“Şirkət küçəmizin girişinə darvaza qoyub, gediş-gəliş yolunu bağlayıb”

Mehdi Hüseyn küçəsi. Foto: Meydan TV

Məhkəmələr vətəndaşın şirkətə qarşı iddiasını təmin etməyib

“Şirkət tərəfindən küçəmizin giriş hissəsinə darvaza qoyulub, ərazi zəbt olunub. Deyirlər, buranı özəlləşdirib almışıq, heç kim işimizə qarışa bilməz”.

Ağsu şəhər sakini Mübariz Təhməzov Meydan TV-yə danışır ki, yaşadığı Mehdi Hüseyn küçəsi 4, dalan 2 ünvanına aid 100 metr məsafəlik küçə “Miri Grand” MMC tərəfindən 4 ildir ki, zəbt olunub.

“Dedilər, Baş Plan əhəmiyyətsiz bir şeydir”

Vətəndaşın iddiasına görə, şirkət ərazidə içkilər istehsal edən müəssisə tikməklə küçənin giriş tərəfini öz ərazisinə qatıb və darvaza qoyaraq orada yaşayanların əsas yola çıxışını bağlayıb. Mübariz Təhməzov:

“Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə etdiyim şikayətə cavab olaraq Şamaxı rayonundan Ağabala Şaqamatov adlı nümayəndə gəldi. Özünü Komitənin özəlləşdirmə ilə bağlı şöbəsinin rəisi kimi təqdim etdi. Biz ona bu ərazinin Ağsunun Baş Planında əvvəlki vəziyyətini sənəddə göstərdik. Onunsa son sözü bu oldu ki, tikinti işləri onların icazəsiylə aparılır, Baş Plan əhəmiyyətsiz bir şeydir, komitə Baş Planla işləmir, bu küçəni zavodun özəlləşməsi ilə eyni vaxtda özəlləşdirib zavodun ərazisinə verəcəklər”.

“Zəbt etdikləri ərazidən kommunikasiya xətləri keçir”

Mübariz Təhməzovun sözlərinə görə, həmin küçə ilə Ağsu şəhərinin yeni çəkilən su, kanalizasiya, telefon xətləri keçir:

“Su idarəsindən, ATS-dən bu xətlərin şəxsi ərazidən keçə bilməsiylə bağlı soruşduqda bildirdilər ki, heç bir şəxsi ərazidən xətt çəkməmişik, xətləri şəxsi ərazidən çəksəydik, onlarla müqavilə bağlayardıq. Ancaq belə bir müqavilə yoxdur, çünki kommunikasiya xətləri dövlətin balansında olan ərazidən çəkilib. Məhkəməyə müraciət etdim, Dövlət Əmlak Komitəsinin Şamaxıda yerləşən şöbəsi tələsik bir sənəd düzəltdi ki, guya küçəmiz həmin şirkətin ərazisinə aiddir. Ağsu rayonunun baş memarı Mirəli Qurbanovla görüşmüşəm, o da Ağsu şəhərinin Baş planınının Şamaxıda yerləşən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin şöbəsi tərəfindən verilən sənədlərlə pozulduğunu dəfələrlə təsdiqləyib”.

“Küçəmiz sənədlə var, faktiki isə yoxdur”

Mübariz Təhməzov deyir, qısası, indi evlərinin ünvanına aid olan küçə faktiki yoxdur. Həmin ünvanda yaşayanların alternativ küçəyə bircə çıxışı qalıb ki, vətəndaşın deməsinə görə, şirkət həmin tərəfi də alıb. Hətta tikiti işləri də aparmağa cəhd edib:

“Bu biri tərəfdə də tikinti işlərinə başlamışdılar, Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət İdarəsi və İcra Hakimiyyəti tikintini dayandırdı. Bundan sonrası necə olacaq, bilmirik”.

Məhkəmələr iddianı təmin etməyib

“Miri Grand” MMC ilə əlaqə saxlamaq mümkün olmasa da, Ağsu Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, bu iş üzrə tərəflər məhkəmədə də olublar və məhkəmə şirkətin xeyrinə Qətnamə çıxarıb:
“Bu məsələ hüquqi müstəviyə də çıxarılıb, vətəndaş şirkəti məhkəməyə verib, Ağsu məhkəməsinin Qətnaməsi də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası da şirkətin xeyrinə Qətnamələr çıxarıb”.

Mübariz Təhməzovun Meydan TV-yə göndərdiyi Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının Qətnaməsində qeyd olunub ki, vətəndaş məhkəmədə şirkətə qarşı darvazanın sökülməsi və yolun açılması tələbini qoyub. Vətəndaş tələbini mübahisəli ərazinin Ağsunun Baş Planında yol kimi göstərilməsi, vətəndaşların həmin ərazidən zəbt olunanadək həm piyada, həm də avtomobillərin gediş-gəlişi üçün istifadə olunmasıyla əsaslandırıb. Məhkəmə isə hesab edib ki, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən möhürlənmiş Daşınmaz Dövlət Əmlakının Baş Planına görə, mübahisəli yol “Miri Grand” MMC-nin istifadəsində olan ərazidə yerləşir.

Mübariz Təhməzovun yaşayış ünvanına alternativ gediş-gəliş yolu var. Üstəlik, məhkəmənin gəldiyi qənaətə görə, vətəndaş mübahisəli ərazidən əvvəllər piyadaların və avtomobillərin gediş-gəliş kimi istifadə etdiklərini də sübut edə bilməyib. Bunları əsas tutaraq vətəndaşın iddiasını təmin etməyib. Vətəndaş Ağsu Rayon Məhkəməsinin Qətnaməsindən Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verib. Ancaq şikayət təmin olunmayıb.

Ana səhifəBölgə“Şirkət küçəmizin girişinə darvaza qoyub, gediş-gəliş yolunu bağlayıb”