”Şirkət qarşısına çıxan evi vurub dağıdır”

Maqsud Əlizadə küçəsində nə baş verir?

Source:


Maqsud Əlizadə küçəsində nə baş verir?

“Fevralda qaynatamın evinin divarını uçurdular. dağılmış ev qaynatamgilin evidir. Ötən gecə də öz evimizin yanını qazdılar. Onsuz da qəzalı vəziyyətdə olan evimizin divarları yarıq-yarıqdır, tavan 20 santimetr aşağı sallanıb. Bu dəqiqə sizinlə danışıram, divarlardan axıb tökülən torpağın səsi qulağıma gəlir”.

Bunu Meydan TV-yə Bakıda – Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yaşayan Vüsalə Zərbəliyeva deyir. Onun sözlərinə görə, evtikmə şirkətinin divarın o tayında apardığı qazıntı işləri nəticəsində martın 25-dən 26-na keçən gecə divarlardakı çatlarda genişlənmə baş verib və hazırda da davam edir.



Şirkətlə yalnız bir ailə razılaşıb

Bir ildir ki, “Pearl Construction” MMC ərazidəki evləri söküb yerində bina tikmək istəyir. Elə bir il əvvəl şirkətin nümayəndələri bu məhəllədəki 13 ailənin qapısını döyərək mənzillərdə ölçmə işləri aparıblar. Ancaq ərazidəki evlər “Aztelekom” MMC-nin mülkiyyətində olduğu üçün şirkət sonradan danışıqları həmin MMC ilə aparıb. Evtikmə şirkətinin şərtləri ilə razılaşan yalnız bir sakin kirayəyə köçüb. Ancaq şirkət ərazidə işlərə başlamadığı üçün bir neçə aydan sonra həmin ailəni də geri qaytarıb.

“34 və 36-cı məhəllələr yerindədir. Məsələ bundadır ki, şirkət burda hündürmərtəbəli bina tikib, 13 ailəyə mənzil verib, qalan məzilləri satıb pul qazanacaq. Şərtimiz bu idi ki, tikiləcək binada bizə hazırkı mənzillərimizin yerinə bir az geniş sahə verilsin. Şirkətsə simiclik edir, razılaşmır. Sonra da dedilər, razılaşmadız, biz də sökmədik. Ancaq evimin pəncərəsinin dibində qazıntı aparılır. Ora 32-ci məhəllənin ərazisi idi, adamları zorla köçürtdülər, evlərdə adamlar ola-ola traktorları, buldozerləri qabağa verib, hamısını sökdülər. İndi mənim evim həmin məhəllədən bu tərəfə birinci ev sayılır. O məhəllədəki qazıntı işləri evimin divarlarında yarıqlar əmələ gətirib”.

Fərhad adlı bir nəfəri qabağa verirlər

Fövqəladə Hallar Nazirliyinə məlumat verilsə də, qurumdan hələ də ünvana gələn olmayıb. Martın 25-də Vüsalə xanım şirkətə zəng vurub. Əraziyə şirkətin Fərhad adlı nümayəndəsi gəlib:

“Dedim, axı siz kimsiz, bu şirkətin sahibi hanı? Niyə vətəndaşın qarşısına çıxmır? Evimi başıma uçurdur, sizi də fiqur kimi qabağa verir. Sabah bizim başımıza bir iş gəlsə, uşaqlarım daş-kəsəyin altında qalsa, buna kim cavab verəcək? Dedi: “Mənim başımın üstündə Şahin müəllim var, ondan o tərəfdə kim var, tanımıram””.

Vüsalə Zərbəliyeva deyir, divarın o tərəfindən gələn ağır texnikaların uğultusu, dağıntı səsləri uşaqlara psixoloji əzab verir.



Şirkət: Bütün təhlükəsizlik tədbirləri görülüb

“Pearl Construction” MMC-dən Meydan TV-yə bildiriblər ki, Maqsud Əlizadə küçəsindəki qəzalı tikililər pilot layihəyə düşüb. Həmin evlərin yerində hündürmərtəbəli binalar tikilməli, sakinlər binaya köçürülməlidir. Lakin sakinlər şirkət qarşısında ağır şərtlər irəli sürdüyündən ərazidəki köçürülmə baş tutmur. Şirkətdən o da bildirilib ki, ərazidə aparılan tikinti ilə əlaqədar olaraq təhlükəsizlik tədbirləri görülüb.

Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarına əsasən, Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarında qəzalı vəziyyətdə olan yaşayış binaları, məhəllələr sökülür. Yerində hündürmərtəbəli binalar inşa olunur, sakinlər həmin binalara köçürülür. Lakin bu proses tərəflər arasında narazılıqla həyata keçirilir.

Ana səhifəXəbərlər”Şirkət qarşısına çıxan evi vurub dağıdır”