunlar hələ ən ali rəhbərlikdən çəkilmiş misallardır, bizdə isə hətta orta səviyyəli məmurların övladlarının belə cəhbədə iştirakından heç bir söhbət gedə biiməz.

Belə misallar əslində, dünya tarixində çoxdur. Əlbəttə, əgər bizdə son baş vermiş üçgünlük müharibəni istisna etsək. Orada belə hallara rast gəlinə bilməzdi və təbii ki, baş vermədi.

Anlayıram ki, indi yenə hay-küy, qışqırıq başlanacaq, lütfən, bu sadəcə tarixi məlumatlar idi, vəssalam. Yuxarıda isimləri çəkilmiş fərdlər qəhrəman olsalar da, yazının başlığından göründüyü kimi ictimai quruluşda başlıca prioritet fərd deyil, sistemdir. Bizdəki oturuşmuş SİSTEM də kimlərin, hansı sosial təbəqənin müharibədə istirakçı olacağını lap öncədən müəyyənləşdirib, burada artıq şərhə ehtiyac yoxdur.

P.S. Son məlumat: Müdafiə Nazirliyi xəbər verir ki, “Müasir silah və texnika alınması üçün bu günlərdə külli miqdarda maliyyə vəsaiti ayrılacaq”. Hamını təbrik edirəm, xeyirli olsun.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəSistem, yoxsa fərd?