”Şirkətin idarəçiliyi ilə bağlı heç bir göstəriş verməmişəm”

Vəkil ekspertlərin məhkəmədə dindirilmələrini istəyib

Source:
foto Meydan TV
foto Meydan TV


Vəkil ekspertlərin məhkəmədə dindirilmələrini istəyib

Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədidə yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən şəxslərin növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərdən “Global Construction” MMC-nin təsisçilərindən biri Miryusif Mahmudov bildirib ki, şirkətin idarəçiliyi ilə bağlı heç bir göstəriş verməyib:

“Cinayət işində bizi narahat edən fikirlər, sənədlər yoxdur. Şirkətin idarəçiliyi ilə bağlı heç bir göstəriş verməmişəm”.

Onun vəkili İlhamə Həsənova poliuretan məhsullarının odadavamlığını sınaqdan keçirən ekspertlərin məhkəmədə dindirilmələrini istəyib. Təqsirləndirilən şəxslərdən Uğur Bəşirovun vəkili Cavid Rzazadə isə təkrar ekspertizanın keçirilməsini istəyib.

Hakim vəsatətləri təmin etməyib. Bildirib ki, ekspert rəyinə əsasən, sözügedən binanın yanması nəticəsində ümumilikdə 2 milyon 951 min manat ziyan dəyib.

İclasda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyi elan edilib. Rəydə qeyd edilib ki, yanğının mənbəyi binaya bitişik yerləşən qeyri-yaşayış sahəsinin damının üstündə yerləşib. Yanğının səbəb isə zibil tullantılarının alışması və yanğının binanın üzlük materialına keçib olub.

Proses dekabrın 13-də davam edəcək.

2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçilərindən biri Mahmudov Miryusif Mircəfər oğlu, “Qlobal Stone” MMC-in keçmiş sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

Ana səhifəXəbərlər”Şirkətin idarəçiliyi ilə bağlı heç bir göstəriş verməmişəm”