Şirkət rəbəri: Binəqədidə binada baş verən yanğın planlaşdırılmış hadisə olub

”MTN təhlükəsizlik kameralarının yaddaş kartlarını çıxartmışdı”

Source:


”MTN təhlükəsizlik kameralarının yaddaş kartlarını çıxartmışdı”


Avqustun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə yaşayış binasında baş verən yanğında təqsirləndirilən şəxslərin işi üzrə məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, iclasda ifadə verən təqsirləndirilən şəxs Miryusif Mahmudov dostu ilə birlikdə “Global Stone” və “Global Construction” şirkətlərini təsis etdiklərini deyib: “Hadisə barədə eşidən kimi oraya getdik. Yanğın o cür güclü ola bilməzdi. Oranı görəndə halım pisləşdi. Daha sonra şirkətdən zəng edib dedilər ki, Milli Təhlükəsizlik Nazirliyindən gələnlər var. Biz də ofisə getdik. Onlar əməliyyat aparan zaman təhlükəsizlik kameralarının yaddaş kartlarını çıxartmışdılar”.

Daha sonra M. Mahmudov bildirib ki, onun şirkətində təhlükəsizlik məsələlərinə baxan Arif Əliyevdən bir müddət əvvəl MTN-nin binası qarşısında pul istəyiblər: “Arif Əliyev də onlardan soruşub ki, “verməsək, nə olacaq”, deyiblər ki, “rəhbər qarşısında şirkətiniz və material barədə pis rəy veriləcək”. Ondan sonra mayın 13-nə qədər hər gün zəng edirdilər ki, “nə oldu, biz məruzə hazırlamalıyıq, rəyi yaxşı eləyək, yoxsa pis?” Axırda məcbur olub dedim ki, “gəlsinlər, görüşək”.

Mayın 13-də MTN-in bir polkovniki, bir də mayoru ofisimizə gəldi. Həmin adamların adını lazım olsa, vəkilim məhkəməyə təqdim edə bilər. Biz Avropa Oyunlarına görə 13 milyona yaxın pul xərcləmişdik. Ona görə həmin vaxt istəniləni verə bilmirdim. Özlərinə də dedim ki, “təhdidlə olmaz, sonra dostcasına dörddə birini verərəm”. Onlar da dedilər ki, “biz də öz sözümüzü demirik”. Mayın 16-da isə Veteranlar Şurasının binası yandırıldı. Onu da biz üzləmişdik. Ona görə iki nəfəri tutmuşdular. Binəqədidə binada baş verən yanğın planlaşdırılmış hadisə olub. Məqsəd aranı qarışdırmaq, Avropa Oyunları zamanı televizorda “terror” sözünün işlənməsinə nail olmaq idi”.

Bundan sonra hakim Əfqan Hacıyev bildirib ki, təqsirləndirilən Qəzənfər Novruzov hazırda Müalicə Müəssisəsində saxlanılır. O, Q. Novruzovun məhkəməyə gətirilib-aparılmasının problem yaratdığını, buna görə Qəzənfər Novruzovun təkrar tibbi ekspertizadan keçirilməsi barədə qərar qəbul olunduğunu deyib.

Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb. Bildirilib ki, Q. Novruzovun barəsində ekspert rəyi məlum olduqdan sonra məhkəmə iclası davam etdiriləcək.

2015-ci il mayın 19-da Bakının Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən “Qlobal Stone” və “Global Constuction” MMC-nin təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib. Bundan başqa, cinayət işinə “Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Ana səhifəXəbərlərŞirkət rəbəri: Binəqədidə binada baş verən yanğın planlaşdırılmış hadisə olub