Siracla Fərəcin evində… (VİDEO)

1992-ci ildən bu yataqxanada məskunlaşan ailənin iki üzvü həbsdədir. Müsavat Partiyasının üzvü Raqif Kərimli hesab edir ki, övladlarının həbsi özünün və oğlu, Müsavat başqanının müavini Fərəcin siyasi fəaliyyəti ilə bağlıdır. Hələ sovet dövründən mübarizəyə qoşulan Raqif bəy övladlarını da bu ruhda tərbiyə etdiyini deyir:

“Fərəc də, Sirac da, qızım da mitinqlərdə böyüyüblər. Elə bilin ki, bunları həyatları meydanlarda keçib. İstəyərəm ki, normal bir ölkədə, normal bir vətəndə yaşasınlar. Həyatları normal keçsin”.

 Raqif Kərimlinin fikrincə, hakimiyyətin əfv siyasəti gözdən pərdə asmaq üçündür:

“Günahı olmayan adamları ki, eləmədiyi işə görə tutmusan, onların bir cinayəti yoxdur. İnsanlara zülm verirsən, sonra da deyirsən ki,  əfv edirəm. Bu, hansı məntiqə sığır ki, günahı olmayan adama həm əzab ver, həm də de ki, əfv edirəm”.

Xaliqə Kərimova da övladlarının haqsız yerə həbs olunduğunu deyir. Fərəcin ciyərindən, Siracın isə ürək ağrılarından əziyyət çəkdiyini deyən ana həbsxanada övladlarının qayğısına qalan insanlar olduğuna inanır:

 “Sirac deyir, elə ki, mənə dedilər ki, sən Fərəcin yerinə həbs olunmusan, Allahıma şükür etdim ki, nə yaxşı ki, Fərəci birinci həbs edib, onu döyüb, bu cür əzab vermədilər. Yoxsa, Fərəc elə oradaca ölərdi. Siracın boynunun arxasında işgəncələrdən iz qalıb. Siracın boynunun dalında şiş var”.

Raqif Kərimli övladlarının külli miqdarda narkotik satma maddəsi ilə həbsini belə şərh edir:

“Birincisi, bizim yaşayış şəraitinə, ev şəraitinə, yataqxananın şəraitinə baxın. Görün, bu işlə məşğul olan adamlar belə şəraitdə yaşayır? Villaları budurmu bunların?”

 “Amnesty International” təşkilatı  narkotik maddə satışında ittiham olunaraq həbs edilən Fərəc və Sirac Kərimovları “vicdan məhbusu” elan edib.

Kərimovlar ailəsi indi övladlarının acısını nəvələrlə ovudurlar.

Ana səhifəVideoSiracla Fərəcin evində… (VİDEO)