Bu “yox”ların içərisində boğulan kəndlilər çıxış yolu axtarır
“O vaxt öz kəndimizi su basdı, evlər tikib bizi bura köçürdülər, o gün-bu gün, əziyyətin içindəyik. Gələn gündən söz verdilər qaz xətti çəkiləcək, Sovet hökuməti dağıldı, ara qarışdı, qaz xətti çəkmək də arxa plana keçdi”.
Bunu Meydan TV-yə Neftçalanın Şirvanlı kənd sakini Teymur Babayev deyir.
“35 ildən çoxdur əziyyət çəkirik”
1980-ci illərin sonunda rayonun Kurkasa kəndini su basandan sonra rayonun qurtaracağında – Bankə qəsəbəsinin yaxınlığında yer ayrılaraq evlər tikilib.
“Qonşuluqdakı qəsəbədə qaz var, bizdə yoxdur”
Ailələr su basmış kənddən həmin evlərə köçürülüb, beləcə, Şirvan kəndi yaranıb. Ancaq sakinlər 35 ildən çoxdur ki, kənddə mavi yanacağın olmaması üzündən əziyyət çəkirlər. Teymur Babayev sözünə davam edir:
“Bankə qəsəbəsiylə aramızda 8 kilometrlik məsafə var, orda mavi yanacaq var, bizdə yoxdur. 35 ildir ki, bu kiçik kəndə qaz xətti çəkmirlər. Hər il “gələn il olacaq” deyib, əhalini yola verirlər”.
Kənddə 70-ə yaxın ailə yaşayır. Əhali yaz-yay fəsillərində maye qaz balonundan və elektrik qızdırıcılardan istifadə edir.
“Yolğunları kəsərdik, indi qadağan edilib”
Sakinlər qaz balonlarını qonşuluqdakı Bankə qəsəbəsində doldururlar. Payız və qış aylarınısa bu üsullarla yola vermək mümkün deyil:
“Əsas məşəqqətlərimiz oktyabrın əvvəllərindən başlayır. Havalar soyuyanda mütləq odun sobası yandırmalıyıq ki, evləri isidə bilək. Odunusa lapetlə alanda 120, “Kamaz”la alanda 250 manat ödəyirik. Şəxsən mən bir soyuq mövsümü başa vuranadək üç “Kamaz” maşınıyla odun almalı oluram”.
Əvvəllər əhali kənd ərazisindəki yolğun ağaclarını kəsib yandırırlarmış. Son illərdə bu da qadağan edilib, ağac kəsən kəndlilər cərimələnirlər.
“Əkin sahələrimiz susuzluqdan yanır”
Kəndin problemi bununla bitmir. Əkin sahələri susuzluqdan yanır. Teymur Babayev deyir, bir gün su olanda, beş gun olmur:
“Əhali əlini əkindən üzüb. Hərənin qapısında 3-5 heyvanı vardı, daha heyvan saxlamaq da sərf eləmir, yem bahadı, çatdırmaq olmur. Yem çatdıra bilməyən aparıb heyvanını satır. Kənddə işsizlikdir, apreldən başlayaraq balıq ovuna qadağa qoyulur, sentyabradək birtəhər ayaq üstə qalmağa çalışırıq. Gözləyirik ki, sentyabr ayı gəlsin, dənizdən balıq ovu mövsümü gəlsin, gedək, balıq tutaq, yeyək. Xalqın qeydinə qalan, maraqlanan yoxdur ki, gedib bir görək bu kənddə əhali necə yaşayır”.
İcra hakimiyyəti: “O kəndlər də qazlaşdırılacaq”
Rayonun Mayak kəndindən olan sakinlər də Meydan TV-yə mavi yanacaqğın olmamasından, bunun yaratdığı çətinliklərdən danışıb.
Neftçala Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, yaxın illərdə bir neçə kəndin qazlaşdırılması üzərində iş gedir. Həmin kəndlər arasında Mayak və Şirvanlı kəndləri də var:
“Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həmin kəndlərin də qazlaşdırılması üzrə layihələndirmə işləri aparılıb. Yaxın zamanda həmin kəndlərin də qazlaşdırılmasına başlanılacaq”,- qurumdan bildirilib.