“Sıravi neftçinin taleyi ilə oynayırlar”

Neft daşları, Foto: Northfoto/shutterstock

“Bahar Enerji”nin əməkdaşları maaşlarını vaxtında ala bilmədiklərini deyirlər

“Ərzağın qiyməti artıb, dolanışıq çətinləşib. Çalışdığımız şirkət isə bunun nəzərə alıb, maaşları qaldırmaq əvəzinə əməkhaqqını vaxtlı vaxtında ödəmir, çox zaman isə hissə-hissə verilir”.

Bunu Meydan TV-yə işdən çıxarılma qorxusu ilə adının mətbuatda açıqlanmasını istəməyən “Bahar Enerji” Əməliyyat Şirkətinin əməkdaşları bildirib. Onların sözlərinə görə, pandemiya dövründə 20 faiz aşağı əməkhaqqı ilə müqaviləyə imza atdırıblar. İşçilərin hamısı narazı olsalar da, əvvəlki illərdə olduğu kimi hələlik kütləvi etiraz aksiyaları keçirmirlər. Çünki şürkətin yenidən ixtisar aparacağından narahatdılar.

“Neft sahəsində kütləvi ixtisarlar var, iş tapmaq günü-gündən çətinləşir. Siravi neftçinin taleyi ilə oynayırlar. Nəzərə almırlar ki, ailə başçısıyıq, kiminin evində xəstəsi, tələbəsi var. Az qala hər beş işçidən biri banklara kredit ödəyir”, – neftçilərdən biri deyib.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə bildirib ki, rəhbərlik etdiyi təşkilata “Bahar Enerji” ƏŞ ilə bağlı şikayətlər daxil olur. İşçilərin sentyabr ayı üçün əməkhaqları ödənilməyib. İşçilərə bildirilib ki, maaşlar oktyabrın 25-dən tez olmayacaq.

“Bu halın bir neçə ildən artıq davam etməsinə baxmayaraq, “Bahar Enerji”nin məsul şəxsləri hələ də cəzasızdır. Halbuki Əməliyyat Şirkəti tərəfindən Əmək Məcəlləsinin 5.1, 172.5-ci maddələri pozulur. Müvafiq qurumlar tərəfindən şirkətə Əmək Məcəlləsinin 310-cu maddəsi tədbiq olunmayıb”,-hüquq müdafiəçisi deyib.

Foto: Mirvari Qəhrəmanlının şəxsi profilindəndir

M.Qəhrəmanlı deyib ki, işçilər şirkətin bəzi sexlərində onlarla Əmək Müqaviləsi deyil, Xidməti Müqavilə bağlandığını söyləyiblər.

“Bahar Enerji” Əməliyyat Şirkəti 2010-cu ildən fəaliyyət göstərir. Şirkətin 20 faizi Dövlət Neft Şirkətinə, 80 faizi isə “Bahar Enerji Limited”ə məxsusdur. Tərəflər arasında 22 dekabr, 2009-cu ildə Saziş və 27.04.2010-cu ildə “Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi” hasilatın pay bölgüsü müqaviləsi bağlanıb. Bu müqavilə üzrə ARDNŞ tərəfdaşı kimi Virgin adalarında qeydiyyatdan keçmiş “Bahar Energy Ltd” şirkəti çıxış edir. “Bahar Enerji”-nin təsisçisi “Greenfields Petroleum Corporation” isə Kayman adalarında qeydiyyatdan keçib. Şirkətinin prezidenti Con Harkinsdır.

ARDNŞ-in mətbuat xidmətinə məsələ ilə bağl ünvanlanmış sorğu cavablandırılmayıb. Şirkətdən isə ümumiyyətlə Meydan TV-nin suallarına cavab verilmir.

Ana səhifəSosial“Sıravi neftçinin taleyi ilə oynayırlar”