”Şirkətlər arasında tender nazirliyin göstərişi ilə keçirilib”

Şahid: ”Nazirliyin tikinti işlərinə ayırdığı vəsaitin 35 faizi geri qaytarılırdı”

Source:


Şahid: ”Nazirliyin tikinti işlərinə ayırdığı vəsaitin 35 faizi geri qaytarılırdı”

Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Bakı Telefon Rabitə” İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynov, “Aztelekom”un rəhbəri olmuş Məhəmməd Məmmədov və daha 8 nəfərin məhkəməsi davam etdirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda şahid qismində Ramiz Quliyev ifadə verib. O, “Azərpoçt”da təmir-tikinti işləri ilə məşğul olduğunu deyib. Ramiz Quliyev bildirib ki, nazirliyin tikinti işlərinə ayırdığı vəsaitin 35 faizi geri qaytarılırdı.

“Transservis” şirkətinin rəhbəri Cəfər Namazov da ifadə verib. O bildirib ki, 2010-cu ildən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (Hazırkı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) ilə əməkdaşlığa başlayıblar:

“Bir nəfərin xahişi ilə bizim şirkət əvvəlcə poçt şöbələrinin təmiri işlərinə başladı. Sonradan “Aztelekom”la əməkdaşlıq etdik. Orada təmir-tikinti işləri üçün ayrılan pulların 35 faizini baş mühasib Oqtay Rüstəmova verirdik. Sonradan bildim ki, verdiyim pullar qanunsuzdur”.

Təqsirləndirilən şəxslərdən “Aztelekom”un baş mühasibi olmuş Oqtay Rüstəmov isə onun dediklərini təkzib edib və ondan pul almadığını deyib.

Daha sonra iclasda “Azərpoçt” MMC-nin baş direktorunun müavini Sübhan Kazımov şahid kimi ifadə verib. O deyib ki, şirkətlər arasında tenderlər nazirliyin göstərişi ilə keçirilib.

Proses dekabrın 30-da davam etdiriləcək.

Beytulla Hüseynov, foto: sosial şəbəkə

Beytulla Hüseynov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. MTN ətrafında baş verənlərdən sonra prokurorluqda cinayət işi başlanıb və B.Hüseynov da şahid kimi istintaqa cəlb olunub. Onun ifadəsindən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı araşdırmalar başlanıb.

V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

RYTN dəymiş ziyana görə 163 milyon manat dəyərində mülki iddia qaldırıb. Vergilər Nazirliyi (VN) isə təqsirləndirilən B.Vəliyevə qarşı 255 min manatlıq mülki iddia irəli sürüb.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

Ana səhifəXəbərlər”Şirkətlər arasında tender nazirliyin göstərişi ilə keçirilib”